“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 28 milyon manat ayrılıb Hadisə

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 28 milyon manat ayrılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 45 mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və digər kənd təsərrüfatı texnikası alınaraq respublikaya gətirilib.
Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilib, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılıb.
Sərəncama əsasən, taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.1-ci yarımbəndində göstərilmiş 28 milyon manat “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.