Can nənə, bir nağıl de... Hadisə

Can nənə, bir nağıl de...

Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir

Psixoloqlar deyir ki, uşaqlar artıq iki yaşından başlayaraq nağılları dərk edirlər. Nağıllar sayəsində uşaqların həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir.
Psixologiya və Konsultasiya Mərkəzinin uşaq psixoloqu Anarə Baxşəliyeva deyir ki, uşaqları ilk dəfə kitabla tanış etməmişdən öncə mütləq onu dinləmə vərdişi ilə tanış etmək lazımdır: "Bu vərdişə isə körpəni ana bətnində olarkən alışdırmaq lazımdır. Nəzərə alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən formalaşmağa başlayır, deməli, bu ayından sonra uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq gərəkdir. Mütləq ana hamiləlik vaxtı körpəsinə maraqlı nağıllar danışmalıdır, xüsusən, bunu axşam, yatmamışdan öncə etməlidir. Bir növ körpəni hazırlamalıdır". Mütəxəssisin fikrincə, ana hamiləlik vaxtı hansı saatda körpəsinə nağıl danışıb, daha sonra onu əzizləyirsə, həmin uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və idarə olunabilən olur.
Körpəlikdən valideyn uşağı gələcək həyata sağlam və düzgün şəkildə hazırlamalıdır. Uşağın gözü açılmamış onu nəyə öyrətsən, hansı vərdişə alışdırsan, elə o cür də davam edəcək. Sadəcə sonadək kənardan nəzarət etmək lazımdır. Psixoloq uşaqlarda dinləmə qabiliyyətini artırmaq üçün analara həmişə layla oxuyaraq uşağı yatızdırmağı məsləhət görür: "Uşaqlarda bu cür dinləmə qabiliyyətini formalaşdırdıqdan sonra onu kitabla birbaşa tanış etmək olar".
Layla dövrü bitdikdən sonra uşaqlarda dinləmə mədəniyyətini inkişaf etdirmək üçün nağıl danışmaq lazımdır. Bu prosesə uşaq 2 yaşında olarkən başlamaq lazımdır. Nağıl danışmaq üçün ən yaxşı məqam isə yatmazdan qabaqdır. Psixoloq deyir ki, düzgün dinləmə qabiliyyəti formalaşan uşaqlar 2 yaşından nağıl dinləmək istəyəcəklər. Bu qabiliyyət düzgün formalaşmayıbsa, uşaqlar nağıl eşitmək istəməyəcəklər. Bu da onların gələcək psixi inkişafı üçün mənfi təsir göstərəcək. Çünki uşaqların idrak fəaliyyətinin inkişafı üçün, yəni duyğusunun, qavrayışının, yaddaşının, diqqət-hafizəsinin, həmçinin təfəkkür və təxəyyülünün inkişafı üçün nağıl dinləmə və oxuma çox önəmli rol oynayır.
Psixoloq Leyla Kazımovanın dediyinə görə, nağıl uşağa gerçəkliyi anlamağa kömək edir. Həyatı, birdən-birə olduğu kimi uşaqlara göstərmək çətindir. Həm də bunun nəticəsində uşaq psixiki zədə ala bilər. Nağıllar isə onun dünyasını təkrarladığı üçün uşaq tərəfindən daha asan qavranılır: "İstənilən nağılda insanların bir-birinə və ətrafa olan münasibəti, davranışı verilir. Nağılların dili sadədir. Onu başa düşmək üçün uşaq özünü yormur. O, əylənərək eyni zamanda yeni şeylər öyrənir. Uşaq qadağaları, məsləhətləri sevmir, nağıl isə onu maraqlandıraraq düzgün düşünməyə kömək edir. Nağıllarda uşaqların diqqətini çəkən obrazlar yaradılır. Vacib informasiya isə öz-özünə mənimsənilir. Bununla yanaşı nağıllar uşaqların təxəyyülünü inkişaf etdirir. Uşaqlar bəzən özünü nağıldakı qəhrəmanın yerində hiss edir, bəzən isə özü yeni bir nağıl fikirləşir oradakı obrazları hərəkətə gətirir. O, müxtəlif hadisələr zamanı öz davranışını da fikirləşməyə başlayır".
Nağıllar vasitəsilə uşağa nəyin pis, nəyin yaxşı olduğunu izah etmək daha asandır. Uşaqda zövqün formalaşması üçün müxtəlif nağılların deyilməsi vacibdir. Psixoloq nəzərə çatdırıb ki, bu gün daha çox uşaqların intellektual səviyyəsinin yüksəldilməsinə diqqət ayrılır. Uşaqlar kiçik yaşlarından dərslər, intellektual çalışmalarla yüklənir. Amma çox kiçik yaşlarında uşaqları yükləmək olmaz. Onlar dərs oxumağa hələ hazır olmurlar. Belə ki, onların normal inkişafı üçün oynamaq, nağıllara qulaq asması vacib amildir. Balacalar mütləq bu mərhələni keçib tədricən böyüməlidirlər.
Nağıl uşağın yaşına və psixoloji inkişafına uyğun seçilməlidir. Artıq iki yaşında uşaq nağılda baş verən sadə hadisələri və obrazları yadında saxlaya bilir. Bu yaşda uşaqlar, xüsusilə də heyvanlarla bağlı nağılları dinləməyi sevir. Onlar həvəslə nağıldakı obrazların hərəkətlərini və sözlərini təkrarlayırlar. Nağıllarda təkrarlanan hadisələr daha yaxşı yadda qaldığından uşaqlar nağılların bu hissələrini xoşlayırlar. Nağıl kitablarının maraqlı və rəngli şəkillərlə tərtib olunması da nağılları daha yaddaqalan edir. Psixoloq məsləhət görür ki, valideynlər özləri nağıl danışarkən şəkil əvəzinə oyuncaqlardan istifadə edə bilərlər. Nağıl obrazı kimi oyuncaqların iştirakı uşaqların çox xoşuna gəlir.
İki və beş yaş arasında olan uşaqların təxəyyülü daha da inkişaf etdiyindən sehirli, macəralı nağıllara qulaq asa bilirlər. Lakin bu dövrdə uşaqda sehirli nağıllardakı mənfi obrazlara qarşı qorxu hissi yarana bilər. Həmsöhbətimizin dediyinə görə, valideynlər nağıl danışarkən uşaqların sevdiyi və sevmədiyi obrazlara fikir verməlidir. "Əgər uşaq hansısa bir obrazdan qorxursa, ona başqa nağıl danışmaq lazımdır. Uşaq nağıldakı hadisələri başa düşməyəndə isə ona hadisələri izah etməyə çalışılmalıdır". Leyla xanım deyir ki, bəzi valideynlər uşaqlara nağıl danışmır və bunu mənasız bir məşğuliyyət hesab edir: "Bununla da onlar uşağın normal inkişafının qarşısını alırlar. Nəticədə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi vaxtından əvvəl yanlış anlamasına, düzgün nəticə çıxarmamasına səbəb olur".
Beş və yeddi yaş arasında olan uşaqlara isə istənilən nağılları danışmaq olar. Beş yaşından başlayaraq, uşaq artıq eşitdiyi nağılları danışmağa başlayır: "Əgər uşaq bu dövrdə nağılları yadda saxlayıb danışa bilmirsə, ona nisbətən sadə nağılları danışmağa başlayın. Əgər uşaq buna baxmayaraq, sözləri deməyə çətinik çəkirsə, demək onun psixoloji inkişafında problemlər var. Bu halda mütəxəssisə müraciət etmək lazımdır".
Ekspert bildirir ki, uşaq özü oxumağı öyrənsə belə, ona nağıl danışmaq lazımdır: "Əgər uşaq bunu istəyirsə, onu nağıllardan birdən-birə ayırmayın. Nağılların birgə oxunması həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Nağıllar böyüklər və balacalar arasında münasibətin düzəlməsinə, bir-birini daha yaxşı başa düşməsinə kömək edəcək".
Psixoloq Elmir Əkbərin sözlərinə görə, nağıllar uşaqların dünya görüşünü formalaşdırır. Çünki uşaqlar yaxşı, pis xarekterləri nağıllardan öyrənərək tərbiyə alırlar.
Nağıl kitabları uşaqların həm psixoloji, həm də ictimai inkişafında əhəmiyyətli rol oynayır. Məsuliyyət sahibi olmaq, yalan danışmamaq və hadisələrdən doğru çıxmaq kimi xüsusiyyətlərin təkmilləşməsinə kömək edən hekayələr, uşaqların yaşlarına uyğun seçildiyi halda xarakterin inkişafına da doğru yöndə təsir edir. Demək olar ki, bütün uşaqlar hekayə və nağıllarla böyüyür, xəyal dünyasına çoxlu qəhrəmanlar qonaq edir və onları yuxularında görürlər. Bu xəyallar və xəyali qəhrəmanlar, o uşağın eyni zamanda xarakterinin də meydana gəlməsində böyük rol oynayır. Nağıllar uşağın zəkasını inkişaf etdirməsi, qavrama və diqqət gücünü artırması, söz ehtiyatını zənginləşdirməsi, öyrənmə istəyini və maraq hissiyatını artırması yönü ilə uşağın inkişafında əhəmiyyətli rol oynayır. Psixoloqlar bildirir ki, nağıllarla uşağın dünyasına girmək və xarakterin inkişafı dəstəkləmək olar. Uşaq nağıllarda özünü tapır. Nağıldakı xarakterlə qaynaşır, inteqrasiya olunur, ondan təsirlənir. Psixoloqlar nağılların diqqətli seçilməsini məsləhət görürlər. Çünki nağıllar uşaqların təxəyyülünü genişləndirir. "Ailələr nağıl oxumaq üçün uşaqlarına vaxt ayırmalıdır. Bu nağıllar haqqında uşaqlarla danışmalıdırlar. Nağıllar uşaqların öz dünyalarında qarşılaşdıqları çətinlikləri həll etməsinə köməkçi olub, mühakimə, məntiq, səbəb-nəticə əlaqəsi qurma bacarıqlarını təkmilləşdirir".
Ailə, hekayə və nağıllar vasitəsilə uşaqlarına çatdırmaq istədiklərini - məsələn, yaxşı ilə pis, çalışqan ilə tənbəl, məsuliyyətli ilə məsuliyyətsiz xarakterlərini uşaqlarının dünyasında canlandıraraq, hekayələr vasitəsilə çatdıra bilər. Psixoloqlar uşaqlar üçün hekayə seçimi ilə bağlı bunları təklif edir: "1-3 yaşda olanlar üçün qalın kartonlu və ya parça kitablar, şəkillərin olduğu, parlaq, uşağın diqqətini cəlb edən kitablar seçilməlidir. 3-5 yaşda uşaqların həyatın içindən olan şəkillərlə zəngin, təxəyyülü inkişaf etdirən hekayə kitabları ola bilər. 5-8 yaşlı uşaqlar üçün nağıllarda doğrunu və səhvi bir yerdə saxlayan və daha çox gerçək hekayələrdən ibarət olan bol şəkilli, uşağın diqqətini cəlb edən nağıl kitabları seçilməlidir. 8-12 yaşlı uşaqlar üçün kitabları isə uşağın istədiyi, təxəyyülü inkişaf etdirə bilən macəra, nağıl, hekayə, lətifə, şeir, tapmaca, roman və əfsanələrdən ibarət ola bilər".
Psixoloqlar deyir ki, nağıllarla uşaqlar ətraf aləmi dərk edir. Çünki hər bir nağıl insanların münasibətindən bəhs edir. Nağıl dili isə uşağa tanışdır. Uşaq məntiqi düşünmür, nağıl isə ondan məntiq tələb etmir. Uşaq məcburiyyəti sevmir, nağılın isə məqsdi öyrətməyə məcbur etmək deyil. Nağıllar uşaqlara obrazlar təqdim edir, məsələn, cırtdan, tıq-tıq xanım. Vacib informasiyaları onlar yavaş-yavaş özünküləşdirir.
Valideyinlərin əksəriyyəti isə uşaqlara nağıl oxumağa və ya izah etməyə çalışmır. Buna görə də uşaqlar ana-atayla söhbətdən, ünsiyyətdən məhrum olur. Halbuki nağıllar uşağın dünyasındakı gerçəklərə və duyğulara təsir edir. Uşaq o nağıllarda özünü tapır, özünü axtarır. Nağıl qəhrəmanlarının qarşılaşdıqları maneələri saymaqla bitməz. Uşaq özünü onların yerinə qoyarkən, öz-özlüyündə çıxış yolu axtarır. Beləcə uşağınız nağıldakı qəhrəmanlarla qorxularını paylaşıb, duyğularını dilə gətirir. Bu səbəbdən psixoloqlar uşağın fərdi inkişafında nağılların çox böyük bir əhəmiyyəti olduğunu bildirirlər. Eyni zamanda onların söz ehtiyatı daha zəngin olur. Çünki uşaqlar danışılan nağılla bağlı çoxlu sual verirlər. Bu sualların əksəriyyəti onların aktual dərdlərini ortaya qoyur. Bu yolla hətta uşağın qorxularına və ümumi problemlərinə də bir çarə tapmaq olar. Amma nağıllar qorxulu olmamalı, yaxşı bir sonluqla nəticələnməlidir.

Ülviyyə Tahirqızı