Qazandığımız müstəqilliyin qədrini bilək Hadisə

Qazandığımız müstəqilliyin qədrini bilək

Arzu Şirinova

Rusiya parlamentinin üst qurumu olan Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov Qarabağ probleminin həll edilməsi yolunda Azərbaycan qarşısına qoyulmuş əsas şərtlərdən danışıb.
O, Azərbaycanın Avravsiya İqtisadi Birliyinə üzv olmaq qərarını verəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll edilə biləcəyini deyib: "Bu elə münaqişənin həll variantıdır. Çünki hər iki ölkə eyni iqtisadi birlikdə olacaq".
Təbii ki, Cabarovun fikirləri rəsmi Kremlin mövqeyidir. Ancaq bir məsələ var, Azərbaycan elə də zəif ölkə deyil ki, kimsə ona şərtini diqtə eləsin. Azərbaycan özü şərt qoya bilər ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həllini tapdığı - Ermənistan silahlı birləşmələri işğal altındakı 20 faiz torpaqları boşaltdığı, məcburi köçkünlər öz yurdlarına qayıtdığı, ərazi bütövlüyü tam təmin olduğu - halda Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşula bilər. Ermənistanın, eləcə də Rusiyanın bu şərtə razı olacağı sual altındadır. Deməli, Azərbaycanın da məlum quruma qoşulacağı mümkünsüzdür. Qarabağın işğaldan azad olunmasının yeganə yolu hərb yoludur ki, bunun üçün Azərbaycan var gücüylə hazırlaşmalıdır.
Rusiya rəsmisinin bu fikirləri Azərbaycanın müstəqillik qazandığı tarixi bir vaxtda deməsi maraqlıdır. Çünki Azərbaycan 23 il bundan əvvəl Müstəqilliyini elan etməyib ki, bu gün kimlərinsə təhdidiylə hansısa quruma girib-özü də şərtlə və bu şərtin də qarşı tərəfdən reallaşmayacağı bəllidir - Müstəqilliyindən vaz keçsin.
Beləliklə, Milli Dirçəliş günündə bu xalq ayağa qalxaraq Topxana meşəsində qırılan ağacların davasını apardı. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarına etirazlarını bildirdi. Həmin gündən etibarən bu xalqın oyanış dövrü başladı. Haqsızlıqla barışmayacağını, torpaqlarının bir qarışından belə keçməyəcəyini bəyanladı. Ancaq bu gün həmin tarixin üstündən xətt çəkmək və unutdurmaq siyasəti aparılır...
18 oktyabr Müsəqillik Haqqında Konstitusiya aktının qəbul olunması günü isə hər bir azərbaycanlının həsrətlə gözlədiyi bir gündür. Məhz həmin gün 20 Yanvar faciəsinin acısını yaşayan bir xalq müstəqillik qazanıb. Azadlığın dadını bilib. Və bundan sonra Azərbaycanda Demokratik Cümhuriyyətin yaranmasını - 28 Mayı, illər boyu sovet imperiyasının qadağan etdiyi Hovruz bayramını, Ramazan və Qurban bayramlarını keçirməyə başlayıb. Əgər müstəqillik qazanmasaydıq təbii ki, bu bayramların heç birini qeyd etməyəcəkdik.
Dünyanın bütün xalqları özlərinin bu gününə-Müstəqillik gününə xüsusi önəm verirlər. Bu günü xüsusi təmtaraqla keçirirlər. Məsələn, Pribaltika ölkələrində bu günün öndə gedən iştirakçıları, liderləri xüsusi imtiyazlara layiq görülüblər. Onlara həm də Milli Qəhrəman kimi hörmət olunur. Bəs bizdə necədir? 18 oktyabr Müsəqillik Haqqında Konstitusiya aktının qəbul olunmasına səs verməyənlərin əksəriyyəti bu gün vəzifə sahibləridir. Bəlkə elə bunun nəticəsidir ki, onlar hər il bu günün əleyhidarları kimi yad olunduqlarından qorxurlar. Və bu günün iş günü olaraq Əmək Məcəlləsində qeyd edilməsi ürəklərincədir.

xxx

Müstəqilliyə aparan yollar heç də hamar olmayıb. 1991-ci il avqustun 21-də Moskvada QKÇP baş verdi. Azərbaycan hakimiyyəti bu dövlət çevrilişini dəstəkləsə də, Xalq Cəbhəsi buna "yox" dedi və bildirdi ki, hər şey konstitusion dəyişikliklər olmaqla həllini tapmalıdır. 18 aylıq fövqəladə vəziyyətdən sonra avqustun 23-də xalq yenidən meydanlara qayıtdı və mitinqlər başladı. Avqustun 30-da isə rəsmi dairələr müstəqillik haqqında bəyannamə imzaladılar. Sentyabrın 1-də SSRİ Ali Sovetinin sonuncu iclası keçirildi. Və Rusiyanın prezidenti seçiləndən sonra Mixail Qorboçov fəaliyyətini dayandırdı. Çünki artıq mövcud olmayan ölkənin rəhbəri kimi fəaliyyət göstərmək mümkün deyildi. Vəziyyəti belə görən Azərbaycan rəhbərliyi reallığı qiymətləndirmək məcburiyyətində qaldı. Beləliklə, 1991-ci il oktyabrın 18-də Milli Məclisdə Müstəqillik Aktı qəbul olundu. Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, bu müstəqilliyi qoruyub saxlamaq ondan da çətindir. Qazandıqlarımızın qədrini bilmək, onu qorumaq üçün bir sıra şərtlərə əməl etməliyik.

xxx

Azərbaycan təhsilində yaranmış böhran aradan qaldırılmalıdır. Böhran ona görə deyirik ki, bu gün təhsildə daha çox təhsilsizlik özünü göstərir. Bütün sahələrdə olduğu kimi təhsildə də korrupsiya və rüşvətxorluq baş alıb gedir. Bunun qarşısını almaq üçün müəllimlərə lazımi səviyyədə məvacib verilməlidir ki, o, bilik verdiyi uşağın əlinə baxmaq vərdişindən əl çəksin. Bu gün bütün sahələr üzrə yüksək ixtisaslı və keyfiyyətli biliyə malik kadrlara ehtiyac olduğu bir vaxtda, təhsilin səviyyəsinin aşağı olması yolverilməzdir. Qeyd edək ki, hələ də Azərbaycan ali məktəblərinin verdiyi diplom xarici ölkələrdə tanınmır. Bu isə ondan irəli gəlir ki, ali məktəblərdə mükəmməl bilik verilmir. Bir məsələni nəzərə almalıyıq ki, düşmənə qalib gəlmək istəyiriksə, birinci növbədə istənilən sahədə yüksək savada malik olmalı və xarici dövlətlərdə müəyyən vəzifələr tutmaq üçün yaxşıların-yaxşısına hər sahədə köməklik göstərilməlidir. Hecə ki, düşmənimiz olan ermənilər dünən də, bu gün də həmin işləri lazımı səviyyədə həyata keçirərək, bəhrəsini görürlər. Bizim bir millət olaraq tarixi kökümüz olduğu halda bütün bunlara niyə əməl etmirik? Bunun sadə bir səbəbi var-rüşvətxorluq. Məhz bu vərdiş imkan vermir ki, biz nəyəsə nail olaq. Bu yerdə acı həqiqəti qeyd etmək yerinə düşər. Millət vəkillərindən biri bir neçə il bundan əvvəl təhsildə olan problemlərdən danışan zaman olmuş əhvalatı xatırlatdı. Onun sözlərinə görə, Sovetlər Birliyi vaxtı Moskvada ali məktəblərin birində çalışan azərbaycanlı professor etiraf edərək bildirib ki, azərbaycanlı uşaqlara universitetə qəbul olmaq üçün köməklik edirmiş. Və yüksək vəzifə tutan erməninin əliylə həmin uşaqlar universitetə daxil olurmuşlar. Günlərin bir günü onun yanına xahişə erməni də gəlir. Azərbaycanlı professor erməninin xahişini yüksək vəzifə tutan erməniyə çatdırsa da, o buna əməl etmir. Bunun səsbəbini soruşanda isə deyir: "Çünki o ermənidir. Bu gün ona bilmədiyi üçün qiymət vermədim ki, gedib yaxşı hazırlaşaraq gələn il yenidən gəlsin. Və öz biliyinə güvənərək imtahan versin, ali məktəbə daxil olsun. Bir neçə ildən sonra savadlı mütəxəssis kimi məni əvəz eləsin". Azərbaycanlı professor etiraf edib ki, doğrudan da həmin erməni gələn il yenidən hazırlaşaraq ali məktəbə qəbul oldu və bir neçə ildən sonra yüksək vəzifədə çalışan erməninin yerini tutdu. Bizdə necədir? Valideyn müəllimə rüşvət verir ki, övladına qiymət yazılsın. Daha doğrusu övladı savadsız və qabiliyyətsiz olmaqla ali məktəbi qurtarsın. Həmin savadsız və qabiliyyətsiz övlad sonradan pulun gücünə işə düzəlir. Təbii ki, əgər müəllimdirsə, özü kimi savadsızların sayını artırır. Digər ixtisas sahibidirsə, o zaman hansı faciənin baş verdiyi bəlli bir həqiqətdir. Azərbaycanda təhsilin keyfiyyəti bərbad olduğundan yaxşı mütəxəssizlər də yetişmir. Ümid qalır xaricdə təhsil alan tələbələrimizə. Onların da əksəriyyəti vəzifədə olanların övladlarıdır. Verilən qeyri-rəsmi bilgilərə görə, onlardan da əksəriyyəti günlərini eyş-işrətlə keçirməklə yola verirlər. Savadlı gənclər isə kimlərinsə himayəsi sayəsində bilik qazanaraq sonda Azərbaycana qayıtmırlar və hansısa ölkənin siyasətinə qulluq göstərmək zorunda qalırlar. İtirən biz, qazanansa xarici dövlətlər olur. Deməli, bütün bunlardan gəlinən nəticə odur ki, nələrəsə nail olmaq istəyiriksə, birinci növbədə təhsilimizdəki eybəcərlikləri aradan qaldırmalıyıq.

xxx

Azərbaycan lobbisinin sözdə yox, işdə yaranmasına nail olmaq lazımdır. Bunun üçün Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin formal işindən real işə keçməyinin zamanı çoxdan çatıb. Bəlkə də gecikib. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq dərk etməlidir ki, müstəqilliyin qorunub saxlanması həm də ondan asılıdır. Bu təbliğatı aparmaqla yanaşı, xaricdə yaşayan azərbaycanlı biznesmenlərə maliyyələrini həm də Azərbaycanın maraqları naminə sərf etməyi izah etmək lazımdır. Bu məsələni xüsusi olaraq qeyd etməyimizdə bir səbəb var. Dəfələrlə olub ki, Dünya Azərbaycanlıları Konqresinin qurultayı keçirilən ərəfədə maraqlı bir məsələnin şahidinə çevrilirik. Belə ki, tədbirin təşkilatçıları maliyyə çatışmazlığından şikayət edirlər. Düzdür, qurultay keçirilsə də, ancaq bu zaman yüksək səviyyədən söhbət açmağa dəyməz. Ancaq ermənilər beynəlxalq səviyyədə tədbir keçirən zaman bu məsələ bir müddət əvvəldən həmin ölkənin mətbuatı və televiziyası vasitəsilə işıqlandırılır. Ermənistandan gedən nümayəndələrə lazımı şərait yaratmaqla yanaşı, onların bütün maliyyə xərcləri də həll olunur. Bu işi təbii ki, həmin ölkədə fəaliyyət göstərən erməni lobbisi həyata keçirir. Məgər bizdə imkanlı şəxslər azdırmı?

xxx

Azərbaycan hakimiyyəti korrupsiyalaşmış məmurlardan təmizlənməlidir. Həhayət, vəzifəyə işi yüksək səviyyədə qurmağı bacaran, ölkə xaricində Azərbaycanı layiqincə təmsil edən, dövlətin milli maraqlarını hər zaman qoruyan insanlar gətirilməlidir. Belə olan halda bu insanlar daha tapşırıq gözləmədən öz işlərini mükəmməl həyata keçirəcəklər.
Azərbaycanda keçmişə qiymət vermək ənənəsi formalaşmalıdır. Əgər bu gün biz Məhəmməd Əmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə layiq olduqları qiyməti vermiriksə, o zaman hansı dəyərlərlərdən danışmaq olar? Azərbaycan Cümhuriyyətinin qurucularından sayılan Məhəmməd Əmin Rəsulzadənin heykəlini ucaltmaq, Bakı Dövlət Universitetinə yenidən onun adını verməklə biz gəncliyə keçmişi unutmamağı təbliğ etmiş olarıq.
Bu şərtləri sıralamaqla qurtarmaz. Əgər yuxarıda sadaladığımız şərtlərə əməl etsək, o zaman Dağlıq Qarabağ problemi də, iqtisadiyyatın güclənməsi də, sosial vəziyyətin yaxşılaşması da həllini tapacaq. Əsas odur ki, qazandığımız müstəqilliyin qədrini bilək.