Qəbul imtahanları avqust ayında keçiriləcək Hadisə

Qəbul imtahanları avqust ayında keçiriləcək

Qəbul imtahanları təxminən avqustun 13-14-ü başlaya bilər. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, bu tarix də hələ ki dəqiq deyil, çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır. M.Abbaszadə bildirib ki, avqust ayında dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur: “Dövlət qulluğu ilə əlaqəli təxirə salınan müəyyən imtahanların da avqustun 1-dən 10-na qədər baş tutması planlaşdırılır”.
23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
Bundan əlavə, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər hazırda keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər üçün də buraxılış imtahanının sentyabr ayında keçirilməsi nəzərdə tutulur. "İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək. Xatırladaq ki, qeyd olunan tarixlərində: 11-ci sinif üzrə buraxılış imtahanları; Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları; Azərbaycan dilindən fərqli dildə təhsil alan və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) və 11-ci sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları; ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
İmtahan keçiriləcək tarixlərdə rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.
“23-24 iyulda keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarında 60 min şəxsin iştirak etməsi nəzərdə tutulub”. Bu imtahanlar 24-25 iyulda və 2-3 iyulda təxirə salınan kontingentə və sərt karantin tətbiq olunan bölgələrə aiddir. M.Abbaszadə bildirib ki, bir ay ərzində - iyunun 10-dan iyulun 10-na qədər 143 min insan buraxılış və qəbul imtahanlarında iştirak edib.
Yüksək hərarəti olan şəxsləri imtahana buraxmamaqla onun və ətrafındakıların sağlamlığını qorumuş oluruq. Ancaq çalışırıq ki, həkimlərin razılığı olan şəxslər də imtahanda iştirak edə bilsinlər. M.Abbaszadə bildirib ki, ümumilikdə yoluxucu xəstəliyi olan adamın evdən çıxmağa ixtiyarı yoxdur: “Biz istərdik ki, hamı imtahanda iştirak etsin. Abituriyentin səhhəti imkan verirsə, biz onun imtahan verməsinə şərait yaradırıq, ancaq imtahan zamanı digər abiturientlərin də sağlamlığını qorumalıyıq”.
DİM sədri əlavə edib ki, əvvəlki imtahanlarda yoluxucu xəstəlikləri aşkar edilməyən şəxslərin bir qismi sonradan dəvət olunaraq imtahanda iştirak etdilər, ancaq bunu hər zaman təşkil etmək mümkün olmur.