“Toy və yas mərasimləri ilə bağlı müzakirələr təqdirəlayiqdir” Hadisə

“Toy və yas mərasimləri ilə bağlı müzakirələr təqdirəlayiqdir”

Pərviz Heydərov: "Amma bunun effektiv nəticə verəcəyi inandırıcı deyil"

Sahib Alıyev: "Bu məsələlər qanunvericilik yolu ilə tənzimlənə bilər"

Vüqar Tofiqli: "İstər QMİ tərəfindən, istərsə də hökumət tərəfindən
addımların atılması müsbət haldır"

Razi Abbasbəyli: "Tövsiyyə xarakterli müraciətlər mühüm dəyişikliyə səbəb olmayacaq"

Qafqaz Müsəlmanları İdarəsinin dəbdəbəli toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı yeni müraciət yayıb. QMİ toy və yas mərasimləri ilə bağlı israfçılığa yol verməyi qəti şəkildə pisləyir. QMİ-dən sonra İqtisadiyyat və Sənaye nazirliyi bununla bağlı məlumat yayıb. Nazirlik toy edən vətəndaşların öz hüquq və vəzifələrini açıqlayır.
Bilidirir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları vardır. Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir. Həmçinin şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün bir sıra məqamlara diqqət yetirmələri tövsiyə olunur:
Nazirlik məclislərin təşkili zamanı insanların hüquqlarını pozan, o cümlədən əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət olunmasını xahiş edir.
Bunlar məlumatlar toy israfçılığının qarşısını ala biləcəkmi?
Millət vəkili Sahib Alıyev bildirdi ki, İslam ümumiyyətlə, israfçılığın və ifratçılığın əleyhinədir: "Bu baxımdan, məncə, hansı dinin daşıyıcısı olmasından asılı olmayayaraq istənilən normal məntiqli adam israfçılığı və ifratçılığı alqışlaya bilməz. Bol ehsan, üstü dəbdəbəli şəkildə götürülmüş məzar rəhmətə gedən üçün haqq dünyasında heç anlam daşımadığı kimi, israfçılğın və ifratçılığın baş alıb getdiyi toylar da heç də bəylə gəlinin daha xoşbəxt olmalarına xidmət etmir, bəlkə də əksinə nəticə verir".
Onun firkincə bu məsələlər qanunvericilik yolu ilə tənzimlənə bilər: "Düzdür, bəziləri gülüb deyirlər ki, indi toyun və yasın keçirilməsini də qanun çərçivəsinə salacağıq? Amma ayrı-ayrı ölkələrin təcrübəsində mərasimlərlə bağlı qanunlar var. Bizdə də özəlliklə də yasla, yas mərasimi ilə bağlı qanunun olması qaçılmazdır. Çünki burada söhbət təkcə ehsan və məzardan getmir, tənzimlənməli çox məsələlər var...".
İqtisadçı ekspert Pərviz Heydərov diqqətə çatdırdı ki, son vaxtlar müxtəlif məclislər, toy və ad günü, o cümlədən də yas mərasimlərində israfçılığın qarşısının alınmasının lazım gəldiyi barədə gedən müzakirələr hər nə qədər təqdirəlayiq görünsə də, bunun effektiv nəticə verəcəyi bir o qədər inandırıcı görünmür: "Sual olunur ki, niyə? Əvvəla, heç nə özbaşına yaranmır və bu və ya digər xidmət növü və onun səviyyəsi isə ümumiyyətlə, zərurət olmayan yerdə təşəkkül tapmır... Bunun üçün müvafiq tələb olmalıdır... İkincisi isə, tələbin özü də birdən-birə yaranmır və onun müvafiq səviyyəsi olur... Düzdür, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, hər bir istehlakçının mal və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlərdən yararlanmaq və bunlar barədə dolğun və düzgün məlumat əldə etmək hüququ vardır. Ancaq hüquq başqa şeydir, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlərdən istifadə etmək bacarığı və onları düzgün seçə bilməq qabiliyyəti ayrı şey... Məsələn, Avropa ölkələrində mal və xidmətlərin seçimində dəbdəbə amili düşüncədə heç bir rol oynamır... Bizdə isə tam əksinədir... Almaniyada "Mercedes S-klass" və yaxud "BMW"nin 7-ci seriyası kimi avtomobillər alınmır.. Ancaq bizdə bu markalı avtomobillər əksəriyyətin "arzusu" sayılır... Buna uyğun olaraq da Almaniyada dəbdəbəli şadlıq sarayları yoxdur, amma bizdə vardır...Bütün bunlar məgər, keyfiyyətsizlikdən və yaxud hər hansı "aldatmadan" xəbər verirmi?! Əsla, yox... Bu cür mal və xidmət təklifini məhz müvafiq alıcılar, başqa sözlə desək, istehlakçılar formalaşdırır. Odur ki, burada kim tərəfindən israfçılığa yol verilirsə, ilk olaraq bu aydınlaşdırılmalıdır... Qanunda o yazılıb ki, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. Məsələ bundadır ki, burada heç məcburiyyətdən də söhbət gedə bilməz... Odur ki, bütün bu məsələlərin həlli üçün məncə, istehlakçıların özlərindən - onların maarifləndirilməsindən başlamaq lazımdır... Və bir də ölkədə şübhəsiz ki, gəlirlərin dəqiq fərdi uçot sistemi işə salınmalıdir.. İnzibati vasitələr keçərli deyil".
Ekspert Vüqar Tofiqli dedi ki, istər QMİ tərəfindən, istərsə də nazirlik tərəfindən
bu tipli addımların atılması müsbət haldır: "Ancaq bu məsələlərin həlli qanunlarla və normativ sənədlərlə tənzimlənməlidir, ən əsası kompleks şəkildə aparılmalıdır. Bu gün şou-biznesin təmsilçilərinin teleməkanda meydan suladığı bir vaxtda nazirliyin belə məclislərlə bağlı müraciətlərinin təsirinin olacağını düşünmürəm".
Ekspert Razi Abbasbəyli vurğuladı ki, toy israfçılığının qarşısının alınması inzibati qaydada həyata keçirilə bilməz: "Dövlət komitəsi və dini qurumların tövsiyyə xarakterli müraciətləri də mühüm bir dəyişikliyə səbəb olmayacaq. Kompleks yanaşılsa, o zaman müəyyən nəticələrə nail olmaq mümkündür".

Əli