
Arzu Şirinova
Yenə ümid edirik. Fransa prezidenti Fransua Ollandın təşəbbüsünə. Bu təşəbbüsə görə, oktyabrın 27-də Fransada Azərbaycan, Fransa və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Və ölkə başçıları Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə aparacaqlar.
Siyasi analitiklər ümid verirlər ki, bu görüşdə münaqişənin həlli istiqamətində konkret nəticələr əldə ediləcəyi gözləniləndir. Onlar həm də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra Qarabağ probleminin sülh yolu ilə həlli yönündə danışıqların yeni mərhələsinin başlandığını bildirirlər. Həmsədrlərin, beynəlxalq təşkilatların təmsilçilərinin dediklərindən də belə başa düşülür ki, danışıqların yeni mərhələsi Fransa görüşündə daha aktiv frazaya keçə bilər.
Ümid yaxşıdır, ancaq nəticəsi olan bir məsələ üçün. Bu görüşdən isə nəticə gözləməyə dəyməz. Nədənləri çoxdur. Yalnız bir neçəsini sadalayım.
Birincisi, Fransanın bundan əvvəlki prezidentinin də belə təşəbbüsü olub və nəticəsiz yekunlanıb.
İkincisi, Fransanın Azərbaycana, konkret Dağlıq Qarabağ probleminə münasibəti ortadadır və güman ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu münasibət dəyişməyəcək. Həmin münasibətin də formalaşmasında pol alanların müəyyən qismini erməni lobbisi təşkil edir. ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransa bu günə kimi işğalçını öz adıyla çağırmayıb. Əksinə, keçmiş həmsədr Berner Fasye Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bildiridi. Belə açıqlamaları Ermənistanda verən Fasyenin ayağı Azərbaycan torpaqlarına dəyən kimi sözünü dəyişirdi. Yəni sözünün ağası olmayan birinin dövləti də günümüzə kimi eyni mövqeyi sərgiləyib. O zaman nədən ümid edək ki, prezidentlərin Fransa görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində konkret nəticələrə gətirib çıxaracaq?
Üçüncüsü, hər zaman bildiririk ki, Fransada güclü erməni lobbisi var və bu lobbinin gücündən prezident kürsüsünə sahib olmaq istəyən hər kəs istifadə edir, əvəzində onlara vədlər verir. Məsələn, "erməni soyqırımını tanıyacağını", "Dağlıq Qarabağ probleminin həllində ermənilərə dəstək verəcəyini". "Ermənistanın ayaqda qalması üçün yardımlar edəcəyini" və c. Prezident seçkiləri kampaniyasında vəd olunanlar zaman-zaman həllini tapır. Qondarma erməni "soyqırımını" inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi buna bariz nümunədir. Və bu qanun da keçmiş prezident Nikola Sarkozinin prezidentliyi dövründə qəbul olundu. Fransanın hazırkı prezidenti Fransua Olland bu il aprelin 24-də Parisdə bəyan etdi ki, gələn ilin bu günü o, Ermənistanda olacaq. Yəni Fransua Olland gələn ilin aprelində qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edəcək.
Olmayan bir "soyqırım"ın 100 illik yubleyinə hazırlaşan və bununla da ermənilərə verdiyi vədi gerçəkləşdirmək üçün konkret iş görən Fransa prezidentinin Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe tutacağı heç inandırıcı deyil. Olsa–olsa prezidentlərin görüşündə bir məsələ xüsusilə vurğulanacaq-"Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həllini tapmalıdır". Dördüncüsü, Dağlıq Qarabağ probleminin yaranmasında əməyi olan və bu problemin çözülməməsi üçün bütün gücünü sərf edən Rusiya Fransada baş tutacaq prezidentlərin göüşündə hansısa irəliləyişin olacağına razı olarmı? Təbii ki, yox. Cənubi Qafqazda Dağlıq Qarabağ probleminin dondurulmuş vəziyyətdə qalması Rusiyaya bütün mənalarda sərf edir. Bu zaman rəsmi Kreml Ermənistanı özündən asılı vəziyyətə saxlamaqda davam edir, Azərbaycanı isə problemin çözülməsində "Rysiya faktoru olmasa münaqişənin həlli mümkünsüzdür" fikirlərinə inandırır. Əslində bu reallıqdır və bu reallığı qəbul edib Rusiya ilə dil tapmaq şərtdir. Ona görə də prezidentlərin Fransa görüşünə o qədər də ümüdlənməyin...