İnsan hüquqlarına dair beynəlxalq konfrans Hadisə

İnsan hüquqlarına dair beynəlxalq konfrans

Fuad Ələsgərov: "Azərbaycan Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmaları dəstəkləyir"

Dünən Bakıda "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans başlayıb.
Konfransın açılışında Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.
Bu gün də davam edəcək konfransda "Qabaqlama tədbirləri", "Məhkəmə qərarlarının icrası", "Konvensiya sistemi çərçivəsində olan hakimlərarası dialoq" mövzuları üzrə sessiyalar təşkil ediləcək.
Sessiyalarda "Milli qanunvericilikdə Konvensiyanın rolu", "Avropa Şurasına üzv olan dövlətlərin Ali məhkəmələrinin oynadığı rol", "Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair ən qabaqcıl təcrübələr", "Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması: təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası", "Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzər almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları: məhkəmə praktikasını dəyişmək yolu ilə yerli qanunvericilikdə olunan uyğunlaşmanın məhdudiyyətləri", "Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər", "Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq", "Konvensiyasının 16-cı Protokolu" və "Venesiya Komissiyasının rolu" mövzularında mühazirələr nəzərdə tutulub.
Konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.
Tədbirdə çıxış edən Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman bildirib ki, İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyası ilə bağlı üzərinə öhdəlik götürən tərəflər vətəndaşlarının əsas azadlıqlarını təmin etməlidirlər.
Onun sözlərinə görə, bu, çox vacib tələb və qaydadır: "Xüsusilə də əgər biz Konvensiyanın ölkə daxilində tətbiqindən danışırıqsa, daxili məhkəmələr baxımından da bu qaydaların tətbiqi müstəsna əhəmiyyət kəsb edir.
D.Şpilman qeyd edib ki, müxtəlif vasitələrdən istifadə edən Avropa İnsan Hüquqları Məhkəməsi ölkələrdə həmin struktur xarakterli çatışmazlıqların aradan götürülməsinə dair pilot xarakterli tövsiyələr, qərarlar çıxarır: "Statistikaya nəzər salsaq, görərik ki, Avropa Məhkəməsində məhkəmə işlərinin sayı azalıb. Lakin bu məsələ hələ də diqqət mərkəzindədir. Çünki bəzi işlərə daha çox vaxt tələb olunur, hakimlərin yükünün azalmasına yenə ehtiyac var. Xüsusilə dövlətlərlə təmaslarda Avropa İnsan Hüqüqları Məhkəməsinin çıxardığı qərarlar, verilən tövsiyələrin ədalətli olmasına çalışmalıyıq. Bu, həm də Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşən vəzifədir ".
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında deyib ki, məhkəmə qərarlarının böyük əksəriyyəti Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla, Konvensiyanın tələblərinə riayət edilməklə qəbul edilir: "Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır və onların ölkədə tətbiq edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir".
PA-nın şöbə müdiri bildirib ki, Azərbaycanda gənc, müasir düşüncəli, Avropa Məhkəməsinin presedent hüququna dair biliklərə malik olan şəxslər hakim vəzifəsinə təyin ediliblər. Onlar hakim korpusunun 60 faizindən artıq hissəsini təşkil edirlər.
F.Ələsgərov qeyd edib ki, Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assmbleyasının 2014-cü il iyun sessiyası zamanı çıxış edərkən Azərbaycanın sədrlik prioritetlərini müəyyən edib. Bunlar korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyinin genişləndirilməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir.
Onun sözlərinə görə, Azərbaycan Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyir.
PA rəsmisi qeyd edib ki, Azərbaycanda Konvensiyanın müddəalarının yerinə yetirilməsi üçün Azərbaycan dövləti tərəfindən müxtəlif istiqamətlərdə səmərəli fəaliyyət göstərilir. Buna qanunvericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının əməkdaşları və hakimlər üçün mütəmadi təlimlər, məhkəmə sisteminin infrastrukturunun müasirləşdirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması, müxtəlif sosial yönümlü innovasiyaların tətbiqi və s. tədbirlər daxildir. Şübhəsiz ki, insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsində başlıca rol mülki, inzibati və cinayət işlərinə müstəqil, obyektiv, qərəzsiz qiymət vermək imkanına malik olan məhkəmələrə mənsubdur: "Ölkəmizdə müstəqil və səmərəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Bizim nailiyyətlərimiz arasında müasir tələblərə cavab verən məhkəmə infrastrukturunun qurulması, yeni apelyasiya və inzibati-iqtisadi məhkəmələrin bölgələrdə təsis edilməsi, Məhkəmə-Hüquq Şurasının yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının yaradılması və s. tədbirlər görülüb".
Ali Məhkəmənin sədri Ramiz Rzayev isə çıxışında qeyd edib ki, insan hüquqları və azadlıqlarının müdafiəsinin təminatında öz rolunu dərk edən Ali Məhkəmə öz işini İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının şərhi, tətbiqi və icrasına görə bütün məsuliyyətin milli hakimiyyət orqanlarının üzərinə düşməsini nəzərə almaqla qurur. R.Rzayev qeyd edib ki, görülən tədbirlər nəticəsində Azərbaycanda müstəqil hakimlərin seçilməsi təmin olunub.
O, ölkə qanunvericiliyinin tam yeniləndiyi, ölkədə yeni hüquq sisteminin qurulduğu və hüququn tətbiqi, xüsusi olaraq məhkəmələrin Avropa Konvensiyasının tələblərinə uyğun vəziyyətə gətirildiyi barədə məlumat verib.
Ali Məhkəmə sədrinin sözlərinə görə, məhkəmələrin işində Avropa Konvensiyasının normalarının birbaşa tətbiqi təmin edilib.
R.Rzayev qeyd edib ki, milli qanunvericilik Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarından sonra milli məhkəmələrin qərarlarının yenidən araşdırılmasını həyata keçirmək vəzifəsini qoyur: "Biz bu və ya digər qərarın nəzərdən keçirilməsini ölkə qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlil və müşahidə olunması, məhkəmələrin təkrar səhvlərindən imtina olunması üçün Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmağa xüsusi diqqət yetiririk".