Könüllü donorun qiymətli qanı... Hadisə

Könüllü donorun qiymətli qanı...

Donorlardan pulsuz alınan qan bəzən qana ehtiyacı olanlara satılır

Fuad Əsgərov:"Qanı könüllü verdiyimizdən belə faktlar hisslərimizə toxunur ki, təmənnasız verdiyimiz qan pulla satılır"

Yeddi il bundan öncə, 2005-ci ildə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. ÜST və digər beynəlxalq qurumların təkidlərindən sonra əksər ölkələrdə qan donorlardan pulsuz, könüllülük əsasında alınır. ÜST hesab edir ki, könüllü donorların qanı daha təhlükəsizdir.
Bir neçə il öncəyə qədər ölkədə dövlət səviyyəsində donorlara qanın müqabilində pul verilirdi. Amma ÜST-ün müraciətindən sonra Azərbaycanda donorlara qan müqabilində pul vermək yığışdırıldı. Belə ki, Azərbaycan Qan Bankına qan verən donorlar yalnız könüllülük əsasında bu addımı atırlar. Amma təəssüflər olsun ki, donorlardan pulsuz alınan qan bəzən qana ehtiyacı olanlara ya pulla satılır, ya da ümumiyyətlə, xəstəxanalarda xəstələrə qanın olmadığı deyilir. Bu zaman qana ehtiyacı olan xəstələr acınacaqlı durumda qalırlar. Daha doğrusu, xəstəxanaların qarşısında qanını satmaq üçün gözləyən qan dəllallarının bazarı açılır. Qan dəllalları ölüm, ya olumla üz-üzə qalan xəstənin yaxınlarına qanı elə qanı qiymətinə də satırlar. Amma dəllalların dediyi məbləğə gücü çatmayanlar da olur. Yeri gəlmişkən, qeyd edək ki, bir sıra xəstəxanaların, xüsusilə Respublika Kliniki Xəstəxanasının qarşısında bu cür dəllallarla qarşılaşmaq mümkündür. Hətta bu cür dəllallar xəstəxanaların içərisinə kimi gedib çıxa, qana ehtiyacı olanlara asanlıqla qan sata bilirlər.
Sosial şəbəkələrin üzvləri dəfələrlə qana ehtiyacı olanların qan üçün elan verdiyini də görüblər. Bu da o deməkdir ki, ölkəmizdə qana ehtiyac var, yaxud qana ehtiyacı olanların əli ehtiyac yarandığı vaxt pulsuz əldə edilən qana çatmır.
"Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov bizimlə söhbətində bildirdi ki, hər zaman qana ehtiyac var və bizim qan ehtiyatımız çox deyil: "Mənim mobilimə və təşkilatımızın İnternet ünvanına xeyli sayda məktub gəlir. Əgər biz irsi qan xəstələrindən qana ehtiyacı olmaları barədə məktublar alırıqsa, deməli, onların ehtiyacları ödənmir ki, bizə yazırlar. Hər halda əldə etsələr, bizə müraciət etmələrinə ehtiyac qalmaz".
Qan Bankından alınan qanın elə bankda və xəstəxanalarda satılması ilə bağlı informasiyasının olmadığını deyən Fuad Əsgərov bildirdi ki, həmişə ətrafında belə fikirlər səsləndirənlər olub: "Məsələn, ətrafımdakılar dəfələrlə qanı əldə etmək üçün maliyyə xərci çəkdiklərini deyib. Qan əldə etmək üçün pul tələb edilməsi ilə bağlı neqativ hallarla qarşılaşırıq. Qanın 500 qramının 100-150 manata satıldığını deyirlər. Hesab edirəm ki, bu iş həkim, tibb bacısı, fərdlər tərəfindən görülür. Qanın qana ehtiyacı olanlar üçün pulsuz olduğunu Səhiyyə Nazirliyinin yetkililəri deyir və xəstəxanalar da Səhiyyə Nazirliyinə tabe olduğundan, bu məsələ ilə bağlı nazirlik açıqlama verməlidir. Biz Qan Donorları Assosiasiyası olaraq qanı könüllü verdiyimizdən belə faktlar hisslərimizə toxunur ki, təmənnasız verdiyimiz qan pulla satılır. Belə olmamalıdır. Əslində bu, cinayətdir və cinayətin qarşısını almaq üçün müvafiq qurumlar tədbir görməlidir".
Həkim-mütəxəssis Adil Qeybulla bildirdi ki, Qan Bankında olan qan bütün xəstələrin pulsuz təminatına bəzən imkan vermir. Adil Qeybulla hesab edir ki, "qan bankı bütün regionlarda olmalıdır. Sistem işləməlidir və ehtiyacı olanları vaxtında qanla təmin etməyi bacarmalıdır. Deyə bilmərəm ki, sistem tam effektiv və əla işləyir. Hər halda Qan Bankının olması vahidləşdirilmiş bir sistemdir. Orada götürülən qanlar yoxlanılır və ən azı bir struktur bu qanın məsuliyyətini daşıyır. Zaman-zaman bu sistem daha yaxşı işləyəcək".
Xəstəxanalarda qanın pulla satılmasının yolverilməz olduğunu deyən Adil Qeybullanın fikrincə, donorlara hansısa sosial müdafiə çərçivəsində dövlət tərəfindən köməkliklər ola bilər: "Amma qanın pula satılması təcrübəsi Azərbaycan reallığında düzgün deyil. Ümumiyyətlə, qanın və orqanların satılması həmişə kriminala yol açan ünsürlərdir. Cəmiyyətdə şüur səviyyəsi, mədəni səviyyə artdıqca, mütəşəkkil səviyyəyə çatdıqda könüllü qan verənlərin də sayı artacaq".
Qeyd edək ki, ABŞ və Avropada donorlara xüsusi güzəştlər var. Amerikanın bəzi ştatlarında donor və ailə üzvlərinə tibbi xidmətdə güzəştlər verilir. Yanvar Amerikada milli donorluq ayı sayılır. Fransada isə donorlara "Fəxri legion" ordenləri verilir. Rusiyada vətəndaşlar 40 dəfə qan versələr, nəqliyyatdan pulsuz, dərman preparatları və kommunal xidmət haqlarından 50 faiz güzəştlə istifadə edirlər.
Tibbi işçilərinin bildirdiyinə görə, Azərbaycanda "- 4" və "- 1" rezuslu qanlar az tapılır. Qana ən çox ehtiyacı olanlar isə talassemiyalı və hemofiliyalı xəstələrdir. Səhiyyə Nazirliyi bildirir ki, Azərbaycanda qana olan bir illik tələbat 12 tondur. Bunun təxminən 400 litri hər il Aşura günü keçirilən könüllü qanvermə kampaniyalarında toplanır. Yeri gəlmişkən Səhiyyə Nazirliyinin "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi" və "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi" barədə əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilib.
Əksəriyyətin qan üçün üz tutduğu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutuna demək olar ki, hər gün müraciət edən olur. Rəsmi məlumata görə, gün ərzində təxminən 100-ə yaxın donordan qan alınıb banka toplanır.
İnstitutun şöbə müdiri Gülbəniz Quliyevanın sözlərinə görə, gündəlik donor tələbatı 80-130 arasıdır: "Biz bu tələbatı demək olar ki, 100 faiz təmin edirik. Gün ərzində donorlardan alınan qan laboratoriya yoxlamasından keçəndən sonra yararsız hissə tullantıya göndərilir. Daha çox yay aylarında problemlər yaşanır. Mövcud vəziyyət nəinki bizdə, digər ölkələrdə də var. Ancaq sentyabr ayından sonra bütün bölmələrdə ehtiyat qan tədarükü olur. Hazırda ölkədə 2000-ə yaxın talassemiyalı xəstə var. Onlara doğulan gündən ahıl yaşlarınadək qan vurulmalıdır. Biz mütəmadi olaraq onlara qan veririk. O ki qaldı normalara, bir uşaq ayda 5 dəfə də, 1 dəfə də qan ala bilər. Bu, yaş həddindən asılı olaraq dəyişir. Belə xəstələrə 1 yaşında 1 dəfə, 18-24 yaşında 3-4 dəfə qan vurula bilər.
Talassemiyalı xəstələrdən başqa bizə müraciət edənlər arasında dializ xəstələri də var. Hazırda ölkəmizdə belə xəstələrin sayı 1200-ə yaxındır və onlara hər ay qan vurulur. Hemofiliyalı xəstələrdə isə qanın qırmızı hissəsinə yox, daha çox qanın zülal hissəsinə tələbat var. Onları qanın lazım olan hissəsi ilə təmin etməyə çalışırıq. Bizdə qan iki yerə ayrılır - plazma və ertofit kütləsi. Hemofiliyalı xəstələrin əsasən, plazma hissəsinə ehtiyacı olur. Bakı şəhərindəki xəstəxanalarda daha çox doğum evlərində qana ehtiyac yaranır. Xəstəxanaların yanıq şöbəsində demək olar ki, gün ərzində 80-100-ə yaxın plazma işlənilir".
Gülbəniz Quliyevanın sözlərinə görə, Mərkəzi Qan Bankında bütün dövlət xəstəxanalarına qan ödənişsizdir. Xəstəxanalarda qana ehtiyacı olanların əksəriyyətindən öz xəstəsinə qan verməyin tələb olunması məsələsinə aydınlıq gətirən Gülbəniz Quliyeva deyir ki, dövlət xəstəxanalarında heç bir donor tələb etmirik: "Çünki qanunda və əmrdə də göstərilib ki, dövlət xəstəxanalarını qanla biz təmin etməliyik. Yəni hansısa bir dövlət xəstəxanasında qanla bağlı ölüm hadisəsi olarsa, buna birbaşa Mərkəzi Qan Bankı cavabdehlik daşıyır. Ancaq özəl xəstəxanalardan verdiyimiz 1 qan paketinin əvəzinə 2 donor tələb edirik".
Qeyd edək ki, Bakı şəhərində dövlət hesablı 5 qan bankı var: Milli Onkoloji Mərkəz, Elmi Cərrahi Mərkəz, 3 saylı Şəhər Klinik Xəstəxanası, Respublika Klinik Xəstəxana və Klinik Tibbi Mərkəz. Özəl tibb müəssisələrindən isə Mərkəzi Neftçilər və Mərkəzi Klinik Xəstəxanalarda qan bankı mövcuddur. Qana ehtiyacı olanlar getdikcə daha çox xəstəxana və qan bankları əvəzinə sosial şəbəkələrə üz tuturlar. Elə bu işlə məşğul olan müxtəlif təşkilatların da facebookda səhifələri var.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova deyir ki, ölkədə qan donorlarının sayı kifayət qədər deyil: "Bu da məni bir vətəndaş, həkim kimi çox narahat edir. 5-10 il əvvəllə müqayisə etsək, donor sahəsində inkişaf olsa da Sovet zamanında Azərbaycanda 140 min qan donoru var idi. Sonradan bu sahədə də problemlər yarandı"...
Bəzən bir millətdən olan şəxsin qanını digər millətə mənsub birinə vurulmasının onun genetikasına təsir göstərdiyini deyirlər. Qandəyişmənin genetikaya, sonrakı xarakter formalaşmasına təsirinin olub-olmaması barədə Respublika Uşaq Klinik Xəstəxanasının hematoloqu Sevinc Əlifəttahzadədən məlumat aldıq. Onun sözlərinə görə, qandəyişmənin genetik dəyişikliyə və ya xarakterin dəyişməsinə səbəb olacağı barədə deyilənlərin heç bir elmi əsası yoxdur: "Genetika insanın xromosomları ilə ötürülür, qanla yox. Bundan əlavə, donordan alınaraq vurulan qan orqanizmdə cəmi bir neçə saat qalır".
Yeri gəlmişkən, 18 yaşı tamamlanmış, çəkisi 50 kiloqramdan yuxarı, praktik sağlam hər bir Azərbaycan vətəndaşı qan verə bilər. Qadın cinsindən olanlar üçün kriteriya fərqlidir. Zərif cins nümayəndələrinin yaşı 20-dən, çəkisi 65 kiloqramdan, boyu 168 santimetrdən aşağıdırsa, donor ola bilməz. Bütün hallarda donorların qanı yoxlanmalıdır.
Kişi donorlar arada 12 həftə fasilə olmaqla ildə 4 dəfə qan verə bilər. Qadın donorlar isə orta hesabla 16 həftədən bir və ya dəmir çatışmazlığı riskini azaltmaq üçün daha gec qan verməlidir.
Qan yasağının səbəblərindən ikisi əsasdır. Donorluq qan verəcək şəxsin səhhətinə zərər yetirə bilərsə, donor olması doğru deyil. İkincisi, donorun qanı xəstəyə zərər yetirərsə, donorluq qadağandır. Hematoloq qeyd edir ki, müayinə aparılmadan qan verildikdə sonradan qanın yararlı olmadığı ortaya çıxır: "Amma bir məqam da var ki, ilkin yoxlanışda belə, qanda infeksiya tapılmaya bilər. Çünki infeksiyanın qanda 6 aydan 1 ilə qədər gizli dövrü olur. Yəni başqalarına infeksiyalı qan da köçürülə bilər. Bu mənada, qanın yoxlanması hələ onun təmizliyinə qarantiya deyil".

Ülviyyə Tahirqızı