Tənqidçi ilə şair arasında qalmaqal BÖYÜYÜR: “...Bütün hədləri aşıb” Hadisə

Tənqidçi ilə şair arasında qalmaqal BÖYÜYÜR: “...Bütün hədləri aşıb”

Əsəd Cahagir: “Mən onu şeirlərinin şeir olmamasında ittiham edirəm. Bacarırsa, əksini isbatlasın”

“Amma bunun əvəzinə, mənim sözlərimə sığınır. Qəşəm özünə sığına bilmir, özünə inanmır”

“Onların Bayılda, Daşkəsəndə, İmişlidə, Qəbələdə evləri var. Kəramət 600 manatlıq evdə kirayədə qalır. Bəs pulu hardan alır?!”

Qəşəm Nəcəfzadə: “Əsəd Cahangir dostluğumda yoxdur. Əslində onun yazdıqları mənim üçün maraqlı da deyil”

Tanınmış ədəbi tənqidçi Əsəd Cahangirlə şair Qəşəm Nəcəfzadə və onun oğlu Kəramət Böyükçöl arasında sosial şəbəkə dartışmaları davam edir. Ə.Cahangirin bu günlərdə “Facebook” sosial şəbəkəsində yazdıqları münasibətləri daha da qızışdırıb. Ədəbi tənqidçinin yazdığına görə, gənc şairin bütün şeirlərini atası yazıb:
“Əgər bu bədii cəhətdən sönük, əxlaqi cəhətdən dönük cümlələrə "şeir" demək olarsa, "Üslub" "şeir"i Qəşəm Nəcəfzadənin "Qadının ölümü" kitabındandır. ("Vektor" Nəşrlər Evi, 2007, 116-cı səhifə) Amma yadınızdadırsa, Qəşəmin oğlu Kəramət Nəcəfzadə bu şeiri Elgizin proqramında öz adına çıxmışdı. Və Elgiz əxlaqsız məzmununa görə ona şeiri axıracan oxumağa imkan verməmişdi. Kəramət də şəltəsinin işləmədiyini görüb efiri yarımçıq tərk eləmişdi. Bu faktı sadəcə bir nümunə kimi yazdım. Təkcə bu şeir yox, öz adına çıxdığı heç bir yazısı Kəramətə aid deyil. Yəni belə faktların sayı yüzlərlədir. Bəs, onda nəyə görə Kəramət hamını nədəsə ittiham edərək özünü haqlı sayır? Və hətta Prezidentdən ev tələb edir? Bəyəm, dövlət ədəbi dələduzluq və plagiata görə ev verir?”.

“Sherg.az” olaraq məsələ barədə daha ətraflı məlumat almaq üçün Ə.Cahangirlə əlaqə saxladıq. O, ictimailəşdirdiyi fikirlərin səbəblərini açıqladı:

“Bu çıxışlarımın həm ümumi, həm də fərdi səbəbləri var. Ümumi səbəbi odur ki, ədəbiyyatda bircə cümləsi belə olmayan birsinin özünü gah şair, gahda yazıçı kimi göstərməsi, dünyasını dəyişən və dəyişməyən şair-yazıçıları təhqir etməsi, təbii ki, hamı kimi mənə də təsir edir. Təsəvvür edin ki, özü əsgəri xidmətdən hansısa yolla yayınan Kəramət könüllü surətdə Qarabağ müharibəsinə gedən və şəhid olan Təbrizi ələ salır, onun atası, görkəmli şair Xəlil Rza Ulutürkü isə lağa qoyur. Yaxud da, vətəndaşlıq poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadəni, Stalin reppessiyasının gənc qurbanı Müşfiqi. İndi sən özünü yazıçı kimi təsdiq edə bilmirsənsə, ölü-diri qoymayıb, ədəbiyyatın var-yoxuna söyməlisən?

Üstəgəl, ortalqıda bircə cümlən yoxdursa, öz adına çıxdığın bütün cızmaqaraları atan yazıbsa. Və bütün bunlardan sonra utanmaz-utamaz Prezidentdən ev tələb edirsən? Halbuki, 50-60 yaşlarında ev-eşiksiz qalan, kirayələrdə yaşayan, abrına qısılan onlarla istedadlı şair-yazıçı var. Onlar dura-dura ədəbi dələduzluqla məşğul olan birinin ev iddiasında olması nə dərəcədə düzgündür?

Məsələnin, əlbəttə, fərdi tərəfi də var. Kəramət artıq neçə illərdir ki, mənim haqqımda ağlına və ağzına gələni yazır, haqqımda şaiyələr yayır. Özü bir tərəfdən, atası da digər tərəfdən səsimi diktafona yazıb, Anar, Kamal Abdulla kimi vəzifə sahiblərinin qabağına qoyurlar.

Bunu o görəvlilər ya birbaşa, ya da dolayısı ilə özləri də təsdiq ediblər. Nə qədər olar? Bəs deyilmi? Səbəb isə budur ki, Kəramətin atasına məxsus olan, amma öz adına çıxdığı cızmaqaraları israrlı xahişlərinə rəğmən tərifləməmiş, yeri gələndə tənqid etmişəm.

Bütün bunlara baxmayaraq, heç vaxt Kəramətə və onun öyrədib əleyhimə qaldırdığı cızmaqaraçılara cavab verməmişəm. Bir az öncə ad günümdə barəmdə növbəti təhqiramiz statusu paylaşmaqla isə göstərdi ki, bu elə məxluqdur, dinməkdikcə bir az da üstünə gəlir, gərək atdığı daşı özünə qaytarasan.”

Ə.Cahangir, həmçinin bildirib ki, onun tənqidlərinin hədəfi Qəşəm Nəcəfzadə yox, oğludur:

“Amma istər-istəməz atasından da yazmalı oldum. 2000-ci ildə Qəşəmin yubiley tədbiri idi. Məndən çıxış etməyimi xahiş etdi. Xahişini yerə salmayıb, bir iki xoş söz dedim. Onda təbiidir ki, onun nə özü, nə də sözünə dərindən bələd deyildim. Bir də mənim fikirlərim ehkam deyil ki? Fikrini dəyişməyən bir ölülər, bir də dəlilərdir. İndi - iyirmi il sonra həmin səs yazısını ortaya ataraq əlində bayraq eləməsi göstərir ki, Qəşəmin son sığınacağı yenə də mənim sözlərimdir. Çünki özünün heç nəyi yoxdur. Oğlunun heç nəyi olmadığı kimi. Bunun özü də elə səsi diktafona yazıb müəyyən ünvanlara çatdırmaq kimi bir şeydir. Sadəcə, birində gizli, digərində açıq formatda eləyir. Nə Qəşəm, nə də onun oğlunun ədəbiyyata dəxli yoxdur. Bu sözü deyir və arxasında da dururam. Bacarırlarsa, əksini isbatlasınlar”

Tənqidçinin fikrincə, bir neçə yerdə evə sahib olan Q,Nəcəfzadənin oğlunun arxasında gizlənib dövlətdən ev istəməsi yumşaq desək, qeyri-etikdir:

“Qəşəmin Bayılda, Daşkəsəndə, İmişlidə, Qəbələdə evləri və villaları var. Özünün yazdığına görə, hazırda Kəramət 600 manatlıq evdə kirayədə qalır. Sual doğur - bəs, o bu pulu hardan alır? Cavab əcayibdir - Kəramət deputatların, varlı adamların əlində oyuncaqdır. Onlar Kəramətə pul verir, bir-birilərini tənqid və təhqir etdirirlər. Belələrinin meydana çıxmasının təqsirkarı da ilk növbədə məhz elə pulunu xərcləməyə yer tapmayan həmin parlamentarilərdir.

Onların adlarını çəkməyə hələki lüzum görmürəm, çünki bəziləri dövlətçilik əleyhinə fəaliyyətinə görə ifşa olunaraq, bütün ictimai nüfuzlarını itirib, bəziləri isə itirmək üzrədir. Amma istənilən halda qoy onlar meydana çıxıb öz əməllərinin nəticəsinə görə cavab versinlər. Amma yaxalarını kənara çəkiblər. Çünki Kəramət artıq bütün hədləri aşaraq, onu saxlayanlar üçün təhlükə mənbəyinə çevrilib".

Qəşəm Nəcəfzadə ittihamlara cavab verib. Şair deyib ki, yazılanlardan bixəbərdir:

“Düzü, Əsəd Cahangirin yazdıqlarını oxumamamışam. “Facebook” da dostluğumda yoxdur. Əslində onun yazdıqları mənim üçün maraqlı da deyil. Kəraməti tanıyırsınız. Onun şeirlərini mənim yazmağım həqiqətdən uzaqdır. Fakt göz qabağındadır”.

Ev məsələsinə gəlincə,Q.Nəcəfzadənin cavabı qısa olub:

Var, var da. Əsəd Cahangirin o statusuna rəy yazan lazımdır ki, sənin nə borcuna?! Kəramətin kirayədə qaldığını hər kəs bilir. Kitab satıb, pul qazanır. Bunun nəyi pisdir? Yəni tənqidçinin yanaşması səhvdir”.