“Ümid var ki, Tramp planı nəticəsini verəcək” Dünya

“Ümid var ki, Tramp planı nəticəsini verəcək”

“İsrail Qəzzaya zərbə endirməsini HƏMAS-a qarşı cavab zərbəsi kimi əsaslandırdı və ABŞ buna haqq qazandırdı. Qətər haqq qazandırmasa da bu addımı pisləyən mövqe tutmadı”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Abutalıb Səmədov söyləyib.

Politoloq deyib ki, əvvəldən bu prosesin ağır gedəcəyi məlum idi: “HƏMAS-ın ölmüş girovların hamısını təhvil verməməsi, müxtəlif bəyanatların səsləndirilməsi prosesin çətin keçəcəyini göstərirdi və Qəzzaya zərbə də bu prosesə çətinlik yaradacaq addımlardan biri oldu. Ancaq çox güman ki, sülh danışıqları bundan sonra da davam etdiriləcək. Trampın həmin 20 maddəlik sülh planının reallaşması istiqamətində işlər, danışıqlar davam etdiriləcək. Çətinliklər olacaq. Bundan sonra da bu cür addımların atılması, pozucu hərəkətlərin edilməsi ehtimalı var. Çünki Tramp və ona ciddi şəkildə dəstək verən ölkələr çox ağır bir problemin həllinə girişib. Mövqelər arasındakı fərqi və HƏMAS-ın özündə fərqli qrupların olduğunu nəzərə alsaq bu cür münaqişələrin baş verməsindən təəccüblənməməliyik. Lakin ümid var ki, Tramp planı öz nəticəsini verəcək və bölgədə sülhü təmin etmək çətin də olsa mümkün olacaq”.

Röya İsrafilova