Bakıda Aşura günü Hadisə

Bakıda Aşura günü

Allahşükür Paşazadə: "5-10 il bundan əvvələ baxanda, bu gün zəncirvuranların sayı azalıb"

Ötən gün Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Ölkənin 14 məscidində keçirilən könüllü qanvermə aksiyasında minlərlə insam qan verib.
Aksiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edib.
Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Allahşükür Paşazadə idarənin fitvasına baxmayaraq, Aşura günü zəncir vurulmasına dair sualı cavablandırarkən deyib ki, belə hallar son illərdə xeyli azalıb: "Fitva əmr formasında deyil, fitva onu xalqa, xalqın qəlbinə çatdırmaq, tövsiyə etmək ki, onlar bunu etməsinlər deməkdir. Bizim məcburi qaydada fitva verməyə haqqımız yoxdur, çünki vicdan azadlığı hər insanın özünün daxilində yetişir. Bizim borcumuz mədəni şəkildə xalqa tövsiyə etməkdir ki, bunlar olmaz. Mən elə hesab edirəm ki, bu, birdəfəlik yaranmır. 5-10 il bundan əvvələ baxanda, bu gün zəncirvurma daha zəifdir. Demək, bu tövsiyələrin təsiri var və gələcəkdə də bu, öz təsirini göstərəcək".