Almaniya adıyla Suriyaya getdi... Hadisə

Almaniya adıyla Suriyaya getdi...

Arzu Şirinova

Hər gün İŞİD terrorçularının törətdikləri vahşiliklərlə bağlı oxuduğumuz informasiyalar və izlədiyimiz videolar bu terrorçu təşkilatın əməllərinin qorxunc olduğunun sübutudur. Məsələn,
İngiltərənin "Teleqraf" (Telegraph) qəzeti İŞİD-in Suriyadakı yeni komandirlərindən birinin mühafizəçisi olmuş terrorçunun iddialarını dərc edib.
Bir müddət İŞİD tərkibində döyüşən, daha sonra təşkilatdan imtina edərək qaçan Əbu Abdullah adlı terrorçu İŞİD-in yeni lideri ilə bağlı məlumat verib. Onun sözlərinə görə, mühafizəçisi olduğu yeni liderin adı Səddam Camaldır.
Terrorçunun sözlərinə görə, Camal keçmiş narkotik satıcısı olub. Daha sonra Azad Suriya Ordusuna (ASO) qatılan terrorçu bir müddət sonra İŞİD sıralarında görünüb. Ən maraqlı məqam isə İŞİD lideri adlandırılan bu şəxsin ailəsinin İŞİD tərəfindən öldürülməsidir: "İŞİD Camalın evini havaya uçurdu, qardaşlarından birini öldürdü. Başqa bir qardaşını də əvvəl əsir alıb, sonra qətlə yetirdi. Bundan sonra Camal yoxa çıxdı. 2013-cü ilin noyabrında peyda olan Camal İŞİD-ə beyət etdiyini açıqladı. Camal terrorçular arasında qəddarlığı ilə məşhurdur. O, valideynlərinin gözü qarşısında uşağın başını kəsib".
Bu informasiyadan göründüyü kimi, terrorçuların nə milliyyəti, nə dini, nə məsləyi, nə də sevdikləri olur. Onların yalnız və yalnız bir amalları var-çoxlu adam öldürmək, şəhərləri dağıtmaq. Sanki bu əməllərdən həzz alırlar. Onlarla birgə olmayanların isə aqibəti bəllidir-qanlarına qəltan edilmək. Onlarla birgə olanların da aqibəti bəllidir- terrorçu yetişib ailəsindən üz döndərmək və aqibəti də yenə də qanlarına qəltan olmaq...
Nahid (şərti adıdır, valideynləri övladları ilə bağlı informasiyanın yayılmasını istəmirlər, hətta övladlarının əməllərindən xəcalət çəkirlər-A.Ş.) bir çoxları kimi məcburi köçkün həyatı yaşayıb. Ancaq bir çoxlarından da güzəranı yaxşı olub. Özünə ev-eşik qurub, oğul-uşaq sahibi olub. Tanıdığım bu nəsilin elə bir nümayəndəsi olmayıb ki, namaz qılsın, oruc tutsun. Müsəlmançılığın bu şərtlərinə əməl edənlərə də qəribə baxardılar. Bir sözlə, az qala ələ salardılar. Şəhərə gələndən sonra bu ailənin böyük oğlunun övladının dinə meyli yarandı. Əvvəlcə valideynləri etirazlarını bildirdilər ki, biz hara namaz qılmaq, oruc tutmaq hara. Nahid isə onları başa saldı ki, "bu günə qədər siz mənasız həyat yaşamısınız və sizlərin səhvlərinizi təkrarlamaq istəmirəm".
Ailə qurduğu qız da özünün təfəkkürü ilə desək başı bağlı, dindar qız idi. Qız övladları dünyaya gələndə Nahidin valideynləri ürək dolusu sevinmədilər. Çünki bi qızın aqbətini necə olacağını sanki bilirdilər. İkinci övladları da qız oldu.
Hər şeyin öz yoluyla getdiyi günlərin birində Nahid böyük qardaşına bildirdi ki, dolana bilmir, ona görə da Almaniyaya köçüb orada yaşamağa üstünlük verir. Qardaşı təəccübləndi:"Sən dil bilmirsən, əlində elə bir sənətin yoxdur ki, işləyib ailəni dolandıra biləsən, gəl bu fikirdən vaz keç". Ancaq Nahid kimsəni dinləmədən özünə məxsus olan nə varsa satıb sevdiklərini arxasında buraxıb ailəsiylə ölkəni tərk elədi. Nahidin valideynləri haqlı olaraq həm də gəlini qınadılar ki, niyə bu işə əngəl olmayıb...
Ölkədən gedəndən bir müddət sonra Nahidin səsi Suriyadan gəldi. Məlum oldu ki, o, heç Almaniyaya ayaq basmayıb. Hansı yollarlasa Suriyaya gedib, cihad məqsədilə. Nahidin valideynlərinin nələr çəkdiklərindən danışmağa ehtiyac yoxdu. Çünki hər bir valideyn istəyər ki, xeyirli övladı olsun və həmin övladla qürur duysun. Nahid isə əməlləriylə valideynlərini bu istəkdən məhrum elədi...
Bir müddət olardı ki, Nahiddən xəbər yoxuydu. Nəsil bir-birinə dəymişdi. Nahiddən çox onun ailəsini, qızlarını fikirləşirdilər. Ancaq bir gün xəbər gəldi gəlindən-Nahid döyüşlərin birində öldürülüb. Gəlin onu da çatdırdı ki, burda adətdir-ölən birinin ailəsi dul qalmasın deyə onu məcburən başqasına ərə verirlər. Bu gün Nahidin valideynləri Nahidi ağlamırlar. Onlar gəlıinlərinin və qız nəvələrinin müsibətlərini ağlayırlar...