
“Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra ölkədə yaranmış siyasi vəziyyət sülh prosesinin gələcək mərhələlərinə də təsir göstərir”.
Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan parlamentdə çoxluğu əldə etsə də, Konstitusiyaya dəyişikliklərin qəbulu ilə bağlı müəyyən çətinliklərlə üzləşə bilər:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir. Bunun üçün isə referendum keçirilməsi və konstitusion çoxluğun dəstəyi tələb olunur. Məhz bu çoxluğun təmin olunması məsələsi müəyyən suallar doğurduğundan prosesin bir qədər vaxt aparacağı gözlənilir”.
Ş.Həsənova qeyd edib ki, seçkilərdən sonra Paşinyan ona qarşı çıxan müxalif qüvvələrə və parlamentdə təmsil olunan bəzi siyasi fiqurlara qarşı hüquqi addımlar atmaqla siyasi mövqeyini gücləndirməyə çalışır:
“Bu prosesin bir müddət davam edəcəyini düşünürük. Nəticədə Konstitusiyaya dəyişikliklə bağlı məsələ parlamentə çıxarıldıqda, müxalifət daxilində də bunu dəstəkləyən deputatların olacağı istisna deyil. Paşinyan seçki kampaniyasında sülh gündəmini əsas prioritet kimi təqdim edib və bu istiqamətdə real nəticə əldə etmək üçün Azərbaycanın irəli sürdüyü Konstitusiya dəyişiklikləri tələbinin yerinə yetirilməsi zəruridir. Azərbaycan regionda dayanıqlı sülhün əldə olunmasında maraqlıdır və hazırda tərəflər arasında de-fakto sülh mühiti formalaşıb. Azərbaycan bu sülhün möhkəmləndirilməsi istiqamətində praktik addımlar atır. Belə ki, ölkəmiz öz ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Bundan başqa, Azərbaycandan Ermənistana 10 min tondan çox neft məhsulu ixrac edilib. Bu addımlar Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də Azərbaycanın sülh prosesinə sadiqliyini bir daha nümayiş etdirir: “Əgər Azərbaycan Ermənistana neft məhsullarının ixracını həyata keçirməsəydi, Ermənistanın idxal etdiyi ölkələrdə yaranmış çətinliklər fonunda bu ölkə daha ağır vəziyyətlə üzləşə bilərdi. Azərbaycan hüquqi baxımdan sülh müqaviləsi hələ imzalanmasa da, de-fakto sülhün möhkəmləndirilməsi istiqamətində addımlar atmaqla regionda sabitliyə töhfə verir. Ermənistan cəmiyyəti də mövcud reallıqları nəzərə alacaq və Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirildiyi təqdirdə sülh prosesini dəstəkləyəcək. Paşinyan da açıqlamalarında ilin sonuna qədər Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentə təqdim ediləcəyini bildirib. Bu isə onu deməyə əsas verir ki, məsələ yaxın aylarda gündəmə gələcək və ən geci bu ilin sonu və ya gələn ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün ola bilər”.
Günel Elxan