Bakıda Fransanın Milli Günü münasibətilə rəsmi qəbul keçirildi Siyasət

Bakıda Fransanın Milli Günü münasibətilə rəsmi qəbul keçirildi

Bakıda Fransanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Tədbir Azərbaycan və Fransanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut çıxışında bildirib ki, Azərbaycanda fəaliyyəti dövründə ölkə ilə yaxından tanış olmaq və Fransa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini görmək imkanı əldə edib:

“Azərbaycan son illər Formula 1 Qran-prisi, Dünya Şəhərsalma Forumu (WUF), Bakı Enerji Həftəsi və digər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü qlobal miqyasda mühüm platforma kimi təsdiqləyib”.

O, bu tədbirlərdə Fransadan yüksək səviyyəli nümayəndə heyətlərinin iştirak etdiyini vurğulayaraq, beynəlxalq dialoq üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Sofi Laqut qeyd edib ki, regionda baş verən dəyişikliklər diqqətəlayiqdir və Azərbaycan rəhbərliyinin Ermənistanla sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir.

Diplomat işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə toxunaraq, Qarabağın sürətlə inkişaf etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda davamlı və geridönməz sülhün bərqərar olması istiqamətində Azərbaycana dəstək verməyə hazırdır.

Sofi Laqut Azərbaycan gənclərinin Fransa və Avropaya böyük maraq göstərdiyini bildirib:

“Tələbələr, məktəblilər, gənc səfirlər, sahibkarlar və müxtəlif layihələrin iştirakçıları ilə görüşlər qarşılıqlı anlaşma və əməkdaşlıq üçün geniş imkanlar yaradır”.

Diplomat vurğulayıb ki, Fransa-Azərbaycan münasibətlərinin əsasını insanlar arasında formalaşan əlaqələr təşkil edir.

Bu kontekstdə o, bu il 10 illiyini qeyd edən Fransa-Azərbaycan Universitetinin (UFAZ) iki ölkə arasında əməkdaşlığın ən uğurlu nümunələrindən biri olduğunu deyib:

“Fransa Azərbaycanla təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əməkdaşlığı davam etdirir. Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətləri uzunmüddətli investisiyalar yatırır, yerli kadrların hazırlanmasına və müxtəlif təqaüd proqramlarına dəstək verir”.

Medial

Medial