11:35
665
Avropa Komissiyası (AK) Ukraynaya Avropa İttifaqı kreditinin bir hissəsini Çin istehsalı olan PUA-lar üçün ehtiyat hissələrinin alınmasına xərcləməyə icazə verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət 60 milyard avro həcmindəki müdafiə krediti çərçivəsində 5,9 milyard avro məbləğində olan ilk tranşdan gedir. Kiyev bu vəsaitlərlə istehsalında əsas payı Aİ, Kanada və ya Böyük Britaniya şirkətlərinə məxsus olan silahları satın ala bilər. Aİ ilə müttəfiq olan digər ölkələr Brüssellə tərəfdaşlıq sazişi imzalayaraq bu sxemə qoşula bilərlər. Digər dövlətlərin şirkətlərinin payı 35%-dən çox olmamalıdır.
Bu qaydalardan istisnalar o halda nəzərdə tutulur ki, Kiyevə lazım olan hərbi məhsulun təsdiqlənmiş ölkələr siyahısında analoqu olmasın və ya həmin ölkələr tərəfindən kifayət qədər həcmdə istehsal edilməsin. Ukrayna hakimiyyəti AK-yə müraciət edərək 5,9 milyard avronun bir hissəsini Çin istehsalı olan PUA-lar üçün müəyyən komponentlərin alınmasına xərcləməyə icazə verilməsini xahiş edib. Avropa Komissiyası və Ukrayna Müdafiə Nazirliyi qəzetin şərh sorğusuna cavab verməyiblər.
Nəşr qeyd edir ki, AK-nin bu qərarı, Ukraynaya silah tədarükünü artırmaq hesabına Avropanın sənaye bazasını gücləndirmək cəhdlərinə baxmayaraq, Avropa İttifaqının müdafiə sənayesində imkanların çatışmazlığının hələ də qaldığını nümayiş etdirir.
Məryəm Quliyeva