“Müəllimlərin maaşı ilə bağlı konkret qərar veriləcək” Hadisə

“Müəllimlərin maaşı ilə bağlı konkret qərar veriləcək”

Mikayıl Cabbarov: "Müəllimlərin attestasiyasının keçirilməsi və differensiyalaşdırılmış əmək haqqı sistemi gələcəkdə bütün respublika ərazisində tətbiq oluna bilər"

"Hazırda Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi müvafiq qurumlarda razılaşdırma mərhələsindədir". Bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin ötən gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Nazir bu layihənin qısa müddət ərzində razılaşdırılacağına ümid etdiyini bildirib: "Burada məqsəd sınaq qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarının mərhələli şəkildə artırılması barədə konkret qərarın verilməsidir. Ümid edirik ki, yaxın zamanlarda biz buna nail ola biləcəyik".
Nazir qeyd edib ki, bütün respublika üzrə müəllimlərlə bağlı rayon və kənd məktəblərində vakant ştatların sayı 3%-dən 1%-ə enib. Mikayıl Cabbarov bildirib ki, 2013-2014-cü tədris ilində respublika məktəblərində şagirdlərin sayı 1 milyon 291 min nəfər idisə, cari tədris ilində bu göstərici 1 milyon 322 min nəfərdir. Yəni şagirdlərin sayı 31 min nəfər artıb. Eyni müddət ərzində müəllimlərin sayı 4000 nəfər azalıb: "Burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Bu da onu göstərir ki, Təhsil Nazirliyi sistemin optimallaşdırılması üçün addımlar atır. Nazirlik bu sahədə islahatları davam etdirməyə hazırdır. Çünki bu, təhsilin keyfiyyətinə birmənalı şəkildə müsbət təsir göstərir".
M.Cabbarov qeyd edib ki, hazırda Azərbaycanın ümumtəhsil sistemində 151 min müəllim çalışır.
Onun sözlərinə görə, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Azərbaycanda isə Təhsil Nazirliyinin apardığı son tədbirlər və sistemin optimallaşdırılması nəticəsində bir müəllimə düşən şagirdlərin sayı ötən dövr ərzində 8-dən 9-a yüksəlib. Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir.
M.Cabbarov bildirib ki, aparılan stimullaşdırıcı tədbirlər sayəsində ölkənin ali təhsil müəssisələrində müəllimlik ixtisasları üzrə qəbul balları yüksəlib. Bu da onu göstərir ki, cəmiyyətdə müəllimin nüfuzunun artırılması üçün həyata keçirilən işlər müəyyən nəticələr verir.
Nazir qeyd edib ki, müəllimlər üçün sınaq qiymətləndirilmənin, sonra təkmilləşdirmə kurslarının və daha sonra attestasiyasının keçirilməsi və nəticə etibarilə differensiyalaşdırılmış əmək haqqı sistemi gələcəkdə bütün respublika ərazisində tətbiq oluna bilər.
M.Cabbarov qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin xüsusi kurslar vasitəsilə təkmilləşdirilməsi imkanları yaradılıb: "Yalnız bundan sonra attestasiya həyata keçiriləcək. Burada biz sosial yanaşmaya üstünlük verdik. Bir sıra, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə birbaşa attestasiya keçirildi. Ancaq biz dövlətin sosial siyasətini nəzərə alaraq, hər hansı müəllimi attestasiyaya dəvət etməmişdən əvvəl öz tərəfimizdən bütün lazımi şəraiti yaratmalıyıq ki, müəllimlərin təkmilləşdirilməsi müvafiq zəif yerləri bilərək həyata keçirilsin".
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü ilin sonunda qəbul etdiyi müvafiq qərara əsasən, müəllimlərin maksimal dərs yükü 3 stavkaya və yaxud 36 dərs saatına bərabər ola bilər. Müəllimlərin maksimal dərs saatının 24 saat olması barədə hər hansı bir məhdudiyyət yoxdur: "Bu, köhnə qayda idi. Yeni qayda artıq tətbiq olunur. Əməkhaqqının ödənişinə gəldikdə, 12 saat olan stavka üçün minimal əməkhaqqı 155 manat, maksimal əmək haqqı 207 manatdır".
M.Cabbarov deyib ki, NK tərəfindən verilən 15 avqust 2014-cü il tarixli qərara əsasən, rayon və kəndlərdəki orta məktəblərdə vakant müəllim ştatlarının azaldılması məqsədilə gənc müəllimlərin həvəsləndirilməsi üçün ödənilən vəsaitlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb:
Hərbi hazırlıq və bədən tərbiyəsi üzrə tədrisin aşağı səviyyədə olması barədə deyilən tənqidləri də dəyərləndirən Mikayıl Cabbarov deyib ki, rəhbərlik etdiyi qurum bu yöndə problemlərin aradan qaldırılması üçün gərəkli addımlar atır.
Nazirin sözlərinə görə, Azərbaycanın bütün orta məktəblərindəki hərbi hazırlıq kabinetləri yeni avadanlıqlarla təmin ediləcək. O bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin "Kosmik" Cihazqayırma Təcrübi Zavodu ilə birgə ölkədəki bütün orta məktəblərin hərbi otaqlarının Azərbaycanda istehsal olunan coxşaxəli, xüsusi avadanlıqlarla təmini üçün işlərə başlanılıb. Bu il ərzində 50 məktəbdə hərbi kabinetlər həmin avandıqlarla təmin ediləcək. O, qeyd edib ki, hazırda orta məktəblərdə hərbi hazırlıq və fiziki hazırlıq dərslərinin tədris yükü 2 saatdır.
M.Cabbarov Azərbaycanda orta məktəblərdə fakültativ dərs kimi Qarabağ tarixinin tədrisinə başlanıldığını da vurğulayıb.
Nazir deyib ki, xaricdən professorlar Azərbaycan ali məktəblərinə cəlb ediləcək. O, millət vəkili Siyavuş Novruzovun dərsliklərlə bağlı iradlarına cavab verib: "Azərbaycanın ümumtəhsil məktəblərində birinci sinifdə tədris vəsaitlərinin ümumi çəkisi 1 kq 240 qramdır. Gələcəkdə bunun mümkün qədər daha da optimallaşdırılmasına çalışırıq".
Onun sözlərinə görə, Təhsil Nazirliyi dərsliklərin hazırlanması prosesini daha çox optimallaşdırmağa çalışır. Bu məqsədlə artıq 6 və 7-ci siniflər üçün bütün dərsliklər açıq şəkildə elektron resursda yerləşdirilib.
Nazir bildirib ki, bütün şagirdlərin bu dərsliklərin elektron variantlarını yükləmək imkanları var: "Amma təbii ki, bu mövzuda bizim üçün ən mühüm olanı dərsliyin məzmunudur. Bu istiqamətdə öz fəaliyyətimizi davam etdiririk".