Bəzi ölkələrdə Ermənistan vətəndaşları özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər Hadisə

Bəzi ölkələrdə Ermənistan vətəndaşları özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər

Dövlət Miqrasiya Xidməti: "Onlar istəyirlər ki, həmin ölkənin müvafiq qurumları onların vətəndaşlıqlarını müəyyənləşdirə bilməsin"

"Bəzi ölkələrdə qanunsuz yaşayan Ermənistan vətəndaşları özlərini qəsdən Azərbaycan vətəndaşları kimi qələmə verirlər". Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev Bakıda "Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsi çərçivəsində qayıdış və readmissiya üzrə keçirilən beynəlxalq seminarın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif ölkələrində yaşayıb işləyən Azərbaycan Respublikasının vətəndaşları var. Onların bir qismi bu ölkələrdə qanuni şəkildə yaşayırlar, digər qismi isə heç bir sənəd olmadan qanunsuz şəkildə yaşayır və həmin ölkələrin müvafiq saxlama mərkəzlərində uzun müddət qalırlar.
DMX-nin rəis müavini bəyan edib ki, bu şəxslərin hüquqlarının qorunması Azərbaycan hökümətinin üzərinə düşür və həmin şəxslərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər görüləcək: "Çünki bizim əməkdaşlarımız həmin ölkələrin saxlama mərkəzlərində olarkən orada saxlanılan şəxslərlə bir sıra görüşlər keçirərkən məlum olub ki, həmin şəxslərin bir çoxu heç Azərbaycan Respublikasının vətəndaşları deyil, bir qismi Ermənistan vətəndaşlarıdır və özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər. Onlar istəyirlər ki, həmin ölkənin müvafiq qurumları onların vətəndaşlıqlarını müəyyənləşdirə bilməsin".
Pərviz Musayev qeyd edib ki, bu gün Dövlət Miqrasiya Xidməti tam gücü ilə fəaliyyət göstərir. Son 10 ay ərzində Azərbaycanda qanunsuz yaşayan 4000-dən artıq əcnəbi inzibati qaydada ölkədən çıxarılıb, 3000-nə yaxın əcnəbinin ölkə ərazisində yaşaması leqallaşdırılıb, 22000-dən artıq əcnəbinin könüllü olaraq öz ölkələrinə qaytarılması təmin olunub.
O deyib ki, DMX "Cənubi Qafqazda səmərəli readmisiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsininin həyata keçirilməsində tərəfdaş kimi iştirak edir. Bu layihənin həyata keçirilməsi bu gün Cənubi Qafqaz ölkələri, eləcə də Azərbaycan üçün ən vacib məsələlərdən biridir.
Bu layihənin vacibliyi Azərbaycan Respublikası və Avropa İttifaqı arasında viza sadələşdirilməsi və readmissiya məsələri üzrə imzalanmış və hazırda qüvvədə olan sazişlə bağlıdır. DMX isə bu istiqamətdə məsələlərin həlli üzrə səlahiyyətli qurum kimi müəyyənləşdirilib.
Onun sözlərinə görə, artıq readmissiya məsələlərinin həyata keçirilməsi ilə bağlı artıq Avropa ölkələrinin dövlət miqrasiya xidmətlərindən Azərbaycan hökümətinə müvafiq sorğular daxil olmağa başlayıb.
Rəis müavini bildirib ki, DMX-nin 2 saxlama mərkəzi artıq fəaliyyət göstərir və bu mərkəzlərdə readmissiya olunacaq şəxslərin yerləşdirilməsi üçün tam şərait mövcuddur: "Biz artıq Avropa İttifaqına göndəriləcək şəxslərin qəbul edilməsinə demək olar ki hazırıq. Saxlama mərkəzlərində readmissiya olunacaq şəxslərin saxlanılması ilə bağlı məsələlər qanunvericilikdə öz əksini tapıb".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Jeroen Villems diqqətə çatdırıb ki, bu gün dünya əhalisinin 3 faizi miqrantdır: "Bu gün Avropa İttifaqının 4 faiz əhalisi miqrantdır. Araşdırmalar göstərir ki, miqrasiya dövlətlərə bir çox iqtisadi üstünlüklər gətirir. Eyni zamanda ölkələr üçün miqrasiya problemləri yaradır. Hesab edirəm ki, bu məsələlərin həllində readmissiya daha çox köməyə gələ bilər".
Tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak isə layihənin əhəmiyyətindən danışıb.