Azərbaycanda KİV-in işi çətinləşəcək Hadisə

Azərbaycanda KİV-in işi çətinləşəcək

Qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər ediləcək.
Milli Məclisdən verilən məlumata görə, "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən təqdim edilib.
Layihəyə görə Azərbaycanda əvvəl təsis edilmiş digər mətbu nəşrlə oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə icazə verilməyəcək. Hazırkı qanuna görə, Azərbaycanda əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir.
Dəyişiklikləri nəzərdə tutan yeni layihəyə görə, eyni adlarla yanaşı, oxşar adlı mətbu nəşrlərin də təsis edilməsinə icazə verilməyəcək. Bu məqsədlə qanun layihəsində "oxşar ad" anlayışı da tam şəkildə aydınlaşdırılıb. Oxşar ad əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən adlardır. Bununla yanaşı, əvvəllər uçota alınmış mətbu nəşrin adına simvol və ya simvolu ifadə edən söz əlavə edildikdə də, o, oxşar ad hesab olunacaq.
Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq.