Bahar Muradova Hande Harmancı ilə görüşüb Hadisə

Bahar Muradova Hande Harmancı ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə görüşüb.

Komitədən bildirilib ki, B. Muradova qadınların dünya miqyasında çətin və vacib işlərdə öz üzərinə götürdükləri rolu yüksək səviyyədə yerinə yetirdiklərinin çox müsbət hal olduğunu deyib: “Siz həm təmsil etdiyiniz qurumun prioritetlərini və onların qarşınıza qoyduğu vəzifələri həyata keçirir, həm də təmsil olunduğunuz ölkə üçün vacib olan işlər görürsünüz. Bütün bunlara görə sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, bu fəaliyyətiniz də daxil olmaqla, ümumi dünya səyləri öz nəticələrini verəcək və biz nəhayət normal həyata yenidən qayıdacağıq”.

Daha sonra Hande Harmancı COVİD-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığının artdığını qeyd edərək, bu sahədə də hər zaman yardıma hazır olduqlarını nəzərə çatdırıb.

Daha sonra ÜST-ün Azərbaycandakı milli məsləhətçisi Vüqar Məmmədov “Azərbaycanda köməkçi texnologiya (KT) sektorunun gücləndirilməsi” layihəsi ilə bağlı təqdimatla çıxış edib, layihənin əsas məqsədinin əhalinin KT əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, köməkçi vasitələrin əlçatanlığı üçün effektiv siyasətin tətbiq edilməsi və həyata keçirilməsinə dəstəyin verilməsi olduğunu qeyd edib.

ÜST-ün hazırladığı sorğunun ən müasir sosioloji tələblər əsasında tərtib olunduğunu bildirən Vüqar Məmmədov qeyd edib ki, sorğu bu günə qədər artıq 40 ölkədə tətbiq olunub. Həmçinin, Qarabağ və onun ətrafında baş verən münaqişədən bəhs edən V.Məmmədov əlavə edib ki, hazırda ölkədə Köməkçi Texnologiyanın vacibliyinə ehtiyac əvvəlkindən də çoxdur.