"Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil" Siyasət

"Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil"

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını təhlil edərkən, mediada daha çox səslənən bəyanatlardan fərqli olaraq diqqətdən yayınan bir neçə strateji mesajı tuta bildim. Bu, çıxış Prezident İlham Əliyevin Azərbaycanın yaxın illər üçün geosiyasi strategiyasını əks etdirən mühüm mesajlar toplusu idi.

Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.

"Çıxış göstərdi ki, Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil, onların istiqamətini müəyyənləşdirən əsas aktorlardan birinə çevrilmək niyyətindədir. Ən diqqətçəkən məqamlardan biri Qarabağ mövzusunun əvvəlki illərlə müqayisədə daha az ön plana çəkilməsi idi ki, bu da ölkənin postmünaqişə mərhələsinə keçid etdiyini nümayiş etdirir. Bunun əvəzinə regional əməkdaşlıq, iqtisadi inkişaf və nəqliyyat-kommunikasiya layihələri əsas prioritet kimi təqdim olundu" - politoloq deyib.

O, qeyd edib ki, Ukrayna müharibəsi ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Bu mövqe dolayısı ilə Azərbaycanın gələcəkdə də beynəlxalq münasibətlərdə ikili standartların əleyhinə çıxış edəcəyinə işarə idi:

"İran barədə verilən mesajlar isə rəsmi Bakı öz milli təhlükəsizliyi və suverenliyi məsələlərində qətiyyətli mövqeyini qoruyacağını göstərdi. Çıxışdan hiss olunurdu ki, İran və Rusiyanın son illərdə üzləşdiyi problemlər Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırır və Azərbaycan bu reallığın yaratdığı imkanlardan istifadə etməyə çalışır. Ötən forumda Prezident İlham Əliyevə verdiyi suala görə Rusiyada TASS nüfuzlu media qurumun rəhbərliyindən qovulan həmyerlimiz Mixail Qusmana dövlətin sahib çxımasını nümayiş etdirməklə İlham Əliyev iki hədəf vurdu. Azərbaycan üçün bütün istiqamətlərdə çalışan vətəndaşlarımıza dayaq nümayişi olmaqla yanaşı ədalətsiz davranan ölkələrin böyük və kiçikliyindən asılı olmayaraq sözünü deyə bildiyimizin nümayişi idi.

Eyni zamanda Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi də Azərbaycanın xarici siyasətində türk dünyasının strateji əhəmiyyətini qoruduğunu təsdiqlədi".

Cavid