
11 iyul 2026-cı il tarixində “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi və EKO Monitorinq-in birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun Buynuz kəndində “Ekoloji Dostluq Layihəsi” çərçivəsində ekoloji düşərgə təşkil olunub.
Layihənin əsas məqsədi ekoloji maarifləndirmənin gücləndirilməsi, ətraf mühitin mühafizəsinə məsuliyyətli münasibətin formalaşdırılması, təbiətin qorunmasının təşviqi və ekoloji dəyərlərin cəmiyyət arasında təbliği olub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti müavini Eyyub Musayev iştirak edib. O, çıxışında ekoloji maarifləndirmə istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, bu cür təşəbbüslərin cəmiyyətdə ekoloji şüurun formalaşmasına və ətraf mühitin qorunmasına mühüm töhfə verdiyini bildirib.
Ekoloji düşərgədə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər. Proqram çərçivəsində peşəkar təlimçi Fəzilə Əsgərova tərəfindən komanda işi, effektiv ünsiyyət və şəxsi inkişaf mövzularını əhatə edən interaktiv təlim keçirilib.
Həmçinin təlimçi Nurlan Axundov tərəfindən ekoloji maarifləndirici təlim təqdim olunub. Təlim zamanı ətraf mühitin mühafizəsi, ekoloji məsuliyyət, təbii sərvətlərdən səmərəli istifadə, tullantıların düzgün idarə olunması və ekoloji davranış vərdişlərinin formalaşdırılması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Düşərgə çərçivəsində açıq havada komanda oyunları, interaktiv fəaliyyətlər və iştirakçıların birgə əməkdaşlığını gücləndirən müxtəlif proqramlar təşkil olunub. Tədbir iştirakçıların həm ekoloji biliklərinin artırılmasına, həm də komanda ruhunun möhkəmləndirilməsinə, sosial ünsiyyət bacarıqlarının inkişafına və təbiətlə daha yaxından ünsiyyət qurmasına şərait yaradıb.
Belə təşəbbüslər regionlarda ekoloji maarifləndirmənin genişlənməsinə və ətraf mühitin qorunması istiqamətində ictimai fəallığın artırılmasına mühüm töhfə verir.
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi gələcəkdə də cəmiyyətin ekoloji maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf məqsədlərinə xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcək.