27 nəfərin saxta diplom aldığı aşkarlanıb Hadisə

27 nəfərin saxta diplom aldığı aşkarlanıb

Məleykə Abbaszadə: "Azərbaycanda orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son 22 il ərzində Azərbaycanda ali təhsil müəssisələri üzrə ən yüksək və ən aşağı müsabiqə vəziyyətini müəyyənləşdirib. APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında deyib ki, 1992-2014-cü illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir. Onun sözlərinə görə, 1992-2014-cü illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.23, abituriyent ərizələrinin sayı isə 2.41 dəfə artıb: "İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunası abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2014-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli düşüb". TQDK sədri qeyd edib ki, ölkədə hər qrupun ən nüfuzlu ixtisası da müəyyənləşdirilib. Onun sözlərinə görə, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)", IV qrupda isə Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I ixtisas qrupundan başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına üstünlük veriblər".

Uşaqlar ana dilini də yaxşı mənimsəmirlər

Azərbaycanda orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 25-49 faizini mənimsəyir. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında bildirib ki, ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib. Onun sözlərinə görə, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 41.38, ədəbiyyatdan 37.52, riyaziyyatdan I, II qruplarda 26.33, III, IV qruplarda fizikadan 27.40, kimyadan 25.59, biologiyadan 28.10, tarixdən 31.01, Azərbaycan tarixindən 35.95, coğrafiyadan 37.36, ingilis dilindən I qrupda 29.50, II, III qruplarda 33.45 faizinə düzgün cavab verib: "Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 47.86, ədəbiyyatdan 48.58, riyaziyyatdan I, II qruplarda 30.62, III, IV qruplarda 31.59, fizikadan 32.23, kimyadan 31.04, biologiyadan 33.84, tarixdən 27.62, Azərbaycan tarixindən 32.96, coğrafiyadan 37.98, ingilis dilindən I qrupda 45.41, II, III qruplarda 48.68 faizini düzgün cavablandırıb. Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 25-49 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonlarımız, məktəblərimiz, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır". TQDK sədri əlavə edib ki, imtahan fənlərinin göstəricilərindən göründüyü kimi, Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir. Onun dediyinə görə, rus bölməsində ən aşağı nəticə I qrupda riyaziyyat, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub: "Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsi abituriyentlərinin riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər əsasən test tapşırıqlarının 23-29 faizinə düzgün cavab verir, 32-48 faizinə isə cavab verməkdən imtina edirlər. Ötən illə müqayisədə isə ən böyük fərq tarix fənni üzrə olub. Belə ki, ötən il tarix fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 36.35%-dən 31.01%-ə qədər aşağı düşüb".

Bakının ən yaxşı məktəblərinin adı açıqlanıb

2014-cü ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20 481 şagird bitirib, onların 19 855 nəfəri buraxılış imtahanında iştirak edib, 17 563 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. Məleykə Abbaszadə deyib ki, şəhər məzunlarının buraxılış imtahanında topladıqları orta bal ana dili fənni üzrə 19.40, riyaziyyat fənni üzrə 18.39, hər iki fənn üzrə birlikdə 37.79-a bərabərdir. Onun sözlərinə görə, bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 16.93%, 15.55% və 16.22% yuxarıdır: "Buraxılış imtahanında ana dili fənni üzrə məzunların 6.04%-i "2", 32.66%-i "3", 36.23%-i "4", 25.07%-i "5", riyaziyyat fənni üzrə isə 9.04%-i "2", 28.07%-i "3", 40.74%-i "4", 22.15%-i "5" qiyməti alıb. Ümumilikdə 20 272 nəfər attestat alıb. Attestat alanların 86.03%-i (17440 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 10100 məzunu (imtahanda iştirak edənlərin 57.91 faizi) tələbə adını qazanıb. Onların 31.52%-i (3184 nəfəri) dövlət, 0.81%-i (82 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 53.02%-i (5355 nəfəri) dövlət, 14.64%-i (1479 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub". TQDK sədri deyib ki, şəhər məzunlarının 1832 nəfəri 500-dən, o cümlədən 536 nəfəri 600-dən yuxarı bal toplayıb: "Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 249.706-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 7.6% yuxarıdır. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 24.56% (4283 nəfər), 100-200 intervalında 20.13% (3510 nəfər), 200-300 intervalında 18.97% (3308 nəfər), 300-500 intervalında 25.84% (4506 nəfər), 500-dən yuxarı 10.51% (1832 nəfər). Beləliklə, şəhərin abituriyentlərinin yalnız 36.34%-i 300-dən yuxarı bal toplayıb". Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 2.69%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 52.33%-dir. Qəbul imtahanlarında 320 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 291 saylı "Araz" ekologiya liseyi, 287 saylı "Zəkalar" liseyi, 72 saylı məktəb-lisey, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya, 189 saylı orta məktəb, 313 saylı orta məktəb, 62 saylı məktəb-lisey, 299 saylı tam orta məktəb, 220 saylı məktəb-lisey, 145 saylı tam orta məktəb, 261 saylı məktəb-lisey, "Təlim" firmasının nəzdində orta məktəb, 207 saylı tam orta məktəb, 264 saylı məktəb-lisey, 23 saylı tam orta məktəb, 70 saylı məktəb-lisey, 30 saylı tam orta məktəb, 92 saylı tam orta məktəb, 12 saylı tam orta məktəb və 214 saylı tam orta məktəbi daxil olub. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 266.454-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 2.1% yuxarıdır.

618 nəfər TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb

"Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə 1992-2014-cü illər ərzində 2 460 557 şəxs haqqında məlumat daxil olub. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında deyib ki, bu illər ərzində onlardan 23 min tələbə TQDK tərəfindən heç bir ali məktəbə qəbul olunmamış şəxslərdir. TQDK sədri qeyd edib ki, bu hallar onlar magistratura və ya diplomdan sonrakı digər qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdə aşkar olunub. Onun sözlərinə görə, hesabat ili dövründə - 2014-cü il ərzində komissiyaya müxtəlif qurumlardan daxil olan sorğularda 4900 insan haqqında məlumat istənilib: "Onlardan 1500-nün bizim tərəfdən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar. Bu il magistratura və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb. Onlar müxtəlif yollarla - daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsilə ali məktəblərdə təhsil alıblar. Bundan başqa, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib".