«İşğal vadisi» tarixi romanının təqdimatını keçirilib Hadisə

«İşğal vadisi» tarixi romanının təqdimatını keçirilib

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yazıçı-publisist, respublikanın əməkdar jurnalisti Yusif Kərimovun "İşğal vadisi" tarixi romanının təqdimatı keçirilib. Tədbiri giri sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təsdiqlədiyi "Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı"na əsasən ölkəmizin müxtəlif bölgələrində silsilə toplantılar reallaşdırılmaqdadır. "Xocalı soyqırımı tarix boyu üzləşdiyimiz faciələrdən biridir. Bu faciələr, eyni zamanda üzləşdiyimiz işğal faktları tariximizin tərkib hissəsidir. Yaşantılarımızın bütün təfərrüratları ilə cəmiyyətə çatdırılması isə qarşımızda duran mühüm vəzifələrdəndir. Buna görə də Mətbuat Şurası "İşğal vadisi" romanının təqdimatını da məhz Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirir", - deyə o vurğulayıb. Ə.Amaşov həmçinin "İşğal vadisi" romanını tariximizə maraq yaradan bədii-publisistik yaradıcılıq nümunəsi olaraq dəyərləndirib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin üzvü Məzahir Süleymanzadə çıxışında geniş bədii diapazona malik Yusif Kərimov yaradıcılığındakı xarakterik cizgilərin təsvirini verib, müəllifi ustad jurnalist kimi dəyərləndirib. O bildirib ki, təqdimatı keçirilən nəşri oxuayarkən Y.Kərimovun öz obrazını da görmək mümkündür. "Tarixi prosesləri canlandırdıqda dəqiqlik mühüm şərtdir. Hesab edirəm ki, müəllif bunu bacarıb. Kitabın bölmələrinin hər biri də zənnimcə, ayrılıqda bir əsərdir", - deyən Məzahir Süleymanzadə "İşğal vadisi"ndə yer adlarının və digər etnoqrafik çalarların təhlilinin əksini tapmasını yüksək qiymətləndirib, romanı gələcək nəslin mənəvi tərbiyəsi baxımından xarakterizə edib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Yusif Kərimov özünü ədəbi-bədii mühitdə təsdiqləmiş qələm sahibidir. Ancaq onun yaradıcılığında jurnalistlik fəaliyyəti xüsusi həlqəni təşkil edib. "Ola bilər, Yusif müəllim birbaşa bədii yaradıcılığa köklənsəydi, biz bu gün onu məhz bədii-tarixi janrlı əsərlərin müəllifi kimi daha yaxından tanıyardıq. Bu mənada Azərbaycan jurnalistikası daha çox qazanıb", - deyən Umud Rəhimoğlu Yusif Kərimovun MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri kimi səmərəli ictimai fəaliyyətindən də söz açıb.
MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas "İşğal vadisi" tarixi romanını xalqımızın qan yaddaşının cilalanması nöqteyi-nəzərdən mükəmməl yaradıcılıq nümunəsi olaraq dəyərləndirib. Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir təqdimatı keçirilən nəşri işğal tariximizi bədii yaradıcılıqla çulğalaşdıran əsər kimi xarakterizə edib. O bildirib ki, kitabda müəllif ziyalı və vətəndaş mövqeyini ortaya qoymaqla əsərini bir növ, gələcək üçün kompasa çevirib.
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin çıxışında diqqət çəkdiyi məqam Azərbaycanın parçalanmasının poeziyamızda geniş əksini tapması olub. Baş redaktor eyni genişliyin nəsr nümunələri üçün səciyyəvi olmadığını vurğulayıb. O bu baxımdan "İşğal vadisi"nin motivinin müstəsna mərama xidmət etdiyini vurğulayıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli nəşrin dil və üslub xüsusiyyətlərindən danışaraq bildirib ki, müəllifin romanında yaratdığı tarixin öyrənilməsi eyni zamanda mənəvi anlamda da vacibdir. Çünki orada təkcə faciələrimiz deyil, onların fonunda qürur duya biləcəyimiz epizodlar var.
"Assa irada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas çıxışında "İşğal vadisi"nin tarixi roman mahiyyəti ilə yanaşı, elmi məxəz kimi müstəsna rol oynadığını qabardıb. Vetaran jurnalist Şakir Yaqubov bildirib ki, Yusif Kərimovun yaradıcılığı üçün xaraterik cəhətlərdən biri də onun mövzulara cəsarətli yanaşma tərzidir.
"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu Arazbasar bədii obrazının yaradılmasını roman üçün səciyyəvi xüsusiyyət kimi önə çəkib. O, həmçinin bildirib ki, əsərin mövzusu geniş həcmli tarixi-bədii serialın çəkilməsinə imkan verir və bu məsələyə həssas yanaşılmasına ehtiyac var.
Çıxış edənlərdən "Addım" qəzetinin baş redaktoru Anar Vəziroğlu, tanınmış veteran jurnalist Şəddat Cəfərov və başqaları "İşğal vadisi"nin motivini təşkil edən proseslərin ümumən Azərbaycan tarixinin önəmli mərhələsi olduğunu əsaslandırıblar.
Sonda çıxış edən Yusif Kərimov toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, həmçinin müəllifi olduğu əsərdəki bir sıra spesifik məqamalar aydınlıq gətirib.