Azay Quliyevdən “5-lik Sədrlər Şurası” təklifi Hadisə

Azay Quliyevdən “5-lik Sədrlər Şurası” təklifi

"Minsk Qrupunun uğursuzluğu bizi daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir. Hesab edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik".
Bu sözləri ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qurumun qış sessiyasında çıxışı zamanı deyib.
Azay Quliyev bildirib ki, həmsədrliyə cəlb edilmək üçün ən münasib ölkələr Almaniya və Türkiyədir: "Hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk Qrupunun hazırkı həmsədrlik institutunu "5-lik Sədrlər Şurası" ilə əvəzləyə bilərik. Niyə məhz Almaniya və Türkiyə? Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir, bundan əlavə, onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu "Şərq Tərəfdaşlığı" proqramından effektiv şəkildə istifadə imkanları var. Bu təşəbbüslə çıxış edərkən Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm. Türkiyənin isə Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları var ki, bunu yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişi imzalamasına öz töhfəsini verə bilər. Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağprobleminin həllindən asılı olmasıyla bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri cənab İvitsa Daçiçdən, eləcə də ATƏTNazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar".