“Sərsəng”-ermənilərin terror təhdidi Hadisə

“Sərsəng”-ermənilərin terror təhdidi

Rauf Sultanov: "Ermənilər Azərbaycan ərazilərini tamamilə sudan məhrum etməkdən belə çəkinmirlər"

II yazı...

Ermənistanın "Sərsəng" su anbarı ilə bağlı yaratdığı ekoloji fəlakət davam edir. Qeyd edək ki, bu problemlə bağlı beynməlxalq qurumlara dəfələrlə müraciət olunsa da hələ bir nəticə əldə olunmayıb.
Qeyd edək ki, Sərsəng su anbarı 1976-cı ildə keçmiş Ağdərə rayonu ərazisində Tərtər çayı üzərində inşa olunub. 560 milyon kubmetr su tutumu var və Mingəçevir, Şəmkir su anbarı, Araz su qovşağından sonra həcminə görə Azərbaycanın dördüncü böyük su anbarıdır. Vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsi buradan suvarılırdı. Sərsəng su anbarı dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən hündür relyefə malik su anbarıdır. Bəndinin hündürlüyü 125 metrdir. "Sərsəng" su anbarı çox böyük texniki parametrləri olan əhəmiyyətli bir meliorasiya obyektidir. Vaxtilə Azərbaycan mütəxəssisləri tərəfindən bəndin təhlükəsizliyi ilə bağlı mütəmadi profilaktik təmir işləri görülüb. Lakin su anbarı 1993-cü ildə ermənilərin işğalına məruz qaldıqdan sonra texniki və təhlükəsizlik baxımından faktiki nəzarətsiz qalıb. Erməni tərəf bununla bağlı hər hansı tədbir, bənd bərkitmə işləri görmür. Su anbarı 40 ilə yaxındır ki, tikilib və son 20 ildən çoxdur ki, burada təbii aşınma proseslərinə nəzarət edilmir və o texnogen təhlükə mənbəyinə çevrilir. Digər tərəfdən, erməni tərəf suvarma üçün lazım olan vaxtlarda anbarın illik su normasının yalnız 10-15 faizini buraxır və ətraf ərazilərdə əkin sahələri quraqlıqdan məhv olur. Qış aylarında isə anbardan illik su sərfinin 85-90 faizini qəsdən buraxır ki, bu da başqa bir ekoloji gərginliyə, sel və daşqınlara səbəb olur. Baş verəcək hər hansı təbii kataklizm, zəlzələ və s. isə bəndin dağılmasına, regionun humanitar və ekoloji fəlakətinə səbəb ola bilər. Bu baxımdan su anbarından aşağıda yaşayan 400 minə yaxın əhali daim təhlükə altındadır.
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru, professor Rauf Sultanov bildirib ki, dünyada ekoloji problemlər çoxdur və bu problemləri həll etmək üçün dünya miqyasında yüz milyardlarla dollar vəsait xərclənir: "Amma bunun qarşısını almaq praktiki mümkün deyil. Respublikamızda ekoloji problemlərdən də ciddi başqa problem var. Bu da 1.7 milyon hektar torpağımızın işğal edilməsidir. Hazırda işğal edilmiş ərazilərdə 2 milli: Qarabağ və Bəsitçay və 4 müvəqqəti qoruq var. Müvəqqəti qoruqları işğal altında olduğu üçün genişləndirə bilməmişik. Onlar Arazboyu, Laçın, Cəbrayıl, Qubadlı qoruqlarıdır. 1.7 milyon hektar ərazinin 254 min hektarı meşələrdir. Və orada 460-a yaxın bitki növü olub. Onların 70-i relikt, endemik bitkilərdir. Bilirsiniz ki, endemic, ancaq həmin ərazidə bitən, relikt isə bitkinin qədim birkilərdir. Təəssüflər olsun ki, erməni işğalçıları flora və faunamıza da ziyan vururlar. Məsələn, ayı fındığı, qara çöhrə, araz palıdı, şərq çinarı və s kimi bitkilərimiz yalnız işğal edilmiş ərazilərdə bitir. Ermənilər 710 hektar kolxoz nəzdində olan meşələri, 560 hektar isə yol, su, kanal boyu olan meşə zonaları məhv ediblər. Bu gün işğalçı işbazlar Zəngilanda mebel emalı sexi açıb, ona milyonlorla dollar vəsait yatırıblar. Ümumiyyətlə, erməni tərəfi gec-tez torpaqların Azərbaycana qaytarılacağını bildiyi üçün maksimum sürətlə bütün meşə və endemik bitkiləri məhv etməyə çalışır.
Onun fikrincə, Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir: "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnlkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun və iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanovun 2012-ci ildə işıq üzü görmüş "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri" kitabında təcavüz nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ilk dəfə araşdırıldı. Burada fürsətdən istifadə edib AVCİYA-nın işğal altında olan ərazilərimizdəki "Sərsəng" su anbarı ilə bağlı həyata keçirdiyi layihədən danışmaq istəyirəm. Bu gün "Sərsəng" su anbarı Azərbaycanın ən böyük problemlərindən birinə çevrilib. O 560 milyon kub metr su həcminə malikdir və 79 min hektar sahənin suvarılmasını təmin etmə gücündədir. Bu baxımdan su ehtiyatlarının çirkləndirilməsi taktikası da Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Ermənilər bir tərəfdən əraziyə gələn bütün çayları hədsiz dərəcədə çirkləndirir, digər tərəfdən isə imkan düşən kimi Azərbaycan ərazilərini tamamilə sudan məhrum etməkdən belə çəkinmirlər. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. AVCİYA – nın həyata keçirdiyi layihənin məqsədi "Sərsəng" su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhranı barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakət və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan ibarətdir. İşğal nəticəsində ən böyük ziyan həm də flora və faunamıza dəyir. Bilirsiniz ki, quşların miqrasiyası təbii proseslərdən biridir. Ermənilər orada qışlayan, yuvalayan quşları ovlamaqla onların miqrasiyasının, yəni işğal edilməyən ərazilərə gəlişinin qarşısını alırlar. Suvarılmayan ərazilərdə bitkilərin yetişməsində yaranan problem bal arılarının məhvinə gətirib çıxarır. Ermənilər həm də işğal edilmiş ərazilərdə mütəmadi hərbi təlimlər keçirlər. Bu hərbi təlimlər zamanı oradakı zəhərli ilan və vəhşi heyvanlar tüstü, zəhərli hava səbəbindən Azərbaycanın işğal edilməmiş ərazilərinə istiqamət alırlar. Bu da heç şübhəsiz işğal edilməmiş torpaqlarda təbiət və insanlara ziyan törədir. Müstəqillik qazandığımız ildən bu günə kimi Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması istiqamətində kifayət qədər layihələr həyata keçirilib. İçməli su təminatı yaxşılaşdırılır, qoruqlar, yasəllıqlar yaradılır. Amma biz daha yaxşı işlər görə bilərik. Ümumiyyətlə, ekoloji mühiti sağlamlaşdırmaq tam olaraq mümkün deyil. Əhalini maarifləndirmək lazımdır. Bəzən insanların gördüyü işi dövlət nə qədər çalışsa da görə bilmir. Buna fərdi yanaşmaq lazımdır. Maarifləndirici tədbirlərin keçirilməsi vacibdir".
Əhalini maarifləndirməyə gəlincə isə Rauf Sultanov deyib ki, əhali sadə qaydaları biləndən sonra təbiəti qorumağa özü meyl göstərəcək: "Ekoloji biliyə malik insanda ekoloji mədəniyyət də formalaşır. Məsələn, bitkilər fotosintez zamanı havaya oksigen xaric edilər. Bitki həm də heyvanların qidasını təşkil edir. Əgər bitki olmasa canlı aləm də olmaz. Deməli biz bitkilərimizi qorumalıyıq. Azərbaycan dünya üzrə ən az oksigen istehsal edən ölkələrdən biri hesab edilir. Çünki Azərbaycanda yaşıllığın yalnız 10 faizə qədərini meşə örtüyü təşkil edir. Dünyada isə bu göstərici 30%-dir. Meşə daha çox enerjini biokütləyə çevirmə imkanına malikdir. Azərbaycan meşə örtüyü ən az olan ölkələrdən biridir… Burada əsas vəzifə icra hakimiyyətləri, bələdiyyə və aidiyyətı şəxslərin üzərinə düşür. Onların fəaliyyətindən çox şey asılıdır. Məsələn, Xaçmaz rayonunda əhali qazla təmin edilib. Amma eyni sözü Quba haqqında demək olmaz. Burada əsas günahı aiddiyyatı orqanlarda axtarmaq lazımdır. Təəssüf ki, hər il mütəmadi olaraq 15 min hektar torpaq ermənilər tərəfindən yandırılır. Qətnamə qəbul edilib. Amma ermənilər buna məhəl qoymur və otlaqların yandırılması prosesi hələ də davam edir.Azərbaycan Dövlət Pedaqoji Universitetinin ekologiya kafedrasının professoruyam. Bu istiqamətdə 10-a qədər fənni tədris edirəm. Biz həm də Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunda layihələr həyata keçiririk. Bu layihələrdən biri "Bakı şəhərində atmosferin çirklənməsində avtomobillərin rolu" mövzusunda idi. Maraqlı nəticələr alınmışdı".
Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Sərsəng harayı" layihəsi çərçivəsində "Sərsəng SOS: Humanitar Böhran Təhdidi" adlı kitab hazırlayıb. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, kitab ermənilərin işğalı altında olan Sərsəng su anbarında yarana biləcək humanitar fəlakəti özündə əks etdirir. Kitabın ingilis və fransız dillərində də nəşr olunduğunu deyən V. Əlibəyov qeyd edib ki, 3 nəfərdən ibarət yaradılan işçi qrup ekoloji fəlakətin yaşana biləcəyi Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Yevlax rayonlarında araşdırmalar aparıb və kitabdakı məlumatlar real faktlara söykənir.
Hüquqşünas və işçi qrupunun üzvü Nazir Quliyev isə deyib ki, işğal altında olan "Sərsəng" su anbarı bir su hövzəsindən daha çox, cəmiyyətə təhlükə kimi yadda qalıb. O bildirib ki, ermənilərin su hövzəsini çirkləndirməsi nəticəsində anbarın suyundan istifadə edən bölgələrdə doğum azalıb, insanların sağlamlığına problemlər yaranıb: "Bizim təmsil etdiyimiz işçi qrupu "Sərsəng"in cəmiyyətə vurduğu zərəri araşdırıb və su hövzəsinin qonşuluğunda yerləşən rayonlarda müxtəlif görüşlər keçirilib. Müxtəlif araşdırmalar göstərir ki, Ermənistanın su anbarından istifadə edərək müəyyən çirkli maddələri "Sərsəng" vasitəsilə axıtması insanların sağlamlığının pozulmasına səbəb olub. Su anbarının işğalçı dövlətin nəzarəti altında olması cəmiyyətin həyatına, təsərrüfatına böyük təhdidlər yaradır. Ona görə də bu fakt beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır".

Əli

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keəçirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi çərçivəsində dərc olunur.