Çiy söz Hadisə

Çiy söz

Və yaxud peraşki satan Mədət müəllimin hekayəsi

Arzu Şirinova

Yerində deyilmiş bir fikirdi ki, "söz ağzından çıxdı səninki deyil". Yəni bu sözü müxtəlif formada yozmağa cəhdlər də olacaq, bu "sözün başına ip salıb" istənilən səmtə çəkənlər də tapılacaq. Bir sözlə, hər kəs sözünün çəkisini bilməlidir, sözü ağzında bişirib çıxarmalıdır ki, çiy olub fəsadlara yol açmasın. Necə ki, millət vəkili Hadı Rəcəblinin "müəllimlər dərsdən sonra fəhləlik edə bilər" sözü çiy olduğu üçün necə gündü mediada dartışılır, müəllimlərin narazılığına səbəb olur, sözün sahibi qınanılır. Hadı Rəcəbli məlum fikirlərdən sonra başlayıb jurnalistləri qınamağa ki, bəs fikirlərini, sözlərini təhrif ediblər. Ancaq öz fikirlərinə görə jurnalistləri nə qədər qınasa da, söz Hadı Rəcəblinin dilindən çıxıb və bu söz artıq onun başını ağrıdır. Əslində bu kimi ifadələr birinci dəfə deyil ki, Hadı Rəcəblinin dilindən səslənir. Buna bənzər ifadələr çox olub və hər dəfə də millət vəkilinin çiy sözə görə başı ağrayıb...
...Hadı Rəcəblinin müəllimlərə verdiyi məsləhətdən başqa bir formada illər öncə tanıdığım bir müəllim istifadə eləyib. İndi rəhmətə getdiyi üçün adını şərti olaraq Mədət yazıram. Bəli, Mədət müəllim orta məktəbdə fizikanı tədris edirdi və hörmətli, bilikli müəllimlərdən sayılırdı. Mədət müəllim Ermənistandan qaçqın düşdüyü üçün evi yox idi, yataqxanada bir otaqda 7 nəfər ailə üzvüylə yaşayırdı. Təbii ki, aldığı məvacib ailəsini dolandırmağa yetmirdi. Xanımı da evdar qadın idi. Mədət müəllim bir istədi ki, dərsdən sonra repititorluqla məşğul olub ( bu işlə məşğul olmaq hələ geniş yayılmamışdı-A.Ş.) ailəsinə əlavə pul gətirsin ki, digər təlabatları da ödəyə bilsin. Ancaq necə etməli sualı ilə baş-başa qaldı. Çünki yaşadıqları bir otaqda bu işlə məşğul olmaq mümkünsüz idi. Məktəbin direktoru da hər uşaq üçün faiz istəyirdi Mədət müəllimdən. Çox fgikirləşəndən sonra əlacsız qalıb başqa bir yolu-peraşki satmaq –seçdi. Xanımı hər gün peraşki bişiridi, Mədət müəllim də gətirib verirdi məktəbin bufetində işləyən Bikə xalaya. İlk əvvəl işlər yaxşı gedirdi. Sonra Mədət müəllimlə Bikə xalanın "işbirliyi" məktəbin direktorunun qulağına çatdı. Səhəri dərsə gələn və əlində peraşki dolu zəmbil olan Mədət müəllimi direktor elə giriş qapısındaca yaxaladı. Artıq gizlətməyə lüzum qalmamışdı. Direktorun arxasınca kabinetə keçdilər. Sorğu-sual burda başladı. Söhbət isə işbirliyində direktorun da olmasıyla sonuclandı. Əvvəl Mədət müəllim razılaşdı. Bu razılıqdan sonra bufetə peraşki almağa gedən şagirdlərin hər birinə bəlli oldu ki, peraşkini satdıran fizika müəllimi Mədətdir. Həmin gündən şagirdlər Mədət müəllimi "fizika Mədət" deyil, "peraşki Mədət" deyə, çağırdılar. Olurdu ki, Mədət müəllimin dərsə geçikənlərə "haradan gəlirsiniz" sualına "sizin peraşkiləri almaqdan" cavabını verib minnət edirdilər.
Mədət müəllim bu vəziyyətə tab gətirmədi və müəllim fəaliyyətinə son verib, peraşki alverinə girişdi. Şünki həm direktorun da gəlirə ortaq olması, həm də şagirdlərin onu "paraşki Mədət" çağırıb ələ salması onun əsəblərini korlamışdı. İki il peraşki satıb ailəsini dolandırdı. Ancaq için-için əridi, günlərin bir günü peraşki satan yerdəcə ürəyi dayandı...