Geni dəyişdirilmiş bitkilərin idxalı və ticarəti ilə məşğul olanlar həbs ediləcəklər Hadisə

Geni dəyişdirilmiş bitkilərin idxalı və ticarəti ilə məşğul olanlar həbs ediləcəklər

Eldar İbrahimov: "Bizdə də görürsünüz ki, insan insanı öldürür, kişi arvadını qətlə yetirir, əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər"

Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı və ticarətinə görə cəzalar tətbiq ediləcək. Milli Məclisinin ötən gün keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr müzakirə edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavələr geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadənin qadağan olunması ilə bağlıdır.
Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci (Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddə barədə məlumat verib.
Maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma əməllərini törədənlər 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Digər əlavəyə görə, "Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunacaq.
Maddənin üçüncü hissəsinə əsasən, yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə onun 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacağı göstərilib.
Məcəllələrə dəyişikliklərlə bağlı müzakirələr zamanı maqarlı fikirlər səsləndirilib.
Məsələn YAP-çı deputat Siyavuş Novruzov deyib ki, elə məhsullar var ki, ölkədə istehsal olunmadığı üçün xaricdən gəlir: "Bu məhsullara nəzarət olmalıdır, çünki onların genetik kodu dəyişdirilir"
O, cəmiyyətdə aqressiyanın artması barədə danışarkən bildirib ki, bunun əsas səbəblərindən biri də informasiya ilə bağlıdır: "Burada məsələlər qaldırıldı ki, aqressiya artır. Ancaq burada informasiya da rol oynayır. Televiziyalar da başda kriminal xəbərlər verirlər, insanın insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri də var".
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, məhsulların geninin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də uzun müddət qalır: "Əlbəttə, bu lazımdır. Çünki Afrikada milyonlarla insan acından ölür və GMO məhsullar onlara lazımdır. GMO məhsullar Azərbaycana lazım deyil. İndi bu məhsulları gətirənlər 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhum etməyə qədər cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Mən də hesab edirəm ki, kodu dəyişdirilən məhsullar cəmiyyətdə aqressiya, həm də müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik. Soruşduq ki, niyə gənclər özlərini dənizə atırlar? Bizdə də görürsünüz ki, insan insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Bilmək lazımdır ki, bütün məhsullar eyni ölçüdə və formada ola bilməz. Heç insanların da boyu eyni deyil, biri uzun, biri qısadır. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaçmaz pomidoru və başqa təbii məhsullar yeyib özümüzü öldürməyək".
Müzakirələrdən sonra layihələr qəbul olunub.