“Xocalıya ədalət” kampaniyasından yeni layihə Hadisə

“Xocalıya ədalət” kampaniyasından yeni layihə

Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 gəncə sosial yardımlar ediləcək

"Xocalıya ədalət" kampaniyası çərçivəsində "Sosial həmrəylik" layihəsinə start verilib. Bu barədə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən bildirilib.
Bu barədə APA-ya "Xocalıya Ədalət" Kampaniyasının mətbuat xidmətindən bildirilib.
Bu layihəyə əsasən, Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 gəncə sosial yardımların edilməsinə qərar verilib. Artıq layihə çərçivəsində ilkin olaraq 4 gənc "ASAN Xidmət"ində işə düzəlmiş, Binəqədi və Nərimanov rayonu İcra hakimiyyətləri tərəfindən həmin gənclərin bəzilərinə il ərzində hər ay maliyyə yardımının edilməsi, eləcə də onların digər sosial ehtiyaclarının ödənilməsinə start verilib. Kampaniyanın apardığı fəaliyyət nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bir neçə xocalılı yeniyetmənin müayinə və müalicəsini öz üzərinə götürüb, eyni zamanda təhsillərini artırmaq və ya davam etdirmək istəyən gənclərə DƏ-İKGF Avrasiya üzrə Regional Mərkəzin təşkil etdiyi hazırlıq kurslarında təhsil almaları üçün şərait yaradılıb. Bundan başqa, "Məşədi Dadaş Məscidi" Dini İcmasının, "Mir Mövsüm Ağa"ziyarətgahı Dini icması, "Pir Həsən" ziyarətgahı Dini icması, "Beyləqan Cərciz" Dini icmaları il ərzində 4 nəfərə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 10 nəfərə birdəfəlik maddi yardım olunacaq.
Xatırladaq ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir. Bundan başqa, İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin dəstəyi ilə bir qrup xocalılı gəncin abituriyent hazırlıq kurslarında təhsil alınmasına dəstək göstərəcək.