Qədim yazılı abidələrin tədqiqi nə deyir? Hadisə

Qədim yazılı abidələrin tədqiqi nə deyir?

Qədim yazılı abidələrin tədqiqi hər bir xalqın tarixi keçmişini öyrənməyə, onun müasir sivilizasiyada yerini müəyyənləşdirməyə imkan verən amillərdəndir. Şübhəsiz ki, tarixin dərin qatlarından gələn yazılı abidə o vaxt dəyər qazanır ki, bu yazıların mənası başa düşülsün. Əks təqdirdə bunlar sadəcə, dəyəri bilinməyən daş parçası, sümük və metal parçasıdır, üzərində işləmələr olan perqament, kətan, yaxud kağız nüsxələridir. Şifrəsi açılan, oxunma qanunauyğunluğu müəyyənləşdirilən yazı isə dövrün düşüncə və həyat tərzi haqqında gələcəyə çox şey deyə bilir.
J.Şampolyonun 1822-ci ildə qədim Misir yazılarının, B.Tomsenin və B.Radlovun 1892-1894-cü illərdə orxon kitabələrinin oxunması sahəsində etdiyi kəşflər bu cəhətdən xarakterikdir. Həm Şampolyonun, həm də B.Tomsenin və B.Radlovun tapıntıları göstərib ki, heroqlif, piktoqrafik işarə, yaxud əlifbanın yazı üslubunun deşifrovkası qədim yazıların oxunmasında əsas amillərdən biridirsə, ikinci əsas amil sözün, ifadənin yazıldığı dildir. Qədim türk-şumer dünyagörüşü əsasında yaranış və varlıq haqqında mifoloji təsəvvürləri tədqiq edərkən istər-istəməz qədim mətnlərin, şəkillərin, qayaüstü təsvirlərin kodlaşdırılmış sistemləri ilə üzləşməli olursan. Bu sırada mənası heç bir dildə başa düşülməyən onomastik terminlər də var. Belə terminlərdən bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi:
Nammü - Şumer yaranış modelində ilahə adıdır.
Zurvan - Mifoloji yaranışın başlanğıcını qoyan zaman və tale allahının adıdır.
Köküdey – Türk yaranış təsəvvürlərində yer alan onomastik terminlərdəndir.
Tukulka - Etrusk miflərində yer alan demon adıdır.
Xufu - Şərəfinə ən uca ehram tikilmiş Misir Fironunu adıdır.
Bu siyahını uzatmaq da olar, lakin qədim dünyanın geniş coğrafiyasını əhatə edən bu terminlərin açılış mexanizmini diqqətə çatdırmaq üçün əvvəlcə formalaşdırılmış mifoloji yaranış modelinin əsas prinsipləri və ondan irəli gələn güzgü qaydası nəzərdən keçirilməlidir. Çünki yaranış haqqında türk xalqlarının dini-fəlsəfi, mifik-kosmoqonik təsəvvürləri əsasında apardığım modelləşdirmə nəinki bir çox mifoloji terminlərin semantikasını müəyyənləşdirməyə imkan verir, həm də bütövlükdə mifoloji kodun açılmasına gətirir.
Modelləşdirmədə əsas yeri Mirəli Seyidovun "Qam Şaman və onun qaynaqlarına ümumi baxış" əsərində ümumiləşdirdiyi: dual təfəkkür prinsipi və əksiliklər prinsipi tutur. Bu prinsiplərə əlavə etdiyim inikas prinsipi modelləşdirməni tamamlayır. Həm qədim türk, həm də şumer mifologiyasında yaranışın ilkin substansiyaları başlanğıc ünsürləri hesab edilən Göy, Su, Hava və İşıq (Şumerlərin allahları panteonunun ali şurası Su-Enki, Göy-An, Hava-Enlil, İşıq-Nusku) vəhdəti ilkin kosmosu yaradır. İlkin kosmos sferasında su güzgü rolunu oynadığından kahin və qamların formalaşdırdığı bu model belə nəticəyə gətirir ki: Kainat güzgü simmetryasına malikdir. Yaxud: "Yer üzərində nə varsa, hamısı Yuxarı dünyanın, allahlar dünyasının (ulduzlu göyün) şəkli, əksi, yaxud surətidir.
Araşdırmalarımız göstərir ki, qədim dünyanın yaranış haqqındakı bu təsəvvürləri onların həyatında geniş yer tutub, qayaüstü təsvirlərdə, relyefli şəkillərdə, sümük, güzgü və digər predmetlər üzərində çəkilmiş təsvirlərdə kodlaşdırma üsulu kimi istifadə olunub. Bu üslub onomastik terminlərin formalaşdırılmasında, indiyədək oxunması müşkülə çevrilən sirli Etrusk yazılarında da özünü göstərir.
Etrusk yazılarından bir neçə nümunəni nəzərdən keçirməklə yuxarıda bəhs etdiyimiz gizli yazı üslubunu əyani şəkildə görmək və güzgü üzərindəki yazını asanlıqla oxumaq mümkündür.
Hammü-Ümman (dəniz), Zurvan-Navruz, Köküdey-yeddikök, Tuxulxa – Ağlı küt (Demon), Xufu- Üfüq mənasına gəlir. Həmin terminlərin məna açımının doğruluğu təkcə sadə mexaniki əks oxunuşda deyil. Bunların hər birinin izahı və əsaslandırılması, müxtəlif vaxtlarda çap etdirdiyim "Oğuz dünyanı dərketmənin açarıdır" (Bakı, 2000), "Məxvilik qrifi, yaxud Mif, Fəlsəfə, din və dil düyünü" (Bakı, 2002), "Türk-şumer dünyagörüşü və dil" (Bakı, 2005-ci il kitablarımda verilib.
Lakin bunların hər birinə dair qısaca şərh də vermək mümkündür. Məsələn, Nammü ilahəsi şumer əsatirlərində Okean suyunun dərinliyində yaşayan bütün varlığın böyük anası adlandırılır. Göründüyü kimi termin kimi işlənən Nammü adı okeanla, Su ilə bağlıdır və "Ümman" dual yanaşmada onun əsl səciyyəsini göstərir.
Zurvan zamanın, yaranışın başlanğıcını qoyan allah adıdır. Əks oxunuşdakı Novruz da yaranışla, ilin yeni tsiklinin başlanması ilə bağlıdır. Bunların hər ikisi isə 4000 il qabaq Sur bürcünün mart ayının 21-də, gecə-gündüz bərabərliyi zamanı səmadan çıxması əlaməti ilə əlaqəli təsəvvürlərlə bağlıdır.
Xufu adının Üfüqlə bağlılığını əks etdirən dəlil isə qəbirüstü yazıdır.
Elmi ədəbiyyatda və tədris vəsaitlərində bir tərəfdən Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsi kimi təsvir olunur, digər tərəfdən xürrəmilər şad, şən, kefcil və şəhvətpərəstlər kimi təqdim edilir. Bu cür yanaşma təbii ki, yanlışdır. 20 il müddətində güclü xilafət ordusuna kefcil və şəhvətpərəstlərin mütəşəkkil bir qüvvə kimi layiqli müqavimət göstərə bilməsi heç bir məntiqə sığmır.
Yanlışlığın əsası qam jarqonu kimi formalaşdırılan "xürrəm" termininin düzgün başa düşülməməsi ilə əlaqədardır. "Xürrəm" əkslik və inikas prinsipinə uyğun sağan sola oxunduqda "Mərrux" ifadəsi alınır. Bu çoxallahlılıq dövründə müharibə və şücaət allahının adıdır. Onu şumerlər Marduk, farslar Bəhram adlandırıb. Xürrəmilərin qırmızı geyimləri və qırmızı bayraqları da müharibə və şücaət allahı Mərrixin, Marsın rəngləridir. Tarixən, elə indinin özündə də Marsın qırmızı rəngli olması barədə təsəvvürlər məlumdur.
"Xürrəm" ifadəsinin kodununun açılması həm də Xürrəmilər haqqında kök salmış yalnış fikirləri aradan götürməyə imkan verir. Etrusk mətinlərini araşdırarkən çox sayda Azərbaycan dilində indi də işlənən söz və ifadələrə rast gəlmək mümkündür.
Etruskları qədim sirli xalq adlandıran rus tədqiqatçısı A.Navqovitsın yazır: "Etrusk xalqının sirliliyi praktiki olaraq hər şeydə təzahür edir. Onların dili məlum deyil, yazıları açılmayıb, etnik mənsubiyyətlərinin mənşəyi aydın deyil..." A.E.Navqovitsının həmin kitabındakı "Alpna (alpan) və Kulsu" məqaləsində miladdan əvvəl V-III əsrlərə aid edilən ikisifətli allah təsviri üzərində "alpan türke" yazıldığı qeyd edilsə də, nədənsə bu ifadəyə diqqət yetirilmir. Güzgü qaydası ilıə oxuya bildiyim yazıların ən əhəmiyyətlisi Lemnos adasından tapılmış daş sütün üzərindəki yazıdır.
Əlində qalxan və iki ağızlı balta tutmuş döyüşçü təsvirini dövrələyən yazı bir çox tədqiqatçılar tərəfindən araşdırılıb və nəticə əldə edilməyib. Qədim İtalyan əlifbası ilə yazılan həmin yazıları oxumaq ona görə mümkün olmayıb ki, yazı güzgü üsulu ilə yazılıb. B.e.ə VII əsrə aid edilən bu yazı əksər qədim dillərdə araşdırılsa da, türkcə ola bilməsi fikri yaxına buraxılmayıb. Görünür, türklərin həmin dövrdə Anadolu yarımadasında, Avropa ilə Asiyanın qovşağında mövcudluğunu qəbul etməyən konsepsiya bu yazının da oxunmasına maneçilik törədib. Döyüşçü təsvirini əhatələyən yazının aşağı sətrində "Qan alam minim ul" sözləri yazılıb. Sütunun sol tərəfində döyüşçü təsvirinin önündəki yazı belədir: " Ukan ike hücum aparsn axşam".
Sağ tərəfdə yuxarıdan aşağı yazılan sətirin axırı zədələndiyindən tam oxunmur. Başlanğıc hissə isə belədir. "Aklem gel üzge..." Bu kitabədəki yazının dəyəri ondadır ki, buradakı yazılar Azərbaycan dilində, ümumiyyətlə, türk dillərində məlum olan yazıların ən qədimidir. Belə ki, türk dillərində məlum olan yazılı abidələrin ən qədimi Altun döyüşçü qəbrindən tapılan yazı hesab olunur. Cam üzərində yazılan "Eşik xan öldü, başın sağ olsun" yazısı miladdan öncə V əsrə aid edilir. Güzgü üsulu ilə oxuduğum bu yazının tarixi isə həmin yazıdan 200 il qabağa m.ö.VII əsrə aiddir.
Yazıdakı bütün kəlmələr müasir Azərbaycan dilində başa düşülən sözlərdir. Təkcə "Ukan" kəlməsindən başqa. "Ukan" ifadəsi görkəmli mifoloq alim M. Seyidov tərəfindən ətraflı təhlil edilib. Qədim türk dillərində " oğan", "uğan" şəklində işlənən bu ifadənin " qüdrətli", "bacarıqlı", "qadir xan" mənalarında işləndiyi M.Seyidov tərəfindən vurğulanır. Bunu nəzərə alsaq, döyüşçü təsviri ətrafındakı yazı "Qüdrətli xan iki hücüm aparsın axşam" mənasını verir.
Bəs Qafqaz Albanlarına məxsus kitabələrin dili necədir? İndiyədək tədqiq olunmuş kitabələrdə Azərbaycan dilli ifadələrə təsadüf olunurmu? Belə yazıların olduğunu araşdırmalarımız təsdiq edir. Mingəçevir yaxınlığında arxeoloji qazıntılar zamanı tapılmış şamdan üzərindəki yazı Azərbaycan dilindədir. Üç rəqəmdən və iki sözdən ibarət yazı belə oxunur: "774 (dən) 324 (ə) qibi 450 il". Bu 774-cü ildən 324-cü ilə kimi 450 il deməkdir. Həmin yazı Alban tarixinin bəzi qaranlıq məqamlarına da aydınlıq gətirməyə imkan verir. Lakin bu yazının başlıca cəhəti ondan ibarətdir ki, yazıda latın qrafika¬sından istifadə olunub, həm də o Azərbaycan dilində başa düşülür. Latın qrafikası ilə yazılan "qibi" və "il" ifadələri bu kitabənin Alban əlifbasının ya¬radıldığı dövrdən əvvələ məxsusluğunu sübüt edən dəlildir. Yazı M. Kalankatlının Alban tarixi kitabında göstərilən "Yafəsdən Tiqrana qədər 450 il müddətində 44 çar olub" fikrini əks etdirən yazıdır. Həm də burada mətnşünaslıqla işləməyə üstünlük verən tarixçilərin nəzərindən qaçan mühüm bir məqam da var. M. Kalankatlının "Alban tarixində" 450 il müddətində 44 çar olduğu göstərilsə də, kitabda 45 çar adı var. Buradan aydın görünür ki, Tiqranın adının (erməni çarı II Tiqran nəzərdə tutulur) mətnə əlavə edilməsi zamanı çar siyahısının 44 olduğuna diqqət yetirilməyib.
Latın qrafikalı qədim yazılara Azərbaycanın digər ərazilərində də təsadüf olunur. Gəmiqaya qayaüstü təsvirlərində keçi şəkli ətrafında latın qarafikası ilə yazılmış "keçi", at üstündə oxatan pozasında dayanan insan fiquru ətrafında "ovço" sözlərinin yazıldığını müəyyən etmişdim. Bu təsvirlərin tarixini AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu b.e.ə. II minilliyə aid edir. Latın qrafikalı əlifbadan Qafqaz Albaniyası ərazisində hələ cox qədim zamanlardan istifadə edildiyi barədə M.Kalankatlının məlumatını yada salmaq yerinə düşər: "Yazısı olan xalqlar bunlardır: yəhudilər və latınlar, hansı ki, /bu yazıdan/ romalılar, ispanlar, yunanlar, midiyalılar, ermənilər, aluanlar istifadə edir."

Razim Əliyev
araşdırmaçı