Prezident “Bakı 2015”-in baş ofisində olub Hadisə

Prezident “Bakı 2015”-in baş ofisində olub

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Bakı-2015" Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.
Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat veriblər.
Bildirilib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin səmərəli fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdә, Komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.
Atletlərə xidmət və idman şöbəsi ilə tanışlıq zamanı bildirilib ki, Oyunlarda iştirak edəcək bütün idmançıların, məşqçilərin yerləşməsi və lazımi idman avadanlığı ilə təmin edilməsi, həmçinin onların təmsil olunduqları ölkələrin Milli Olimpiya komitələrinin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə ediləcək.
Texnoloji Əməliyyatlar Mərkəzi və texnoloji dəstək şöbəsi də birinci Avropa Oyunlarına tam hazırdır. Oyunların keçiriləcəyi bütün obyektlərdə istifadə ediləcək texnoloji avadanlıq və Oyunların yayımı da buradan idarə olunacaq. Bütün bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılır.
Dövlətimizin başçısı və xanımı birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış olublar. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.
Birgə Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, ilk Avropa Oyunlarında qitə ölkələrindən minlərlə idmançı iştirak edəcək. Atletlərlə birgə Oyunları izləməyə gələcək çoxlu sayda tamaşaçı və turist axını da gözlənilir. Ən əsası isə həmin idmançıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir. Ümumilikdə, həm yarışların keçiləcəyi arenalarda, həm də Avropa Oyunlarına daxil olan marşrutlar üzrə 2400 kamera quraşdırılıb. Bütün təhlükəsizlik tədbirləri də bu Mərkəzdən idarə ediləcək. Burada hüquq mühafizə orqanlarının hər birindən nümayəndələr olacaq. Bütün bunlar Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış olublar.
Burada birinci Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcəklər. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Oyunlarda Azərbaycan idmançılarının istifadə edəcəkləri geyimlər barədə də məlumat verilib.
Sonda xatirə şəkli çəkdirilib.