İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Avropa Parlamentinə müraciət ünvanlayıb Hadisə

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası  Avropa Parlamentinə müraciət ünvanlayıb

"Avropa Parlamentində baş verən son hadisələr göstərir ki, bir çoxları idman yarışlarını özlərinin siyasi intirqalarını gerçəkləşdirmək məqsədilə istifadə etməyə cəhd edir"

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar Avropa Parlamentinə müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir ki, minlərlə idmançının səbirsizliklə gözlədiyi I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan və ölkənin rəhbərliyi bütün imkanlarını səfərbər edib. Müraciət müəllifləri Avroviziya-2012 mahnı müsabiqəsinin keçirilməsini xatırladaraq Azərbaycanın belə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu parlamentarilərin diqqətinə çatıdırır.
Müraciət müəllifləri vurğulayır ki, xalqlar arasında dostluğu möhkəmləndirilmək, gəncləri birləşdirmək, mehriban qonşuluq siyasətini inkişaf etdirmək, nəhayət, SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış dünyanın ən gözəl ölkələrindən birini tanıtmaq üçün beynəlxalq idman yarışları və mahnı müsabiqələrinin təşkili təqdirəlayiqdir: "Ermənistanla müharibə şəraitində olmasına, 20 fazidən artıq ərazisinin işğal olunmasına baxmayaraq, Azərbaycanın I Avropa Oyunlarına erməni idmançıları da dəvət edib, çünki idman hər zaman siyasətdən kənarda olub və siyasətçilər idmançıların işinə qarışmamalıdır. İdman və mədəniyyət sözdə deyil, əməldə sülhə və dostluğa xidmət etməlidir. Amma Avropa Parlamentində baş verən son hadisələr göstərir ki, bir çoxları idman yarışlarını özlərinin siyasi intirqalarını gerçəkləşdirmək məqsədilə istifadə etməyə cəhd edir".
Müraciətdə İsrailin də uzun illər boyu bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən sərt tənqidlərə məruz qaldığı, lakin bütün müharibələrdən şərəflə çıxdığı və hazırda bir sıra dövlətlərin qısqanclıqla yanaşdığı bir ölkəyə çevrildiyi xatırladılır. Ölkəmizi bu baxımdan İsraillə müqayisə edən təşkilat üzvləri qeyd edir ki, Azərbaycanın sərvəti, ağlasığmaz iqtisadi imkanları, müharibə şəraitində olmasına baxmayaraq, davamlı irəliləməsi, bölgədə iqtisadi və siyasi liderliyini təsdiqləməsi faktı ilə barışa bilməyənlər bu gün Azənrbaycana qarşı qarayaxma kampaniyası aparmağa cəhd edir: "Şübhəsiz ki, Azərbaycanın ünvanına yağdırılan böhtanlar hələ çox danışılacaq. Çünki, Uinston Çörçilin təbirincə desək, "həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolanır".
Müraciət müəllifləri hesab edir ki, Azərbaycan ikili standatrlar dünyasında öz nüfuzu uğrunda mübarizə aparmalıdır.