Vətən, yurd sevdalı şair Mədəniyyət

Vətən, yurd sevdalı şair

XX əsrin 30-cu illərində Şəkidə camaatın xaricdə təhsil aldığına, çoxbilmişliyinə görə "Molla" ayaması qoşduğu Molla Mustafanın və qaçaq Bəhramın başçılığı ilə çox ciddi bir hadisə – kolxoz quruluşu əleyhinə üsyan baş verir. Kollektivləşməyə qarşı çıxan Şəki əhalisinin 10 min nəfərə yaxını Sovet quruluşunun qoruyucusu - Qızıl Ordunun əsgərləri tərəfindən güllələnir. Salamat qalan bir neçə yüz nəfər dağlara çəkilərək bu ədalətsizliyə qarşı ölüm-dirim mübarizəsinə qalxır. Qaçaqlara elin mərd oğlu, ölümün gözünə dik baxan bir igid – Qaçaq Abbas başçılıq edir. Gecə-gündüz dağlarda yaşayan qaçaqları 5-6 ailə saxlayır, onların yemək tədarükünü görür. Bu ailələr növbə ilə yemək hazırlayıb küplərdə həyətə qoyur, qapıları açıq saxlayırlar. Gecəyarısı qaçaqlar gəlib yeməkləri aparandan sonra həyət qapısını bağlayır, rahatlanırdılar.
Qaçaqlara kömək edənlərdən biri Zəkəriyyə Vahabzadənin ailəsi idi. Boy-buxunlu, iri cüssəli, zəhmli, sözünün ağası olan və məhz sözübütövlüyünə, mərdliyinə görə camaatın rəğbətini qazanan Zəkəriyyə kişi Sovet hökumətinə nifrət edirdi. Quruluşu – sosializmi ellərə sülh, azadlıq bəxş edən humanist bir rejim kimi təbliğ etsələr də, əlinin zəhmətilə dolanan odunçu Zəkəriyyəni buna inandırmaq çətin idi. Əslinə-kökünə bağlı, əqidəsində dönməz, dünyagörmüş el ağsaqqalı 1946-cı ildə dünyadan köçünü çəkəndə də son sözü, dilinin son nidası "türk" kəlməsi olub. Bu ailədə, halal çörəkli ocaqda Zəkəriyyə babanın sevimli nəvəsi, balaca Bəxtiyar böyüyürdü. Hadisələr baş verdiyi dönəmdə 6 yaşı olan körpə baş verənləri uşaq fəhmilə müşahidə edir, zaman keçdikcə bütün gördükləri, eşitdikləri bir kino lenti kimi daim gözləri qarşısında canlanır, qulaqlarında möhkəm əqidə sahibi babasının müdrik fikirləri, son kərə söylədiyi "türk" sözü çınlayırdı. Və o, həyatının bütün dönəmlərində bu genetik koda sadiq qaldı... ("Nə mutlu ―türkəm!" – deyənə...)
İllər ötdü, Sovet quruluşuna qarşı çıxan qaçaqlar, onlara yardım edənlər tutularaq cəzalandırıldı, bir çoxu güllələndi, bəziləri Sibirə sürgün olundu, qalanları isə ciddi təqib edildi. Amansız təqiblərdən yaxa qurtarmaq üçün Vahabzadə ailəsi də Bakıya köçdü. Bakıdakı 136 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini Türkiyənin İstanbul şəhərində təhsil alan, ədəbi-estetik görüşləri - Sərvətifünun şairlərinin, Ədəbiyyati-Cədidə yazarlarının, İttihad və Tərəqqi tərəfdarlarının aurasında formalaşmış İbrahim Cəfərin tədris etməsi Zəkəriyyə babasının təfəkküründə səpdiyi türkçülük toxumlarının cücərib boy verməsinə vəsilə oldu.
Tanınmış əruzşünas Əkrəm Cəfərin qardaşı İbrahim Cəfər yeniyetmə Bəxtiyarın türk dili, türk ədəbiyyatı və tarixinə marağını dərinləşdirir, bu marağın üfüqlərini genişləndirirdi. Bir dəfə millətinin tərəqqi etmiş ölkələrlə bir sırada, imzasını imzalar içində görmək kimi müqəddəs arzularla yaşamış nakam şair Məhəmməd Hadidən danışan İbrahim müəllimin riqqətdən, həyəcandan pörtdüyü, kövrələrək göz yaşları tökdüyü hafizəsinə əbədi həkk olundu. Göz yaşlarını uşaqların görməsindən ehtiyatlanan İbrahim müəllim sinifdən çıxdıqda arxasınca qoşan sevimli şagirdi Bəxtiyar onun üzü pəncərəyə dayanaraq hıçqıra-hıçqıra ağladığını gördü. Və təbii ki, ondan nə olduğunu soruşdu. Müəllimi yaşlı gözlərlə şagirdinə baxaraq:
- Axı, sən nə anlayırsan, nə deyim sənə, get sinfə, – deyir. Dərd-ələm dünyasından onu uzaqlaşdırmaq istəyən müəllimi, əksinə, şagirdinin körpəcə ürəyində dərd ocağı, odu son nəfəsinədək öləziməyən, illər bir-birini qovaladıqca daha da şölələnən ələm ocağı çatdı.
Hadi bu ocağın ilk közlərindəndi... Bu köz – Hadi dağı onu 60-cı illərədək yandırır və həmin yanğıya qələmə aldığı "Nakam" mənzum dramı ilə sanki su çiləyir. Türkçülük ruhunda köklənən gənc Bəxtiyar tarixi aspektdə yazılmış əsərləri mütaliə edərək Azərbaycan və dünya ədəbiyyatını, Ç.Aytmatovu, Tolstoyu və dahi Füzulini, Sabiri daha çox oxuyaraq təpədən-dırnağa sözün sehrinə düşdü və söz adlı sevgiliyə könül verdi.
Sözlərin misralara düzülərək yaratdığı möcüzəni şeir adlandırdı, onu ən ali dəyərlərə bərabər tutdu və qürurla:
"Şeirim-namusum mənim, şeirim-vicdanın mənim, şeirim imanım mənim, sevgilim mənim" – dedi.
Və... bu sevdanın yolu əbədiyyətə doğru uzandıqca uzandı. Əbədiyyətədək uzanan yol boyunca könül həmdəmi, məlhəmi, yol yoldaşı isə Vətən, millət, Ana dili oldu və o qutsal məlhəm könül dünyasını, ürəyini, qəlbini, bütün varlığını süslədi, ruhunu qapsadı. Həyat amalı, idealı onu yurddaş edən yurdun ağrı-acılarını və taleyini yaşamaq, ona olan dibsiz sevgisini dünyaya çatdırmaq, xalqının üzünün güldüyünü, türk ellərinin birliyini, Turanın bir bütöv kimi varlığını görmək oldu. O, Alp Ər Tonqanın ruhuna tapınaraq ədalətlə cilalanan, həqiqətdən qüvvət alan, dodaqlarda çiçək açan qadir sözün – əlahəzrət sevgilinin qüdrətilə bu qutsal diləklərini Altaylardan
Anadoluyadək hayqırdı. Çünki ömrü boyunca əmin olub ki, söz savaşlara xitam, yaxud rəvac verən, insanı öldürməyə, yaxud diriltməyə, həyatı gözəlləşdirməyə qadir olan ilahi bir qüvvədir:

Söz – həmişə
Ədalətin düşmənilə vuruşacaq!
Söz – yerlərdə sürünməmiş,
Dodaqlarda çiçək açmış.
Doğru sözün qabağında
Yalan sözün rəngi qaçmış.
Söz – nəbzidir,
haqq səsidir zəmanənin,
aynasıdır zəmanənin.

Beləliklə, söz-söz, kəlmə-kəlmə zəmanəsinin aynasını yaratdı və bu aynanın hissəcikləri bir sevgilidən başlayaraq Vətənlə, millətlə, Ana dililə, nəhayət, Azərbaycana sevgi ilə bütünləşən ilahi məhəbbətdən yoğruldu. Və həmin aynada səmimi, cana yaxın, təbii bir Bəxtiyar dünyası da yansıdı. Bu dünyanın əfsununa bələnənlər, Bəxtiyar sözünə aşiq və vaqif olanlar yüzlər, minlər deyil, milyonlarladır. Milyonların könül taxtında əyləşən o müqtədir şair – söz bahadırı, məhz bu dibsiz sevgiyə görə Bəxti yar olmuş Bəxtiyar Vahabzadə kimdir? Bu sualı o qədər cavablandıranlar olub ki!.. Məşhur qırğız şairi Çingiz Aytmatov isə: - Bəxtiyar Vahabzadə əsrin şairidir, - deyərək elə bil o sualların cavablarını bircə cümləylə ümumiləşdirib...
İstedadlı cərrah Nurəddin Rzayevin yanaşması da fərdi, özünəməxsusdur: - Bəxtiyarın çox gözəl dəst-xətti var. O heç kimə bənzəmir. Onun "Gülüstan", "Şəbi-hicran", "Etiraf" əsərlərini oxuduqca insan yenidən oxumaq istəyir. O, çox gözəl, səmimi, sadiq, müsbət keyfiyyətlərini sadalamaqla tükənməyən dostdur. Yavuz Bülənd Bakilərə görə isə "Bütün türk dünyasının ortaq səsi, sevən ürəyi, aydın üzü və gözəllik cizgisi, rəmzidir".
O, 80-ci illərdə mənim müəllimim idi və Bakı Dövlət Universitetinin auditoriyasında mühazirələrini dinləmək səadətini yaşayırdım. Füzulidən, C.Cabbarlıdan, Hadidən və Sabirdən daha çox danışırdı. 90 dəqiqəlik mühazirə saatında heç oturmurdu və sanki ona qulaq kəsilən, nəfəs belə dərmədən dinləyən 5-10 nəfər tələbəyə deyirdi söylədiklərini. Kədərli baxışlarını üzümüzə və bir də pəncərədən doğaya – təbiətin bir parçası olan Akademiya şəhərciyinə baxaraq danışırdı. Hər sözündə səmimi, hər kəlməsində özü idi Bəxtiyar müəllim. İllər keçib o zamandan...
Bu gün isə onunla daha yaxından təmasın, isti münasibətin və sıx-sıx görüşlərin səadətini yaşayıram. "Qızım, düşünürəm ki, indi məni sən hər kəsdən daha yaxşı tanıyır, duyursan, hardan qaynaqlanır qəlbindəki bu türkçülük ruhu?" sual qarışıq sözlərini isə tələbə ikən öyrəndiklərimizi heç soruşmadan qiymət kitabçamıza yazdığı "əla"nı həyatda həqiqətən aldığımı zənn edirəm və sevinc hissi duyuram. Üzüldüyümsə onun göz yaşlarıdı. Tutamadığı göz yaşları. Millətinin, xalqının taleyüklü məsələləri poetik ifadəsini tapmış şeirlərini oxuduqda çiyni atıla-atıla hönkürməsidi dözə bilmədiyim.
İlk görüşlərimizdə Turanın Qoca türkü, dahi İsmayıl bəy Qaspıralının ideyalarının və "Tərcüman" qəzetinin davamçısı olacağımızı düşünərək (bağışlayın, müqəddəs ruhlar!) nəşrinə nail olduğum "Yeni Tərcüman" qəzetinin ilk saylarını təqdim edərkən ürək parçalayan hıçqırıqlarının şahidi oldum və heyrətlə düşündüm: – Allahım, insan necə böyük bir ruhun daşıyıcısı olarmış!
Təpədən dırnağacan milli şair, Vətən, yurd sevdalı bir yazar kimi boy verərmiş. Və heç vaxt izharından çəkinmədiyi etiraflar bu qədər səmimiyyətlə, ali təbiiliklə dodaqlarında çiçək açarmış! Vətən, millət, xalq sevgisi insanın sevgilisinə olan sevgiyə, onun havasına, suyuna, çörəyinə çevrilərmiş... Əsərlərini oxuduqdan, özünü şəxsən tanıdıqdan, söhbətlərini dinlədikdən sonra düşünürdüm ki, Bəxtiyar Vahabzadə kimi Vətənini, doğma yurdunu bu dərəcədə ürəkdən sevə bilən ikinci bir insan ola bilməz. Və o, bu dibsiz sevgi uğruna, Vətəni uğruna
hər an ölə bilər...
Sevə bilirəmsə əgər ürəkdən Dünyanın ən gözəl adamıyam, mən, – deyən və Məcnuntək sevə bilməyi səadət, əzablı, iztirablı sevgini bəxtəvərlik, sevməyi bacarmağı mərdlik, şücaət sayan Bəxtiyar müəllimin səmimiliyinə zərrəcə şübhə etmirdim. Şərhə ehtiyac yoxdur ki, məhz Vətənini, millətini, doğulduğu torpağı, ata yurdunu dəlicəsinə sevənlər onun uğrunda canını fəda edər, şəhidlik məqamına yüksələrlər. Etiraf edim ki, onu dinlədikcə, yaşantılarını müşahidə etdikcə düşünürdüm ki, Bəxtiyar müəllim diri ikən şəhiddir. Azərbaycançılıq, türkçülük ideologiyasının, Təbrizin, Borçalının, İrəvanın, Göyçənin, Qarabağın, Dərbəndin və neçə-neçə düşmən tapdağında inləyən əsir torpaqlarımızın şəhidi...
"Qapılar dalında qalan ana dili"nin, birinin "baran", digərinin "xər" (eşşək), başqa bir hegemonluq iddiasında olan dövlət, azadlıq, demokratiya alverçilərinin "vəhşi tatar" adlandırdığı başıbəlalı millətinin şəhidi... Çox sevdiyim, vətənçiliyinə tapındığım Yavuz Bülənd Bakilərin uca Tanrıya xitabən dilədiyi: "Allahım! Bana ağlamasını bilən bir cift göz ver", – arzusu bu gün Bəxtiyar Vahabzadənin də gan qardaşı tək gerçəkləşdirdiyi çılpaq bir həqiqətdir:

Min ləkə vurdular şərəfimizə,
Verdik, sahibimiz yenə "ver" dedi.
Qanımızı sorub, üstəlik, bizə
Biri "baran" dedi, biri " xər" dedi.
Bizi həm yedilər, həm də mindilər,
Sonra arxamızca gileyləndilər.

Beləcə, hamının görə bilmədiyini görə-görə, hər kəsin yaza bilmədiyini təxəyyülün, xəyalın əfsanəvi qanadlarından alaraq çəkici bədii sözə çevirib yaza-yaza, əsasən insan adlı bəşər övladının daxili mükalimələrini, özünüdərk yollarında çəkdiyi iztirablarını, iç dünyasının cəngi-cidalını, bu iztirablı, məşəqqətli yollarda, mənəvi təmizlənmə prosesində qüsurlarını dərk etməsini duya-duya, nənəsinin danışdığı nağılları, babasının əməksevərliyini xatırlaya-xatırlaya, dünyanın əvvəlinin haradan başlanıb, sonunun harada bitəcəyini çözələyə-çözələyə bugünkü Bəxtiyar Vahabzadə oldu…

Esmira Fuad
ədəbiyyatşünas-publisist