Nə əcəb düşübdü yeri Dərbəndin... Mədəniyyət

Nə əcəb düşübdü yeri Dərbəndin...

Dəmir qapı Dərbənddən soraqlar



II yazı

AMEA Folklor İnstitutunda "Dərbənd folklor örnəkləri" (1-ci kitab, Bakı, "Elm və təhsil" nəşriyyatı, 2014, 368 səh.) işıq üzü görüb. Layihə rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), toplayanlar, tərtib edənlər: Məhərrəm Qasımlı, Oruc Əliyev, Rza Xəlilov, elmi redaktoru Aynur Hüseynovadır.
"Ön söz"də vurğulanır: "Dərbənd nağıllarını səciyyələndirən cəhətlərdən biri də eyni vaxtda iki və ya üç nağıl personajından bəhs edən süjet xətlərinin olmasıdır. Bir süjet xəttindən başqasına keçid çox vaxt "xəbəri xəbərdən" formulundan istifadə yolu ilə baş verir. Ümumiyyətlə, bir bədii priyom kimi kontaminasiya – müxtəlif süjetlərin bir nağıl kompozisiyası çərçivəsində işlənməsi Dərbənd nağıl yaradıcılığı poetikasının əsas elementlərindən biridir. Dünyanın gərdişi haqqında dərin fəlsəfi düşüncələr, vətən həsrəti, qəriblik, məhəbbətin tərənnümü və s. kimi motivlər Dərbənd bayatılarının aparıcı mövzularındandır. Xalqımız bu kiçik lirik şeir parçalarında daxili hiss və həyəcanını, iztirablarını böyük bədiiliklə ifadə edib:


Dağlar, necə dağlarsan,
Çiskin, duman bağlarsan.
Dağlanmamış yerim yox,
Sən haramı dağlarsan?

Əzizinəm, başda mən,
Dərya da mən, daş da mən.
Yazıldı qara yazı
Gənə yazıq başda mən.


Dərbənd folklorunda geniş yayılmış janrlardan biri də tapmacalardır. Səma cisimləri, ev əşyaları, bitkilər, heyvanlar, məişət avadanlığı və s. kimi deyimlər Dərbənd tapmacalarının əsas mövzusunu təşkil edir. Dərbənd tapmacaları bəzən nəzmlə, bayatı formasında, bəzən isə nəsrlə ifadə olunur. Mənzum tapmacalar Dərbənd folkloru üçün daha xarakterikdir".
Dərbənd atalar sözlərinin mövzu dairəsi son dərəcə geniş olaraq insan fəaliyyətinin, həyatının bir çox sahələrini əhatə edir: "Dərbəndlilərin yüzilliklərin sınağından çıxmış mənəviyyatı, həyat təcrübəsi bu kiçik həcmli, lakin geniş mənalı ibrətamiz cümlələrdə gözəl ifadə olunub. Dərbənd folklorunda nazlamalar, laylalar da özünəməxsus yer tutur. Nazlamalar mövzu baxımından laylalardan o qədər də seçilmir. Burada körpənin boya-başa çatmasından doğan arzular daha güclüdür. Nazlamaların ifa, deyim ritmində, ahəngində laylalardan fərqli olaraq aram-arxayıncılıq yoxdur. Bu, forma baxımından nazlamaların laylalara nisbətən daha sərbəst olmaları ilə bağlıdır. Nazlamaların bu xüsusiyyəti ifaçıya ifa vaxtı müəyyən improvizasiyalar etmək imkanı verir:


Dərya qırağı,
Drbənd bağı,
Qızların ağı,
Bu balama qurban.


Azərbaycan folklorunun başqa arealları ilə müqayisədə Dərbənd və onun ətraf ərazilərinin folklorunda dastan aparıcı rol oynamır. Ola bilsin ki, Dərbənd folklorunun bu səciyyəsi aşıq yaradıcılığının da eyni vəziyyəti ilə bağlıdır. Belə ki, kitaba daxil olmuş dastanların çoxu yalnız bir aşığın - aşıq Niftullanın ifasından yazıya alınıb. Aşıq yaradıcılığı sahəsində diqqəti cəlb edən cəhətlərdən biri bu regionun, necə deyərlər, özünün dastan repertuarının olmasıdır. Vaxtı ilə burada fəaliyyət göstərmiş yerli aşıqların repertuarında klassik dastanlarımızla yanaşı, əsasən məhz bu region üçün səciyyəvi olan "Yetim Aydın", "Səfilli Məmməd" və s. kimi dastanlar fəal yer tutub. Bu dastanlar hər şeydən əvvəl Azərbaycan dastan yaradıcılığının mövzu, obrazlar sistemi, poetika baxımından nə qədər zəngin, çoxşaxəli və rəngarəng olduğunu göstərməkdədir. Kitaba daxil edilmiş dastanlar Dərbənd folklorunun özünəməxsusluğunu səciyyələndirən bir cəhət kimi qəbul edilə bilər. Bunlardan "Yetim Aydın" dastanı şifahi xalq ədəbiyyatımızın, dastan yaradıcılığımızın, folklor araşdırıcılarının məlum səbəblərə görə nəzər diqqətindən kənarda qalmış dini dastanlar qolunu təmsil edir. Məlumdur ki, dastanlarımızda qəhrəmanın bu və ya digər şəkildə buta alması onun ictimai inkişafını təyin edir. Haqqında danışdığımız dastanda isə buta almaq məsələsi Şahi-Mərdandan dini bilik almaq epizodu ilə əvəzlənir. Qəflət yuxusundan (məcazi mənada) oyanan dastan qəhrəmanı doxsan min kəlməyə vaqif olduqdan sonra urfan əhli səviyyəsinə yüksəlir, dini intellektual sınaqlardan çıxır. Dastan qəhrəmanının adına gəlincə isə belə ehtimal etmək olar ki, burada işlənən "yetim" epiteti onun sosial vəziyyətindən daha çox sufilik anlamı yerindədir.
Göründüyü kimi, "Dərbənd folkloru" adlanan bu cild Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarını əhatə edir. Cildin tərtibi Dərbənd ərazisindən toplanmış folklor nümunələrinin səciyyəsindən, janr və mövzu müxtəlifliyindən doğub".
İndi də kitabdan Dərbənd bayatılarını təqsdim edirik.


Dərbənd yolu şüşədi,
Dərbəndə gün düşədi.
Dərbənddəki yarımın
Gözləri bənövşədi.

Su gəlib bəndə dəyər,
Gümüş kəməndə dəyər
Sənin bir kəlmə sözün
Cümlə Dərbəndə dəyər.

Dərbənd bizim olaydı,
Daşı qızıl olaydı,
Qardaşım bəy duranda
Gecə uzun olaydı.

Ay Mirağa, Mirağa,
Nöyüt tökün çırağa.
Saçım sünbülə dönüb,
Barmaqlarım darağa.

Mən aşıq üzəngini,
Asta bas üzəngini.
Tanrı canım alaydı
Yardan əl üzən günü.

Bir yaralı qoçam mən,
Yerim yoxdu qaçam mən.
Ürək dükan deyil ki,
Hər yetənə açam mən.

Əzizim yüz il qala,
Yüz il yığ, yüz il qala.
Bədəsil əsil olmaz
Boyunca qızıl qala.

Abı don, abı daraq,
Yarımı gördüm bayaq,
Qaçdım, çata bilmədim,
Sınasan belə ayaq.

Dəryadan ləpə gələr,
Ağ yağış səpə gələr.
Mənim ayovlu yarım
Atını çapa gələr.

Qəriblik yaman olar,
Sovrulub saman olar.
Qürbətlərdə qalanın
Dərdi hər zaman olar.

Yolla gedən üç ilan,
Yumurtası puç ilan,
Məndən qeyri də varmı
Cavan ömrü puç olan?

Gəlin dursun yerisin,
Ayağın gül bürüsün.
Sayası burda qalsın
Başın dövlət bürüsün

Əzizim sinə incə,
Bel incə, sinə incə.
Saxsı sənək bel qucar,
Olmadım sənəyincə.

Eyvanım həsir mənim,
Ürəyim əsir mənim.
Toyumu tez eləyin,
Yarım tələsir mənim.

Bostançıyam, cuvaram,
Suyum yoxdur suvaram.
Yetişmişin dərmişəm,
Kalına da cumaram.

Bağında var boyana,
Dərbənd yolu hayana...
Hərə bir layla çalsın
Bəlkə yarım oyana.

Çalıda çapar atlar,
Ağzında cilov çatlar.
Oğlan deyir, dur gedək
Qız deyir, bağrım çatlar.

Dağlar, necə dağlarsan?
Çiskin, duman bağlarsan.
Dağlanmamış yerim yox
Sən haramı dağlarsan?!

Maralın dizi qanlı,
Topuğu, dizi qanlı,
Bizə fələk eylədi,
Biz tutduq sizi qanlı.

Dağların çiskinidi,
Dumanı, çiskinidi,
Özünü mənə yetir,
Ömrümün pis günüdü.

Bu dərə buz bağladı,
Dibi nərgiz bağladı,
Bir evə qonaq oldum,
Atımı qız bağladı.

Alma atdım, al, oğlan,
Al cibinə sal, oğlan,
Al deyəndə almadın,
Yana-yana qal, oğlan.

Çirkin çəkin ilmeyi,
Qardaşın köynəyliyi,
Qardaşımçın qız aley,
Uca dağlar kəkliyi.

Uzun qovaq, dal qovaq,
Mən ölüm, sən qal, qovaq.
Qardaş bağa girəndə
Ona kölgə sal, qovaq.

Köynəyim yaxa qaldı,
Açmadım yaxa qaldı,
Bağbanı sel apardı,
Bağ baxa-baxa qaldı.

Ana, ana, canım ana,
Canı mərcanım, ana,
Baş qoyum dizin üstə,
Qoy çıxsın canım, ana.

Pəncərədən baxdı yar,
Baxdım gördüm yoxdu yar,
Nə özündə can qoydu,
Nə də məndə ixtiyar.

Bənövşəyəm, bitmişəm,
Kol dibində itmişəm,
Qürbət günü dərdimdən
Boynumu yan tutmuşam.

A qardaş, ağa qardaş
Dolan gir bağa, qardaş.
Bağdakı qızılgüllər
Sənə sadağa, qardaş.

Qızılgül dəstəsiyəm,
Dərmişəm ustasıyam.
Hicran əyməzdi məni
Dərdinin xəstəsiyəm.

Bu yola yol salardım,
Karvanım bol salardım,
Bilsəydim ayrılıqdı,
Boynuna qol salardım.

Bağa girdim bağbansız
Dəvə gördüm sarvansız,
Aləmə dərman payladım,
Özüm qaldım dərmansız.

Dəryada çıraq yanar,
Baxdıqca iraq yanar,
Bu dünya qəm şərbəti,
İçdikcə ürək yanar.

Ləyən, ləyən, ləyəndə
Güllər boynun əyəndə
On iki qurban kəsərəm
Əlin əlimə dəyəndə.

Qulağında tanası,
Üstün örtüb şanası.
Qonşu qızı sevirəm,
Vermir zalım anası.

Üzüm, üzüm ağacı,
Üzüm, düzüm ağacı,
Bağa baltalı girdi,
Kəsdi bizim ağacı.

Üzüm tənəyi haça,
Əlim dolaşdı saça.
İgid ona deyərəm,
Məni götürüb qaça.

Dağlara dolu düşər,
At gəlsə nalı düşər,
Qəbrim qazın yol üstə,
Qardaşın yolu düşər.

Dəryada sicim gördüm
Sicimin ucun gördüm
Mən səndən ayrılmazdım
Fələyin gücün gördüm.

Aşıqam aşıqlara,
Zülfü dolaşıqlara.
Əgər səni tapmasam,
Qoşullam aşıqlara.

Pəncərədə şüşə var,
Sürüşübən düşə var.
O məhlədə bir qız var,
Qardaşıma düşə var.

Çəkməsi cıq-cıq eylər
Evimizi palçıq eylər,
Qonşu qara geyinsin,
Yar gələndə söz eylər.

Ay qız, gəl alım səni
Bağda gül alım səni,
Qız, vaxtında gəlmədin,
İndi dul alım səni.

Elə bir gün olaydı,
Sazla düyün olaydı,
Sizin kəndin qızları,
Bizə sürgün olaydı.

Samavar bizim olaydı
Lüləyi qızıl olaydı,
Girəydim yar qoynuna,
Gecələr uzun olaydı.

Bağ bağçalar şam olsun,
Ya çinar, ya şam olsun,
Gec gəlib tez gedirsən,
Otur, qoy axşam olsun.

Əzizim güzgüsünə
Baxdım yar güzgüsünə
Ürəkdən bir ah çəkdim
Az qaldı güzgü sına.

Bağça barsızdı, gülər.
Heyva narsızdı, gülər.
Könlüm evi virandır,
Üzüm arsızdı, gülər.

Ovun ovutmaz məni,
Meylin soyutmaz məni.
Ovudursan sən ovut,
Kimsə ovutmaz məni.

Axşam arada qaldı,
Xəncər yarada qaldı.
Mənim vəfasız yarım,
Bilməm harada qaldı.

Qızılgülü dərəllər,
Xəlvət yerə sərəllər.
Səndən ötrü sarallam,
Qızdırmadan görəllər.

Gedirəm yollar ilə,
Dürlü xəyallar ilə
Qucaydım yar boynunu
Tamarzı qollar ilə.

Dərbəndin dağı birdi,
Düzü çox, dağı birdi.
Balama dəymə, fələk,
Gözümün ağı birdi.

Dağlar başı qardandı,
Yolum sizin sardandı.
Səni xəlvətdə tutam
Məndə o bəxt hardandı?

Əzizinəm, başda mən,
Dəryada mən, daşda mən.
Yazıldı qara yazı
Genə yazıq başda mən.

Yol üstündə var çinar,
Yarpağı dinar-dinar.
Mənim nazlı yarımı
Saxlasın pərvərdigar.

Mən aşiqəm Dərbəndə,
Su gəlib dolub bəndə
Fələk bir tor qurubdu,
Gül yarım düşüb bəndə.

Aşıq bu gündə məni,
Toyda, düyündə məni.
Fələk də rəhmə gələr
Görsə bu gündə məni.

Su üstə sərincə bax,
Yuyunca, sərincə bax.
Yara belə baxmazlar,
Ay zalım, sərincə bax.

Suya gedən igidi,
Su dolduran ilkidi.
Bulaqda su olaydım,
Su qızların yüküdü.

Əlimdə ələmim var,
Qızıldan qələmim var,
Əzrayıl, alma canım,
Uzaqdan gələnim var.

Göyərçinəm, uçdum, gəl,
Yar bağına düşdüm, gəl,
Yaxşı günün yaxşısı,
Yaman günə düşdüm, gəl.

Göyəm yerlər,
Göy yerlər, göyəm yerlər,
Könlümə qan ağladır,
Ayağın dəyən yerlər.

Yetimin yekə dərdi,
Yüklənib lökə dərdi,
Mən dərdi çəkəmmirəm,
Kim gəlib çəkə dərdi?!

Dağların qaşı duman,
Dibi göy, başı duman.
Bir qoymaz yar görünə,
Çəkilməz naşı duman.

İncidənsən,
Dürdənsən, incidənsən.
Kəsərəm, dilim, səni
Bilsəm, yar incidənsən.

Kağızın ağına bax,
Çevirib sağına bax.
Mən yadına düşəndə
Dərbəndin dağına bax.

Eləmi yatan qarı,
Dağların yatan qarı.
Kişini tez qocaldır
Axşamdan yatan qarı.

Ağ alma allanıbdı,
Budaqda ballanıbdı.
Qardaşın quzu kürkü
Çiynindən sallanıbdı.

İpək çəkib çarxlardan,
Atılaydım arxlardan
Qardaşa qız alaydım
Alagözlü şıxlardan.

Nədi diləyin, qardaş,
Ağdı biləyin, qardaş.
Quzu qurban kəsərəm
Bitsə, diləyin, qardaş.

Arpa biçib gedeydim,
Ağ su içib gedeydim,
Yar yadıma düşəndə
Göynən uçub gedeydim.

Dərbənd üstü düz olur,
Dəstə-dəstə qız olur.
Getməsəm, bağrım çatlar,
Gedəndə də söz olur.

Muncuq düzdüm möhrədən,
Naxış vurdum dövrədən.
Sən ki belə deyildin,
Ölsün səni öyrədən.

Canım kotana qurban,
Maçın tutana qurban.
Şumda kəsib əhədin
Yorğun yatana qurban.

Dəryada dəryalıqlar,
Qalxıb oynar balıqlar,
Nə elə görüş olsun,
Nə belə ayrılıqlar.

Ağ alma, qızıl alma,
Tabağa düzül, alma.
Səni yar göndəribdi
Saxlaram yüz il, alma.

Ağ dəvə çatıb gələr
Quyruğun atıb gələr.
İstəkli yar itirən
Qəmlərə batıb gələr.

Dəyirman üstü çiçək,
Gəl gedək onu biçək.
Qardaşa gəlin gəlsin
Uzunsaç, qarabirçək.

Dərbəndin küçələri,
Bar verər beçələri.
Səslədim qardaşımı
Hay verdi neçələri.

Günəş göy qırağında,
Qızlar toy qırağında.
Mən yarımla görüşdüm
Pünhan çay qırağında.

Əzizim gözdə məni,
Kiprikdə, gözdə məni.
Bu çölün ceyranıyam
Gəl ovla güzdə məni.

Xalını qoydum yükə,
Yeddi qat bükə-bükə
Yarımın düşmənləri
Doğransın tikə-tikə.

Süd üzü qaymaq gərək,
Qaymağı yaymaq gərək.
Yardan əl götürənin
Gözlərin oymaq gərək.

Əmimoğlu, xasa gəl,
Mən ölmüşəm, yasa gəl.
Qəbrim yol üstündədi,
Torpağımı basa gəl.

Bulağın başı dayım,
Üzüyün qaşı dayım,
Sənə mən qurban olum,
Anam qardaşı, dayım.

Gedirəm yolum budu,
Dərd budu, zülüm budu.
Sevəsən, yad apara
Əcəlsiz ölüm budu.

Bu gələn özün bilməz.
Danışar, sözün bilməz.
Hər gəlib su dolduran
Çeşmənin gözün bilməz.

Dərbənd üstə qala var,
Ürəyimdə yara var.
Mən ölürəm dərmansız,
Bəs deyirdin çara var.


Təqdim etdi: Uğur