Qarabağı boyunlardan asan adam Mədəniyyət

Qarabağı boyunlardan asan adam

Bakıda maraqlı bir butik var: Andrew s Ties. Onu maraqlı edən isə burada Qarabağ qalstuklarının satılmasıdır. İtalyada istehsal olunan Qarabağ qalstukunun üzərində Azərbaycanın işğal olunmuş rayonlarının adları, tar, kaman, qaval, Qarabağın igid və şəhidlərinin simvolu olan dəbilqə, Şuşanın simvolu Xarı Bülbül gülünün rəsmi cəmlənib.
Qarabağ qalstukunun ideya müəllifi, butikin yaradıcısı Yavər Məmmədov bu ideyanın necə yaranmasından danışır:

- 1997-ci ildən Təhsil Nazirliyində maliyyə sahəsində çalışıram. Nazirlikdə dünya bankının həyata keçirdiyi beynəlaxalq layihələrin maliyyə rəhbəriyəm. Hazırda bizim layihərimiz bitib. Məndə bir balaca sərbəstlik yaranıb. Ancaq mənim hobbilərimin işimlə heç bir əlaqəsi yoxdur. Tar çalıram, rəsmlər çəkirəm. Ən böyük marağım isə qalstuk yığmaqdır. Elə buna görə də 2013-ci ildə belə bir qərara gəldim ki, İtalyada çox sevdiyim bir qalstuk dükanının Bakıda butikini açım. İlk dəfə o dükanı 2011-ci ildə görmüşdüm, ancaq maliyyə vəziyyətim dükanı açmağa imkan vermirdi. 3 ildən sonra yenidən cəhd etdim və qismət oldu. Butikin açılışına İtalyanın Azərbaycandakı səfiri, hökumət və dövlət işçiləri gəlmişdilər.
Beləliklə, Azərbaycanın bir sıra önəmli şirkətləri - Paşa Holdinq, Azərbaycan Beynəlxalq Bankı, AzərTürkBank və digər imicinə diqqət edən şirkətlər sifarişlərini mənə verməyə başladılar. Və böyük uğurlar əldə etdik.
Onu da qeyd edim ki, bizim qalstukların ipəyi İtalyada Corc Armani, Versaci kimi brendlərin ipəyi ilə eyni yerdə istehsal olunur. Sizin gördüyünüz o brendlərin hamısı bir bir "evdən" çıxır. Sadəcə olaraq, üstlərindəki imza və dizaynları fərqli olur. Əlbəttə ki, onlar içərisində ən kefiyyətlisi bizim şirkətin qalstuklarıdır. Bunun da ciddi səbəbləri var.

- Qarabağ qalstukunu hazırlayıb satışa buraxmaq ideyası necə yarandı?

- Fikirləşdim ki, qalstuk hər bir insanın üzərində gəzdirdiyi yaraşıqlı aksessuardır. Bunun üzərində olan təsvirlər, şəkillər gözəl informasiya daşıyıcısıdır. Hansısa bir kişi başqasına rast gələndə və ya beynəlxalq tədbirə gedəndə onun qalstuku dərhal diqqət çəkəcək. Buna görə də qərara aldım ki, bəzi məqamları elə qastuk üzərində yerləşdirək.
Dərhal əlimə bir vərəq və qələm aldım, Qarabağ qalstukunun dizaynını, kobud şəkildə olsa da, bütün konsepsiyanı hazırladım. Dostlarımı çağırdım, tarı, kamanı, qavalı, rayonların adlarını, dəbilqəni, xarı bülbülü və Qarabağ xalçasının 19-cu əsr kontur naxışlarının təsvirlərinin hamısnı bir yerə yığdıq. Və bunu İtalyaya göndərdik. İtalyanlar dedilər ki, çox gözəl, eyni zamanda mürəkkəb bir proyektdir. Amma nəticə gözəl alındı.
Onu da qeyd edim ki, bundan öncə Mədəniyyət və Turizm Nazirliyi üçün də bənzər bir iş görmüşdüm. Qarabağ xalçalarını qalstuk üzərinə köçürmüşdüm. Həmçinin Xarı Bülbül gülünün təsvirindən ibarət qalstuk da yaratdıq. Qalstukun pasportunda 3 dildə böyük bir məlumat getdi: Bu qalstukun mahiyyəti nədir, hansı informasiyanı daşıyır, üzərindəki simvolların izahı verildi, Qarabağın çar Rusiyası və Osmanlı dövründən bu günə qədər tarixi faktlarla ingilis dilində əks olundu. Bir sözlə, bir qalstuk bir diplomata bərabər oldu. Bu, Əbülfəs müəllimin çox xoşuna gəldi və dedi ki, Yavər, bu qalstuku təqdim et, bu, elə-belə bir iş deyil, siyasi bir məsələdir. Bunu məndən bir çox təşkilatlar, məsələn Paşa Holdinq alıb, xaricə göndərdi, Azərbaycana gələn qonaqlara hədiyyə olundu. Çünki həm yaraşıqlıdır, həm də siyasi bir motivi var.

- Fotolardan da aydın görünür ki, qalstukların qutuları da informasiya daşıyıcısı rolunu oynayırlar.

- Bəli, nə qədər məlumat mümkündürsə, ötürmək lazımdır. Qutunun üzərində də Şuşa qalası, Qarabağ xalçası, Xarı Bulbul gülü, Gövhər ağa məscidi, tar, Kaman, qaval, Qarabağ dağları, Qarabağ atı əks olunub. Daha nə lazımdır?..