Sazımızda yaşayan ulusal düşüncəmiz Mədəniyyət

Sazımızda yaşayan ulusal düşüncəmiz

Elxan Məmmədli: "Bu gün xalq mahnılarımızın təhrif edilərək oranjiman elilməsinə rast gəlmək artıq adi hala çevrilib"
"Biz borçalılar Bakıya gələndə də sazı yaşatmışıq"

Folklorda xəlqi müəyyənliyimizin qədim, köklü soraqları yaşayır. Xalqımızın zəngin folklor ənənələri var. Bu, qədim ənənələrimizin yenilməzliyinin sübutudur. Bir xalqın folklorunun qeyri-adiliyi, özünəməxsusluğu onun ən böyük sərvətidir. Azərbaycanda folklorşünaslıq sahəsində özünəməxsus yeri olan araşdırmaçılardan biri də Elxan Məmmədlidir. Elxan Məmmədlinin imzası o taylı, bu taylı həmvətənlərimizə bir neçə il əvvələ kimi Azərbaycan radiosunda hər həftənin şənbə günü axşam səsləndirilən məşhur "Sarıtel", eləcə də həftəlik "Gözəlləmə" verilişlərindən yaxşı tanışdır. Bu verilişlər şübhəsiz, gərgin, davamlı zəhmət bahasına araya-ərsəyə gəlirdi. Elxan Məmmədli hətta bu məqsədlə Təbrizdə də olmuş, Güneyli soydaşlarımızın nəfəsini quzeydəkilərə, eləcə də bütün dünyaya çatdırmışdı. O, hazırda AMEA-nın Folklor İnstitutunun "Aşıq yaradıcılığı" şöbəsinin müdiridir.
Bu gün dünyada folklor havası təəssüf ki, hiss olunmur. Qloballaşmaya (kürəsəlləşməyə) meylin artdığı, qədimliyə əvvəlki kimi sevginin olmadığı bir vaxtda ürəyində folklor sevgisi yaşadanların dəyanəti milli kimliyimizə böyük sayğıdan irəli gəlir. Elxan Məmmədli deyir: "Bu, bir ömür yoludur ki, davam edir. Dünya əlindən gələni edir ki, hər yanda eyniləşmə olsun. Ona görə də folklora münasibət müxtəlif təsəvvürlər vasitəsilə damğalanır. Təsəvvür edin ki, ABŞ kimi bir ölkənin folkloru yoxdur. Bu gün folklor ənənələrinin yeni səviyyədə bərpası, bu yöndə materialların toplanaraq çap edilməsi qloballaşmanın, özündənayrılmanın qarşısında əsl sipərdir. Folklor əxlaqi, mənəvi dəyərlərimizin çox ləyaqətli bir qoruyucusudur. Texniki tərəqqi ilə əslində bu gün kimisə heyrətləndirmək çox çətindir. Çünki bəşərin keçib-gəldiyi yol artıq onun üçün adilik məzmunu kəsb etməkdədir. Folklorun bircə nümunəsini bugünkü texniki tərəqqinin birinin qarşısına qoysaq, o zaman qədimliyimizin nə qədər dəyərli olduğu görünər, bilinər. Folklor tərbiyə, sevgi, mərdlik məktəbidir. O adamlar ki, folklordan qaynaqlanır, onların daim mənəvi dünyaları zəngin olur, folklor o insanlara tükənməzlik verir. Yaradıcı insanlarımızın əsərlərində folklordan bəhrələnmənin zəngin izlərini görmək mümkündür. Azərbaycan ictimai fikrinin inkişafında əhəmiyyətli rol oynamış ziyalılarımız həmişə xalq ədəbiyyatından gözəl şəkildə bəhrələniblər. Həmin şəxsiyyətlərin əksəriyyəti mübaliğəsiz demək olar, akademiya bitirənlərdən üstün idilər. Çünki onlar birbaşa xalqın içərisindən gəlmişdilər, daim folklorla, xalq ruhu ilə nəfəs alırdılar".
Bu gün folklordan müxtəlif yönlü musiqi müsabiqələrində istifadə edilir. Bu, hər halda folklora, özündə milli ruhu daşıyan, bəşəriliyi təsdiq edən bir sorağa qarşı təhriflərə də yol açır. Sözügedən məsələyə münasibət bildirən Elxan Məmmədli deyir, əslində bütün xalq mahnılarımızın kökü folklordan gəlir: "Ancaq bu gün xalq mahnılarımızın təhrif edilərək oranjiman elilməsinə rast gəlmək artıq adi hala çevrilib. Çoxlu gözəl mahnılarımız dəfələrlə oranjimana məruz qalır, nəticədə təhrif edilir. Mahnı eybəcərləşir, əsilliyindən uzaq düşür. Təsəvvür edin, Qədir Rüstəmovun ifasında səslənən "Sona bülbüllər", "Apardı sellər Saranı", ya başqa mahnıların oranjimana ehtiyacı varmı? Bu cür ilahilikdən soraq verən mahnıların oranjimanındansa, elə bu cür qalması daha yaxşıdır. Muğam müsabiqələrində yeni səslərin olmasını görəndə çox sevinirəm. Ancaq şou müsabiqələrində Azərbaycan mahnılarından çox xarici ölkələrin estrada musiqilərinə üstünlük verilir. 60-70-ci illərdə Azərbaycan estradasının çox gözəl nümunələri yarandı. Ancaq indiki estradamızın bu kökdən məhrum olması hər halda yaxşı hal deyil. Gərək estrada müğənnisi belə mahnı oxuyanda bilinsin ki, bu, hansı xalqın nümayəndəsidir, hansı mahnını necə oxuyur".
Görəsən, folklorun bu vaxtacan olan dönəmdə elmi-nəzəri araşdırılmasını qənaətbəxş hesab etmək olarmı? E.Məmmədli bildirir: "Folklorumuz qədim olsa da, onun araşdırılması ilə məşğul olan elm bir o qədər cavandır. XIX yüzilliyin sonlarına yaxın Azərbaycan folklorunun araşdırılması məsələləri vüsət almağa başladı. Bu dövrdə dünya alimlərinin əsərlərində folklorumuzun araşdırılması diqəti xüsusi cəlb edir. Bu zamanda yaşamış Azərbaycan ziyalıları folklorçu olmasalar belə folklorun tədqiqində, toplanılmasında çox böyük hünər göstərdilər. Sovet hakimiyyətinin Azərbaycanda bərqərar olduğu dövrün əvvəllərində Hənəfi Zeynallı, Vəli Xuluflu, Hümmət Əlizadə, Salman Mümtaz və başqaları Azərbaycan folklorunun öyrənilməsində, araşdırılmasında, toplanılmasında böyük işlər gördülər. Ötən əsrin 40-cı illərində bu yöndə elmi-nəzəri fikirlər gücləndi. Məhz o dövrdən başlayaraq Azərbaycanda bu yöndə hərtərəfli araşdırmalar başlandı. Sevindirici haldır ki, bu gün Azərbaycandakı araşdırmaların əks-sədası Türkiyədən, eləcə də başqa ölkələrdən gəlir. Bu gün Azərbaycanda AMEA-nın Folklor İnstitunun folklorumuzun öyrənilməsində müstəsna xidmətləri var. Hazırda institutda folklorumuzun öyrənilməsi ilə əlaqədar olaraq həm nəzəri, həm də praktik işlər böyük müvəffəqiyyətlə gedir. Sevindirici haldır ki, bu gün həm kəmiyyət, həm də keyfiyyət baxımından folklorumuzun təəssübkeşləri artıb. Bunlar Azərbaycanda folklorşünaslığın inkişafının yeni bir mərhələsindən xəbər verir".
Qədim dövrdə fəlsəfə bütün elmləri birləşdirirdi. Folklorun da mayasında belə birləşdirici xüsusiyyətlər var. Bu vaxtacan folklorun, daha konkret desək, sazın fəlsəfəsindən nə dərəcədə bəhs edilməsi isə ayrıca bir söhbətin mövzusudur: "Folklorumuz bu vaxtacan sırf janrlar, portretlər, yazıçı və folklor mövzuları yönündə daha çox araşdırılıb. Ancaq köklü şəkildə folklorumuzda ana xətti ifadə edən fəlsəfi yönümün açılmasına daim ehtiyac var. Məsələn, tədqiqatçı Fəxrəddin Salim "Aşıq poeziyasında təsəvvüf görüşləri" adlı mövzu üzərində çalışmalarını bir kitabda cəmləşdirib. Sovet dövründə çox mövzulara icazə verilmirdi. Vaxtilə Borçalıda "Koroğlu" dastanının "Ağca Quzu" qolunu Aşıq Aslandan toplamışam. Qol iki hissəyə bölünür. Bunu "Qobustan" jurnalında çap etdirdim. Sonra bu qol Türkiyədə də çap edildi. Heçə il qabaq o qolu yenə həmin aşıqdan topladım. Sovet dövründə dini mövzuda folklor nümunələrindən istifadə olunmasına icazə verilmirdi. Bu səbəbdən də o zaman dini mövzularda folklor araşdırmaları çox hallarda yarımçıq qalıb. Bu gün Folklor institutunda zəngin kadr potensialı bu yöndə problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Güney Azərbaycanda, Borçalıda, Dəmirqapı Dərbənddə folklor soraqlarımız toplanılır. İraq-Türkman folklorunu professor Qəzənfər Paşayevlə Əbdüllətif Bəndəroğlu toplayıblar. İnanıram ki, biz bir daha İraqa qayadıcağıq. Orada çox zəngin folklorumuz var".
Elxan Məmmədlinin şübhəsiz, aqibətinə düşmüş folklorçuluğunun, saza olan eşqinin yaşadılmasında Borçalıda doğulmağı az rol oynamayıb. E.Məmmədli deyir ki, harada doğulmasından asılı olmayaraq gözünü açandan Azərbaycan Türkünü folklor mühiti əhatə edir: "İstər saz, istərsə də nağıl, əsatir mühiti olsun. Əgər Şirvanda doğulsaydım, Şirvan aşıq mühitinin, Haxçıvanda doğulsaydım, qədim əsatirlərin, rəvayətlərin sehrinə düşəcəkdim. Ancaq ana sazımızın bir xüsusiyyəti var ki, özündə bu cəhətlərin hamısını yaşadır. Aşıq həm rəvayət, nağıl, dastan danışır, həm də özünə qədər yaşamış, eləcə də müasiri olan aşıqları, saz havacatlarını bizə çatdırır.
Folklorumuzun zənginliyi danılmaz faktdır. Borçalıda çox zəngin dastan yaradıcılığı var. Borçalı yeganə bölgədir ki, orada aşıq ancaq sazla meydana girir. Sanki aşığa sonsuz məharət gəlir, sazın özünün də solo imkanı genişlənir. Aşıq Əmrah sazı 12-13 pərdədən 20-25-ə qaldırdı, 7-9 simdən 11 simə yetirdi. Bunların hamısı havacat zənginliyindən irəli gəlirdi. Biz tarixən Borçalıda ruhumuzun özgürlüyünü qorumuşuq. Bəlkə də o hiss bizi saza daha möhkəm bağlayıb ki, folklorumuzu yaşadaq. Bu gün folklorumuz ruhumuzun mübarizliyini yaşadır. İndi Borçalıdan çıxan hər bir ziyalı yenə də bunu unutmur. İstənilən saz havası çal, Borçalıdan olan deyəcək ki, hansı havadır. Çünki həmin havalar onun nəfəsidir. Borçalılar nəinki havacatları, üstəlik onun adını, yaranma tarixini, dastanlarını da bilirlər. Biz borçalılar Bakıya gələndə də sazı yaşatmışıq. Bir şəklim var: orada 9 yaşındayam, sinəmdə də saz. Atam Hüseynqulu müəllim 1953-cü ildə o sazın üstünə adımı yazdırıb, mənə hədiyyə edib. Həmin şəkli tapanda çox sevindim. Çox qəribə şəkildir, başımda da aşıq papağı var".
Elxan Məmmədlinin xoşbəxtliyi bundadır ki, Azərbaycan türklərinin aşıq mühitinə yaxşı bələddir: "Təbiidir ki, bu, mənim çiyinlərimə böyük məsuliyyət qoyur. Sazın fəlsəfəsini yazmaq asan məsələ deyil. İstəyim odur ki, yazım. Digər tərəfdən də işlər çoxdur. 1969-cu ildən başlayaraq 10 il ərzində mütəmadi olaraq hər ay "Bulaq" verilişi üçün təxminən bir ssenari yazmışam. Əslində folklora gəlişimi "Bulaq"la başladım. Radiodan səsim gəldikcə ruhlanırdım. Axtarışlar artdı, ardıcıl olaraq rayonlara gedir, çoxlu folklor nümunələri toplayırdım. Bütün bu işlər sonradan sözün əsl mənasında folklorçu olmağıma böyük təkan verdi.
Azərbaycan türkünün sazı onun özü ilə yaşıddır. Bu qənaəti bütün aşıq mühiti və məktəblərinə aid edirəm. Hər bir yaradıcı insandan əməl qalır. Arzularım çoxdur. "Sarıtel"lə "Gözəlləmə" məni radioya çox bağladı. Hazırda radionun fondunda 180-ə qədər verilişim qorunur. Şəxsi arxivimdə 1200 saata yaxın aşıqlara həsr olunan verilişlərin orijinalları vardı, bunları Dövlət Səslər arxivinə təhvil verdim".

Uğur