Bütöv Azərbaycan düşüncəli roman Mədəniyyət

Bütöv Azərbaycan düşüncəli roman

Nizami Muradoğlunun romanları başqalarından nə ilə fərqlənir? Bu suala cavab axtararkən mərhum Yaşar Qarayevin fikri yadıma düşdü: "Romanı başqa nəsr formalarından ayıran xüsusiyyət kimi ən çox "həcm" amilini qeyd edirlər. Ancaq həcmdən danışmaq qaçılmazdırsa, onda romanın öz həcmindən, ölçülərindən deyil, romanda əhatə olunan həyat materiallarının, problemin miqyasından və ölçülərindən danışmaq daha doğru olar".
N.Muradoğlunun "Baba ocağı" əsərində "həyat materialları, problemin miqyası" son dərəcə genişdir. Roman siyasi-ictimai həqiqətləri o qədər reallığı ilə əks etdirir ki, hətta bu əsəri dövrün canlı salnaməsi, tarixi sənədi hesab edə bilərik.
Romanda cərəyan edən hadisələr Əylis kəndinin tarixi həqiqətləri ilə bağlı olsa da, əslində bütün Azərbaycan gerçəkliklərini özündə əks etdirir.
Ocağın müqəddəsliyi artıq bizə qan və gen yaddaşı ilə qərinələrdən bəri aşılanıb. Qədim hunlarda belə bir deyim vardı: "Düşmən dövlət xaqandan mal, pul, hətta kəniz istəyir... Xaqan bunların hamısını peşkəş edir. Ancaq qayasından bir parçanı istəyəndə qılıncını sıyırıb müharibə edir. Çünki o qaya parçası ata ocağının əmanətidir, nəsillərə əmanət olaraq verilib. Kiməsə bağışlamağa heç kəsin haqqı yoxdur. Bu tarixi həqiqət Türk Dünyasının gen yaddaşında əsrlər boyudur yaşayır və xalqın dilində "Torpaqdan pay olmaz" ifadəsi ilə sabitləşib. Ata ocağı – ataların ruhunu daşıyan ocaqdır. O ocaq sönərsə, türkün böyük hünəri məhv olar, xalqları isə yaşadan onların milli ruhudur.
N.Muradoğlunun romanından doğan həqiqətlər bunlardır: torpağın, ata ocağının müqəddəsliyi, milli ruhun möhtəşəmliyi, Azərbaycan türkünün müqəddəs dünyası, tarixi düşmənlərin çirkin niyyətlərinin açılıb göstərilməsi və s. Bu həqiqətləri oxucusuna çatdırmaq üçün müəllif tarixi keçmişimizlə bağlı hadisələri axtarıb tapır, o dövrdə yaşamış insanların taleyini izləyir. Düşmənlərin çirkin xislətini canlandırır, onların məkrli niyyətlərini poetik dillə romanda açır:

Vay olacax, qan olacax,
Bakı Hayıstan olacax.
Az kaldı,
Az kaldı.
Lap az kaldı,
Can, ay can...

Eləcə də başqa bir poetik nümunədə:

Daşnak keçir, yan görünür,
Hər tərəf al qan görünür,
Hər kimin qarnı ağrıyır,
Orda Şaumyan görünür.

Bu kimi çirkin niyyətlər üstündə köklənən qarı düşmən zaman-zaman müxtəlif maskalarla məişətimizə soxulub və "ata ocağımızı" yıxmaq üçün əlindən gələni edib. "Baba ocağı" romanında hadisələr dramatik inkişaf edir. Bir tərəfdən düşmənin hiylələri, başqa tərəfdən də yerli camaatın fədakarlığı... Demək olar, dünyanın heç bir yerində belə taleyi yaşayan xalq yoxdur. Düşmən ocağının başında yuva salır, sənin könlünü alır, fürsət düşən kimi xəncəri arxadan kürəyinə saplayır. Romanda olan Akop, Stepan kimi erməni surətləri dövrün siyasi həqiqətlərini əks etdirmək baxımından çox əhəmiyyətlidir. Onların düşüncəsi, anti-türk əhval-ruhiyyələri, aralarında yaşadıqları xalqa pis gözlə baxmaları, məkrli niyyətləri əsil erməni xislətinin ifadəsidir.
Onların çirkin niyyətləri qarşısında dayanan Dadaş kimi azərbaycanlı obrazı, onların yaşadığı tale, Vətənə, elə, obaya olan məhəbbəti, yüksək sənətkarlıqla ifadə olunub. İlk baxışdan hadisələrin cərəyan etdiyi yer Əylis kəndidir. Ancaq sonrakı səhnələrdə görürük ki, bu əsrarəngiz kəndin simasında bütün Azərbaycanın taleyi bədii lövhələrlə ifadə olunur.
Romanda Bütöv Azərbaycan düşüncəsi var, Əylis isə o möhtəşəm varlığın bir hissəsidir. Romanda olan poetik nümunələrə gəlincə, əsərdəki şeir nümunələri N.Muradoğlunun poetik düşüncəsində hansı notların olmasını ifadə edir. Elini, obasını dərin məhəbbətlə sevən müəllif "Baba ocağının" başına gələn hadisələri, tarixin keşməkeşli dövrlərində azərbaycanlıların yaşadığı müsibətləri həyəcanla qələmə alıb, onları bir daha yaddaşlarda yaşatmağa cəhd edib. Başqa şeir nümunəsində müəllif çirkin erməni xislətinin poetik ifadəsini verib:

Zoru görcək erməni,
Atdı, qaçdı xərməni.
Bu satqınlıq ki onda var,
Alçaqlıqdır nədəni.

Zülmə tabe olan erməni türkün hünərini görcək canına qorxu düşür. Özü də yaxşı bilir ki, xainliyin cəzası çox ağır olur. Ona görə də türkün adı belə gələndə əsməyə başlayır. Ermənilərin bu xislətini romanda sənətkarlıqla əks etdirən müəllif həm də poetik nümunələrdə deyilənləri əks etdirib:

Xan dığanı danladı,
Dığa işi anladı.
Eşşək kimi anqırdı,
Xoruz kimi banladı.

Tarix boyu ocağımızın başında oturan "dığalar" milli adət-ənənələrimizə hörmətlə yanaşmaq əvəzinə, onlara həqarət edib, təxribatlar törədirlər. Buna görə də yerli əhali arasında özlərini hörmətdən salırlar. Novruz bayramının təntənəli keçməsinə mane olan Anastas adlı erməni bayramda xan seçilmiş şəxs tərəfindən təxribat törətdiyinə görə cəzalandırılır. Müəllif həmin səhnələri poetik lövhələrlə təsvir edir. Romanda verilən şifahi xalq ədəbiyyatı nümunələri təsvir olunan hadisələrin pafosunu daha da canlandırır:

Küləyi əsən dağlar,
Yolumu kəsən dağlar,
Dərd əydi, mən qocaldım,
Sən elə osan, dağlar!

Əsərin qəhrəmanı bu bayatını Əylis kəndinin ətrafında olan Ələngəz və Kəmki dağlarına üz tutaraq deyir. Keşməkeşli tarixi anlar yaşamış Əylisin ürəyindən qanlar axır, ancaq onun gözəlliyinə rəng verən dağlar yenə də qəddini əymədən vüqarla durublar. O dağlar məğrur Əylis camaatının əyilməz vüqarının şahidləridir. N.Muradoğlunun romanda işlətdiyi poetik nümunələr yerində, məqamında seçilmiş nümunələrdir. Həmin poetik nümunələr romanın süjet xəttindən doğan və təhkiyəyə qüvvət verən əsas amillərdəndir. Xüsusilə bayatılardan seçilmiş bu nümunələr ümumi dinamikanı tamamlayır, oxucuda dərin təsürat yaradır:

Analar yanar ağlar,
Dərdini sanar ağlar,
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.

Bu bayatı romanın ümumi təhkiyəsindən doğan bir qəlbin sızıltısıdır. Sanki müəllif anlayır ki, romandakı pafosu gücləndirmək üçün belə bayatıya ehtiyac var və həmin bayatını böyük ustalıqla yerli-yerində işlədir. Müəllifin təsvirlərində xalq adətləri, mərasimləri də var. Həmin mərasimləri tam təfsilatı ilə oxucusuna çatdırmaq üçün mərasim iştirakçılarının dedikləri şeirləri olduğu kimi romanın süjet xəttinə daxil edir. Yazıçının təsvirlərində xalqımızın başına gələn müsibətlər vaxtilə haqq yolunda şəhid olanların müsibətləri ilə paraleldir. Sanki həyatın ümumi ahəngindən doğan ilahi hikmətlər aydın olur. Nasirin təsvir etdiyi hadisələr qanlı-qadalı illərə təsadüf edir və məkrli düşmənlər əllərində olan bütün imkanlardan istifadə etməklə xalqımızın başına müsibətlər gətirir.
Nizaminin qələmində milli birliyə, milli saflığa çağırış var. O xalqı həmişə siyasi cəhətdən sayıq və fəal olsun. Çünki hələ də torpaqlar işğal altındadır, milli faciə davam edir. Mən kitabın təqdimatında da dedim, Nizami Muradoğlunu dilləndirən onun vətənpərvərliyidir. Nasirin dünyagörüşündə doğulduğumuz, yaşadığımız torpaq "Baba ocağı"dır, müqəddəsdir. O müqəddəsliyi qoruyub saxlaya bilsək, tarixdə var olacağıq. Əgər bunu bacarmasaq, daim kölə olaraq qalacağıq. Atalarımızdan miras qalmış geniş coğrafi əraziyə, "baba ocağı"na hakim deyilik. Torpaqlarımızın böyük bir qismində dığalar at oynadıb "Böyük Hayastan" qurmaq istəyindədir. O yerlərdə "baba ocağımız" sönüb... biz kiçilmişik... babalarımızdan qalan "ocaqlarımıza" sahib çıxa bilməmişik... Muradoğlunu bu acı həqiqətlər düşündürür. Muradoğlu milli ruhumuzun güclənməsini düşünən yazıçımızdır. O Azərbaycanımızı möhtəşəm görmək istəyir. Onun toxunduğu mövzular bu günümüzün faciəsindən və tarixi keçmişimizlə bağlı acı həqiqətlərdən qaynaqlanır:

Əylisdə talan oldu,
Qarabağ yalan oldu,
Gedənlər qayıtmadı,
Qalanlar nalan oldu...

Muradoğlu həmin qalanların "naləsindən" yazır. Yazır ki, dərdi unutmayaq, gələcəyimizi bu gün quraq, sabaha alnı açıq, üzü ağ gedək. Muradoğlu sözünü "silaha, mərmiyə" çevirən nasirlərimizdəndir. Onu düşündürən bütün mövzular ümumxalq kədərindən qaynaqlanır. "Baba ocağı" romanından doğan ideyalar bunlardır: tarixi yaddaş, baba ocağına müqəddəs münasibət, onun uğrunda şəhidliyə hazır olmaq, bu torpaqları cənnətə çevirmək, canımızla, qanımızla qorumaq. Yalnız bundan sonra ona Vətən demək haqqını qazanmaq!...

Sənan İbrahimov
professor