Sadıq Elcanlıın yeni kitabı Mədəniyyət

Sadıq Elcanlıın yeni kitabı

Yazıçı-publisist, əməkdar jurnalist, Naxçıvan MR Əməkdar İncəsənət Xadimi Sadıq Elcanlının "Sirli söz qapısı" adlı yeni kitabı çapdan çıxıb. Kitab xalq yazıçısı Elçinin "Sadıq Elcanlı haqqında qısa dost sözü" adlı məqaləsi ilə açılır. Məqalədə xalq yazıçısı xüsusi olaraq vurğulayır ki, "Sadıq Elcanlının nəsri realist bir nəsrdir, onun hekayə, povest və romanlarında həyatın realist təsviri əsas yer tutur, ancaq bəzən onun istedadı və düşüncələri, onun bədii təxəyyülü realizm cərçivələrinə sığışmır, o, fantastikaya, mifologiyaya müraciət edir. Ancaq bu zaman söhbət mücərrəd mifik bir aləmdən getmir, çünki bütün bunlar realist yazıçının həyatda, real gerçəklikdə gördüklərinin bədii estetik inikası, yəni onun dediyim həmin bədii təfəkkürünün ifadəsidir".
"Sirli söz qapısı" adlı yeni kitabında Salıq Elcanlının son illərdə mətbuatda çap etdirdiyi hekayələri, esseləri, ədəbi-tənqidi və publisistik yazıları, eləcə də görkəmli elm və sənət adamlarının onun haqqında müxtəlif qəzet və jurnallarda çap olunan məqalələri toplanıb.
"Sirli söz qapısı" kitabının ilk bölümündə Sadıq Elcanlının son illər mətbuatda çap olunan, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən "Yeni hekayələr" silsiləsi təqdim olunur. Daha sonra kitabda müəllifin esseləri, məqalələri yer alıb.
Sadıq Elcanlının Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyi münasibəti ilə yazdığı, bütöv halda "525-ci qəzet", "Olaylar" və "Bütöv Azərbaycan" qəzetlərində çap edilən "Böyük yolun zəfər zəngləri" adlı məqalələr silsiləsi (7 məqalə) kitabın ayrıca bölümündə verilib. "Sadıq Elcanlı haqqında yazılanlardan" adlı beşinci bölümdə görkəmli elm və sənət adamlarının müxtəlif jurnal və qəzetlərdə çap olunan məqalələri təqdim edilir. Kitabın son bölümü "Oğuz eli" qəzetinin "Yazıçı" xüsusi buraxılışının səhifələrindən fraqmentlər" adlanır.
Son söz əvəzi olaraq verilən "Sirli söz qapısı qarşısında düşüncələr" adlı essesində Sadıq Elcanlı öz həyat və sənət yollarına nəzər salır, SÖZ haqqında SÖZ deyir:
"Əsərlərimi ömrümün zirvə həqiqətləri kimi yaşadım. "Qəlbin, ruhun dayaqları möhkəm olanda yaşamağa, yaratmağa nə var ki… Ömrüm boyu qəlbimin, ruhumun dayaqları dağlar kimi möhkəm, əyilməz oldu; o əyilməz dayaqlara arxalanıb SÖZün ön cəbhə xəttində, əbədi səngərlərində döyüşdüm. Uzaq dumanlar şəhəri Londondan, yaxın günəş paytaxtı Təbrizdən, əbədi ulduzlar şəhəri İstanbuldan keçdim. Şimal dənizinin sahilində, Norveçin Aberdin şəhərində qədim Qobustandan gələnlərin əbədiyyətə dönən səslərini eşitdim, Dəmir Qapı Dərbənddə, Oğuz, Hun qapılarında 1300 il əvvəlin Dədə Qorqud xatirələriylə əl tutub görüşdüm… Türkiyədə xocalar xocası, dahi türkoloq Bahəddin Ögelin, İngiltərədə fədakar ziyalı, professor Turxan Gəncəyinin, İranda məşhur doktor Cavad Heyətin, Borçalıda, Qarayazı ellərində az qala min yaşlı Aşıq Hüseyn Saraclının qonağı oldum, Aşıq Kamandarın, Aşıq Əhməd Sadaxlının səs-söz sehrinə düşdüm. Qarabağda Boyat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa qalalarının əlini sıxdım, qapısını açdım, kədərinə boyun bükdüm, sevinclərinə boylandım. Böyük yazılardan, xüsusilə, romanlardan yorulanda, şəhərdən bezəndə Şabrana - 1600 yaşlı xatirələr qalası, zirvələr gözəli Çıraqqalaya pənah gətirdim; bu qalayla üz-üzə, göz-gözə, ürək-ürəyə ruhum dincəldi… Naxçıvanın ulu tarix yollarında dönə-dönə dolandım; bu müqəddəs məkanın şərəfli dünəni, uğurlu bu günü haqqında çəkilən 16 sənədli filmin ssenari müəllifi oldum. O filmlərin sonuncusu – "Şərqdə doğan günəş" filminin əvvəlində Naxçıvanın – Nuhçıxanın ilahi göndərişli tanrısal tarixinə, taleyinə heyrətləndim…
Həmin filmi çəkərkən ruhum Ağrı, Kəmki, İnandağ, Gəmiqaya, Əshabi-Kəhf, Əlincə, Çalxanqala zirvələrində dolanır, ən çox OYANIŞ, XİLAS haqqında düşünürdüm. Və düşüncələrimin qızıl qanadı nə Nuhu xilas edən əfsanəvi gəmi, nə Adəm övladlarını daş yuxusunda qurtuluşa qovuşduran Əshabi-Kəhf mağarasının mifik möcüzəsi idi; bütün olmuşların və olacaqların ən uca zirvəsi tanrısal SÖZ idi qəlbimə hakim. O heyrət zirvələrində qəfildən dərk elədim ki, bu dünyada hamı və hər şey yuxudadır; bircə ilahi göndərişli SÖZ oyaqdır; daha doğrusu, ədəbi söz əbədi oyanış, dirilik, xilas cəhdidir; Allahla bəndənin, bədənlə ruhun, cismlə canın sirli körpüsü, keçilməz keçidi olan SÖZün tilsimli yollarından, gedər-gəlməz dolaylarından XİLAS CƏHDİNİN təngnəfəs səsləri gəlir.
Və keçmişdən, ya gələcəkdən gəldiyi bəlli olmayan uzaq bir fəhm pıçıldayır ki, SÖZlə başlayan dünya SÖZlə də qurtaracaq, dünya SİRRİ-XUDA SÖZ QAPISIDIR – HAQQA TƏRƏF AÇILIR…".