Ağbaba-Çıldır aşıq mühitində milli-mənəvi keyfiyyətlərin ifadəsi Mədəniyyət

Ağbaba-Çıldır aşıq mühitində milli-mənəvi keyfiyyətlərin ifadəsi

Azərbaycan aşıq yaradıcılığının mühüm bir qolunu ictimai motivli lirika təşkil edir. Abbas Tufarqanlının, Aşıq Alı¬nın, Aşıq Ələsgərin və b. saz-söz ustalarının poeziyasında belə nümunələr sosial kəsəri və məzmun dolğunluğu ilə seçilir. Aşıq Şenliyin "Əfəndim", "İsmayıl" və sair qoşmalarında türkçülüyü ilə öyünən, düşmənlərə qarşı cəsarətlə mübarizə aparan el qəhrəmanları tərənnüm olunur. "Qayət milliyyətçi bir adam" olan İsmayıl bəyin igidliyini aşıq poetik detallarla, özünəməxsus yüksək pafosla təsvir edir:

Qovğa günü dağı dəlir cidası,
Koroğludan çoxdur bunun ədası,
Zaloğlundan artıq gəlir sədası,
Bərəkallah belə ünə, İsmayıl.

"Hökmü rusların elində işləyən, Şenliyin dilində dastana çevrilən" İsmayılın qəhrəman və şücaətli bir igid olduğunu nəzərə çarpdırmaq üçün aşıq onu klassik obrazlarla – İsgəndər, Koroğlu, Zaloğlu Rüstəm və digər qəhrəmanlarla müqayisə edir. Qoşmada poetik səciyyə daşıyan Şam, Kayseri, Hələb, Gürcüstan, İran və sair toponimlər İsmayıl ağanın şöhrətinin yayıldığı coğrafi yerləri əks etdirir. "Bakıda da fotoqrafın yazdılar; Göndərdilər Əjdər xana, İsmayıl" misraları ilə Aşıq Şenlik bu el qəhrəmanının Azərbaycanda da tanınıb sevildiyini bildirmək istəyib. "Əfəndim" rədifli qoşmanın da məzmunu qəhrəmanlıq ruhu ilə yüklənib. Qoşmada əslən Borçalıdan olan Səməd bəyin, onun qaçaq yoldaşları İsmayılın, Mehralı bəyin, Çavuşoğlunun və başqalarının şücaəti tərif olunur. Qoşmada kiçik epik cizgilərlə aşıq Səməd bəylə onun dəstəsinin milli təəssübkeşliyini, türkə güllə atmadıqlarını hərarətli misralarla ifadə edir:

Səməd bəy deyilən zəhmi ağıdı,
İsmayıl da ruslar üçün yağıdı,
Çavuşoğlu yüz kazağı dağıdı,
Qıymadılar qırmızı fəsə, əfəndim.

"Qırmızı fəs" ifadəsi ilə aşıq Anadolu türkünü nəzərdə tutub. Aşıq Hüseyn Saraclının repertuarında xüsusi yer tutan "Aşıq Şenliyin Bor¬çalı səfəri" adlı dastan-rəvayətdə də həmin məqam paşa ilə Aşıq Şenliyin dialoqunda əks olunub. Səməd bəylə onun dəstəsini tutmağa gələn paşanın "Bəs nasıl oldu ki, heç əsgər vurmadılar?" - sualına Aşıq Şenlik yuxarıdakı bəndlə cavab verib. Ümumiyyətlə, Aşıq Şenliyin çoxşaxəli poeziyasının əsas istiqamətlərindən birini təşkil edən türkçülük məfkurəsi onun şagirdlərinin - Aşıq Nəsib, Aşıq Gülüstan, oğlu Aşıq Qasım və başqa sənətkarların yaradıcılığında da yüksək ilhamla tərənnüm olunub.
Milli özünüdərkin, etnomilli duyğuların, dövlətçiliyin tərənnümü həmişə olduğu kimi, çağdaş dövrümüzdə də Ağbaba-Çıldır aşıqlarının yaradıcılığında çoxçeşidli janr və formalarda bədii inikasını tapıb. Zaman və cəmiyyət dəyişdikcə sosial-siyasi, tarixi-mədəni proseslərə aşıqlar münasibət bildirmiş, milli dəyərləri, dövlətçilik ənənələrini, özgürlüyü və türkçülüyü geniş xalq kütlələri arasında təbliğ və tərənnüm ediblər. Folklorşünas M.Özarslan aşıq sənətində gedən bu yeniləşməni nəzərdə tutaraq yazır: "Aşıqların özəlliklə cümhuriyyət, ordu, əsgərlik, ölkə bütünlüyü, Kipr məsələsi, zaman dəyişməsi kimi fərdi mövzuları dilə gətirmələri və bu mövzularda söylədiklərini geniş kütlələrə duyurmaları onları yaşadan xüsusiyyətlərdir". Bu baxımdan Aşıq Reyhaninin, Aşıq Mövlud İhsaninin, Aşıq Murad Çobanoğlunun, Aşıq Faxfurun, Aşıq İsrafilin poeziyasında dərin məzmunlu əsərlər orijinal səciyyə daşıyır. Mustafa Atatürkün millət və Türkiyə qarşısındakı xidmətləri, imperialist qüvvələrə qarşı göstərdiyi fədakarlıq, xalq və dövlətin birliyi səmimi və poetik deyimlərlə, milli iftixar hissi ilə ifadə olunur:

Atatürkün şərəfindən, şanından,
Pay umanlar keçdi dadlı canından.
Bayraq yapdıq şəhidlərin qanından,
Mustafa Kamalın xatirələri.

Eyni hiss və duyğuları Aşıq Mövlud İhsani "Cümhuriyyət yazılı" rədifli qoşmasında tarixi-bədii xronologiya şəklində dinləyiciyə təqdim edir.
Aşıq Türkiyədə gedən böyük quruculuq işlərini, türk xalqının qurub-yaratmaq eşqini, türkçülüyün mənəvi qüdrətini ilhamla tərənnüm edir. Bəzən təsvirçiliyə yol verilsə də, bu tip şeirlər xalqın milli hisslərinin, etno-psixologiyasının, milli şüurunun formalaşmasına güclü təsir göstərib:

Şenləndi, yurd oldu dağlar, dərələr,
Yaşardı bozkırlar, qumluq səhralar,
Məhsuldar tarlalar oldu haralar,
Gülşənində cümhuriyyət yazılı.

Sözügedən mövzuda Aşıq Reyhaninin ədəbi fəaliyyəti daha çox diqqəti cəlb edir. Onun türk ordusunun gücü və qüdrəti, milli birlik, milli özünüdərk və sair kimi keyfiyyətlər haqqında duyğu və düşüncələri poetik misraların axarında gerçəkləşir, türk və türkçülük haqqında fikirləri yalnız bədii təsiri ilə deyil, həm də sosial-siyasi və məzmun dolğunluğu ilə seçilir. "Aslan kimi kükrəyən" türk ordusunun əzəməti "qələm aciz qalır, mürəkkəb yetməz" kimi klassik bir mübaliğə ilə tərənnüm olunur, folklordan gələn bu ifadə obrazlı fikrə yeni effekt əlavə edir:

Kükrədi Mehmetcik sel kimi axar,
Havadan tökülər, dənizdən çıxar,
Alnı cizgi-cizgi, dişini sıxar,
İrəli deyincə komandanları.

Hərbi qüvvələrin qüdrətinin, ordunun döyüşkənliyinin tərənnümünə həsr olunmuş şeirlərin ümumtürk aşıq sənətində, o cümlədən Ağbaba-Çıldır aşıq mühitində geniş yer tutmasının tarixi-mədəni və milli-genetik kökləri var. Prof. F.Köprülü bu məsələdən bəhs edərkən yazır: "Türklərin xalq şair-musiqişünasları haqqındakı ilk tarixi məlumat Atilla dövrünə, yəni miladi tarixinin V əsrinin ilk yarısına aiddir. Qərb qaynaqlarının verdiyi bu bilgiyə görə, Atillanın ordusunda şairlər və musiqiçilər vardı; onun ziyafətlərində bu şairlər Atillanın qəhrəmanlıqlarına, zəfərlərinə dair düzüb-qoşduqları şeirləri oxuyardılar".
Aşığın tarixi funksiyasının mühüm istiqamətini bahadırlıq və mərdlik nəğmələrinin təşkil etməsi, göründüyü kimi, tarixi-genetik ənənələrə söykənir. Orta əsrlərdə hərbi-siyasi məzmunlu aşıq mahnılarının, döyüş ruhlu saz havalarının geniş yayılması və dinamikası məhz həmin sənət ənənəsinin nəticəsi kimi sonrakı dövrlərdə də bu və ya digər dərəcədə mühafizə olunub: "İstər Osmanlı, istərsə də Səfəvi ordularında dövlət tərəfindən himayə olunan xüsusi aşıqlar dəstəsi saxlanılırdı. Onlar ovqat yaradan cəng havaları çalaraq və döyüş, qələbə ruhlu mahnılar oxuyaraq ordunun vuruş əzmini, zəfər eşqini daha da gücləndirirdilər".
Ağbaba-Çıldır aşıq mühitində qəhrəmanlıq nəğmələri, türkçülük düşüncəsi milli sərhədlərin hüdudlarından uzaqlarda yaşayıb-yaradan türk xalqını haqq-ədalət, milli özgürlük uğrunda mübarizəyə səsləyən amillərdən biri kimi diqqəti cəlb edir. Bu baxımdan Aşıq Mövlud İhsaninin "Kıbrısda" ("Kiprdə") rədifli qoşması milli hisslərin, qəhrəmanlıq duyğularının əlvanlığı ilə seçilir:

Getdik özgürlüyə, getdik barışa,
Köhlən atlar hazırladıq yarışa,
Bu torpaq Türkündür ta başdan-başa,
Şəhidim Kıbrısda, qazim Kıbrısda.

Genetik yaddaşın və bədii təxəyyülün harmoniyasında məna və məzmun tutumunu gerçəkləşdirən Aşıq Yaşar Reyhani poeziyasının başlıca ideyası türkçülük, milli özünüdərk və vətənpərvərlikdir. Çağdaş dövrümüzdə bu əqidə ilə yaşayıb-yaradan aşığın "Tərcümanıyam" rədifli qoşmasından gətirdiyimiz aşağıdakı misralar fikrimizi təsdiqləyir:

Mən Azəri türkəm, əski soydanam,
Mən şəhid üstünə doğan aydanam.

Qeyd olunan milli-mənəvi keyfiyyətlərin obrazlı ifadəsi Ağbaba-Çıldır aşıq mühitində nə qədər güclü və kəsərlidirsə, türkün özünəməxsus milli atributlarından uzaqlaşmaq qorxusu, mənəvi dəyərlərə biganə münasibət, yabançı adət-ənənələrə uymaq hissi bir o qədər kədərli və yandırıcıdır. Bu duyğu və düşüncələr Aşıq Reyhani, Aslan Usta, Aşıq Hüseyn Tellioğlu, Aşıq İsgəndər Ağbabalı, Aşıq Mövlud İhsani, Bayram Dənizoğlu, Aşıq Erol Erkaninin və digər sənətkarların yaradıcılığında təşviş və qəmli hisslərlə qələmə alınır. Aşıq Çingiz Yarani (1950) Avropanın "mədəni" həyatına aldanıb türkün müqəddəs adət-ənənələrindən uzaqlaşan, Qərbin təsiri altına düşən vətən övladlarını özünüdərkə səsləyir:

Avropa dedik qovrulduq,
Kehaneti (Kahinliyi) öyrətdilər.
Bihudə yandıq sovrulduq,
Xəyanəti öyrətdilər.

XXI əsrin real təsviri olan bu gerçəkliklər yad meyllərə uyan vətən övladlarının milli faciəsi kimi oxucunu düşünməyə sövq edir. XX əsrin əvvəllərində görkəmli sənətkarımız C.Məmmədquluzadə "Anamın kitabı" tragikomediyasında bu problemi böyük ustalıqla təsvir edərək, yad təsirlərin Vətəni parçaladığını, milli birliyi dağıtdığını əks etdirmişdi. Ağbaba-Çıldır aşıqlarının bu problemə həssas münasibəti bir tərəfdən dövlətçilik ənənələri, milli özünüdərklə, sənətkar təfəkkürü və fəhmi ilə bağlıdırsa, digər tərəfdən real tarixi təcrübə, ulu babaların müdrikliyi, yağı düşmənin fitnəkar əməllərinin əsl mahiyyəti ilə əlaqədardır. Bu baxımdan türk millətini hiyləgər düşmənin fitnələrinə aldanmamağa çağıran Bilgə kağanın vəsiyyəti olduqca mənalıdır: "Ey türk milləti! Dadlı sözlərə və yumşaq ərməğanlara aldandın və bir çoxlarımız öldü. Yenə yanılıb Güneydəki Çoqay ormanına, Töqültün düzənliyinə gedib yerləşsən, ey türk milləti, öləcəksən!".
Türk millətinin milli birliyini pozmağa çalışan düşmənin fitnə-fəsadlarının kökü çox-çox qədim dövrlərə gedib çıxır. Bilgə Kağanın bir sərkərdə və rəhbər kimi narahatçılığı, millətinə müraciəti, milli birliyi qoruyub saxlamaq üçün göstərdiyi yol, etdiyi nəsihət bu səbəblərdən doğur: "Ey Ötükənin xoşbəxt milləti! Getdiniz! Doğuya varanınız oldu. Batıya varanınız oldu. Vardığın yerlərdə xeyrin o oldu ki, qanın su kimi axdı. Sümüklərin dağ kimi yığılıb yatdı". Mövlud İhsaninin "A bəylər" rədifli qoşması müdrik bir sənətkarın milli-qlobal dərdləri əks etdirdiyi faciəli monoloq təsiri bağışlayır. Eyni sıxıntı və nigarançılığı keçirən sərkərdə (VIII əsr) və aşığın (XXI əsr) min üç yüz illik bir zaman kəsimində duyğu və düşüncələri yaxından səsləşərək ali bir məqamda – milli birlik məqamında birləşir. Aşıq türkün qədim və şanlı tarixini xatırlatmaqla onu özünə dönməyə, özünün əzəli və əbədi milli atributlarını mühafizə etməyə çağırır:

Üç qitədə at oynatdıq, savaşdıq,
Erkenekon dastanında çağ aşdıq,
Bozqurd ilə irmaq keçdik, dağ aşdıq,
Hızımızı qeyb etdik, a bəylər.

Yalnız ustad və peşəkar-ifaçı aşıqların poeziyasında deyil, el şairlərinin yaradıcılığında da türkün əzəməti və bahadırlıq ruhu tərənnüm olunur, onun birliyini sarsıtmağa, torpaqlarını işğal etməyə çalışan təcavüzkarlar nifrətlə damğalanır. El şairi Abdulməcid Tökdəmir antitürk siyasəti yeridən qüvvələrə üz tutaraq Türk Dünyasının tarixi-coğrafi arealını bədiiləşdirir, qürur və iftixar hissi ilə türkün oğul və qızlarının qəhrəmanlığını tərənnüm edir.

Avtandil Ağbaba
araşdırmaçı