Haylaçı Sənəm Mədəniyyət

Haylaçı Sənəm

2-ci yazı

Bölgə insanlarının xatirələrində dambırçıların bədahətən hayla deməsi ilə bağlı xeyli əhvalat dolaşır. Hayla, adətən bədahətən söylənir. Yəni yaxşı hayla deməyi bacaranlar yeri gələndə fikirlərini hayla ilə ifa edirlər. Balakəndə müxtəlif situasiyalarla bağlı yaradılmış haylalar haqqında əhvalatların bir qismi də Sənəm haqqındadır. Onlardan birini də bizə dambırçı Nizam danışdı. "Sənəm əyninə sırıxlı geyinərmiş. Bir Əjdər Əsədov adında katib varmış. Görüb Sənəm gəlir. Yanındakılara deyib: "Habı istidə bu niyə sırıxlı geyinib? İsti olmurmu, görəsən?" Sənəm də elə bil bunun dediklərini hiss eliyibmiş. Bunların yanına çatanda deyir:

Sinavar duran yerdə,
Burğusun buran yerdə.
Ət gedib, sümük qalır,
Qocalıx duran yerdə.

Yəni isti havada əyninə sırıqlı geyinməsinin səbəbini izah edir ki, qocalmışam, soyuq olur. Deyir, katib birbaşa yüzdüyü qaşqasına yapışdırıf ki, halaldı sana." Dambırçı Nizam Sənəmin bir neçə haylasını da bizim üçün dambırda çalıb oxudu. Onun dediyinə görə, məclislərdə dambır çaldığı zaman bəzən məclis iştirakçıları ondan Sənəmin də haylalarını oxumasını istəyirlər və o zaman aşağıdakı haylaları deyir:
Əzizim, Gülüzana,
Gün düşüb Gülüzana.
Sənəmi görmək istiyən,
Gəlsinnər Gülüzana.

Bölgə insanlarının xatirələrində Sənəmin digər bölgələrdən olan aşıqlarla deyişməsinə aid də əhvalatlar yaşayır. Biz belə əhvalatlardan üçünü yazıya ala bildik. Onlardan nisbətən pozulmuş vəziyyətdə olanını bizə Hacıyev Ərəbiddin oğlu danışdı: "Tovuzdanmı, hardansa bir aşıx gəlifdi buynan deyişməyə. O aşıx diyifdi ki, mən səni heç cürə başa düşə bilmirəm. Sənəm də deyif, mən səni başa salaram. Bu başdıyıfdı oxumağa. Aşıx Sənəmi helə də tərgiyif çıxıf gedifdi. Adını da deyirdilər o aşığın. Amma indi yadıma düşmür. Bilirsənmi, Sənəm ürəkdən deyir, aşığ da buynan bacarmır. Axı öz sözü yoxdu. Ona görə bacarmır." Bu rəvayətin daha mükəmməl variantını Rəhmanov Əfqan Zeybəddin oğlundan qeydə aldıq: "Qazma kəndinin aşağı hissəsinə Şambul (Bu kənd balakənlilər arasında Tərəkəmə Şambul kimi də tanınır. Deyilənə görə, həmin kəndin əhalisi vaxtilə Tovuz və Qazax rayonlarından, eləcə də Gürcüstanın Balakən rayonu ilə sərhəddə yerləşən Laqodexi rayonunun Qaval kəndindən gəlib bura yerləşib.) deyirlər. Tovuzlu Aşıq Hüseyn Bozalqanlı ora qonaq gəlib, eşidib ki, burda söz deyən Sənəm adında xanım var. Hansısa yolnan Sənəmnən bu aşığı üzləşdirirlər. Deyilənə görə, bunlar dörd gün, dörd gecə deyişiblər. Axırda heç biri məğlub olmadan bunlar ayrılıblar. Sənəm buna deyir ki, aşıx, qış olsaydı, sənnən uzun-uzadı deyişərdim, amma sahədə tütünüm batır". Hər iki söyləyici bizə mətnin, sadəcə, rəvayət hissəsini danışdılar, deyişmə hissəsini isə bilmədiklərini dedilər.
Bayramova Tahirə İsmayıl qızı isə bizə Aşıq Sənəmlə Aşıq Bilalın deyişməsi haqqında məlumat verdi. Onların hər ikisi 1928-ci ilin 5-7 may tarixində keçirilmiş. Azərbaycan Aşıqlarının I Qurultayının iştirakçıları olublar. Yeri gəlmişkən qeyd edək ki, Sənəm bu qurultayın yeganə qadın iştirakçısıdır. Həmin vaxt qurultayın sədri Şamaxının Qəşəd kəndindən olan Mirzə Bilal olub. Sonralar Mirzə Bilal repressiya qurbanı oldu. Onların deyişməsi maraqlı süjet əsasında qurulub. Aşıq Bilal Sənəmə eşq elan edir, Sənəm isə yavaş-yavaş bu söhbəti dostluğa yönəldir. Sənəm deyir:

Yağış yağar Şirvana,
Gün doğar hər bir yana.
O deyilmi yar gəlir,
Şam kimi yana-yana.

Söyləyicilərdən Sənəmin dambırçılarla deyişməsinin olub-olmadığını soruşduqda bu barədə dəqiq bir şey bilmədiklərini dedilər. Bir məclisdə iki dambırçı varsa, bir çox hallarda onların deyişmələrinin şahidi olmuşuq. Bu fikir deyişməyi bacaran dambırçılara aiddir. Dambırçıların heç də hamısı deyişə bilmirlər. Sənəmin də mükəmməl dambırçı olduğunu nəzərə alsaq, güman etmək olar ki, o, öz müasirləri ilə deyişib. Vaxtında yazıya alınmadığı üçün Haylaçı Sənəmin, eləcə də digər ustad dambırçı və haylaçıların yaradıcılığı haqqında daha dolğun təsəvvür yaratmaq mümkün deyil. Haylaçı Sənəmin öz müasirləri olan dambırçılarla deyişmələri, əgər bu cür deyişmələr dogrudan da, mövcud olubsa, necə deyişməsi, onu məclislərdə meyçilərin (Balakəndə balabana mey, balaban çalana isə meyçi deyirlər.), nağaraçıların müşayiət etməsi, əgər edirdisə, kimlərin etməsi və s. haqqında əlimizdə dəqiq məlumat yoxdur. Prof. Əzizə Cəfərzadə zamanında ondan 213 haylanı toplayıb nəşr etdirməsəydi, bu gün Sənəmin haylalarından da əlimizdə çox az qalmış olardı. Hərçənd ki, bir məclis zamanı yaxşı haylaçının heç olmasa, 50-60 hayla dediyini nəzərə alsaq, Sənəm kimi haylaçı üçün 213 hayla çox azdır. Amma yenə də bu haylalar Haylaçı Sənəmin yaradıcılığı haqqında bizdə müəyyən təsəvvür yaradır. Kaş ki, zamanında digər dambırçıların da söylədiyi haylalar beləcə toplanıb nəşr olunardı.

Ləman SÜLEYMANOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent