Çağdaş dövrdə Azərbaycan – Türkiyə ədəbi əlaqələri Mədəniyyət

Çağdaş dövrdə Azərbaycan – Türkiyə ədəbi əlaqələri

Bu əlaqələrin qədim və zəngin keçmişə malik olmasına baxmayaraq, nəzərdən keçirdiyimiz sahə müstəqillik illərində daha intensiv inkişaf edib. Bu müstəvidə A.A.Aydın, N.Cəfərov, Ə.Y.Akpınar, T.Məlikli, R.Əskər, M.Hacıyeva, E.Quliyev, A.Əmrahoğlu, T.Məmməd, J.Əliyeva, E.Babayeva, A.Abdulla, A.Xəndan, M.Rıhtım və başqaları xeyli sayda analitik məqalə və araşdırmalarla çıxışlar edib, H.Cavidin, Anarın, Elçinin, M.İsmayılın, Z.Yaqubun, X.Ə.Adıvarın, N.F.Qisakürəyin, A.Bəhramoğlunun və başqalarının əsərləri tərcümə olunub, buna qədər 2013-cü ilin sonlarında Nizami ad. Ədəbiyyat İnstitutunda "Yaşayan Yunus Əmrə" 1-2 dekabr 2015-ci ildə AMEA-nın vitse-prezidenti, Nizami ad. Ədəbiyyat İnstitutunun direktoru akad. İsa Həbibbəylinin təşkilatçılığı və dəstəyi ilə "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" mövzulu Beynəlxalq konfranslarda Türkiyə türklərinin ədəbiyyatı Azərbaycan ədəbiyyatı ilə əlaqələr kontekstində nəzərdən keçirilib. Bu baxımdan Arzu Hacıyevanın "Abdulla Şaiq və Mahmud Əkrəm Rəcaizadə", Hüseyn Budan Zikrinin "Yunus Əmrə: həyatı və sosial həyatımıza təsiri", Nurəddin Kamal Cevirinin "Mütəsəvvüf və təkkə şairi olan ərzurumlu İbrahim Haqqı və divanı", Ömər Adil Atasoyun "Yunus Əmrənin şeirlərində barış, hoşgörü anlayışı, insan sevgisinin önəmi və birgə yaşama mədəniyyətinin əsasları", Məsud Şənin "Hüseynbala Mirələmovun "Uzun hekayəsində "Cəza kavramı" və s. kimi maraqlı nümunələr təqdim olunub.
2016-cı ildə "Buta" Türk dünyası şairləri adlı almanax Bakıda Azərbaycan, türk, özbək və tatar dillərində oxuculara çatdırılıb. 25-27 may 2016-cı ildə Avrasiya Universitetində "Türk dünyası araşdırmaları" mövzulu Beynəlxalq elmi konfransda ədəbi-mədəni əlaqələrimizin bir sıra aktual problemləri əksini tapıb. 2016-cı ildə Sakibə Ələsgərovanın "Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi" mövzulu monoqrafiyası (Bakı, ADPU, 2016, 345 s.) işıq üzü görüb. Nəzərdən keçirdiyimiz dövrdə Azərbaycan-Türkiyə türkləri ədəbi əlaqələrinin inkişafına çoxsaylı fəlsəfə doktorluğu dissertasiyalarının təsirindən də danışmaq olar.
Bu müstəvidə Səbuhi Bayramovun "Müasir Azərbaycan – Türkiyə ədəbi əlaqələri (Z.Yaqub və M.Aslan yaradıcılığı əsasında)" – (Bakı, 2016), Günel Yunusovanın "Tənzimat poeziyasında ənənə və novatorluq" – (Bakı, 2016), Çevik Fatih Kasımoğlunun "Azərbaycan-Türkiyə yazılı aşıq ədəbiyyatında dini motivlər" – (Bakı, 2016), Culfa Ömər Tahsinoğlunun "Əhməd Cavad Türkiyə ədəbi mühitində" – (Bakı, 2016), Karahan Hüseynin "XIX əsrin II yarısında Azərbaycan və Türkiyə ədəbiyyatlarında maarifçi-ədəbi hərəkatın tarixi – müqayisəli tədqiqi" – (Bakı, 2016), Murat Dəgərin "Türkiyə və Azərbaycan ədəbiyyatında tarixi roman janrı (Samiha Ayverdi və Əzizə Cəfərzadənin yaradıcılığı əsasında)" – (Bakı, 2016), Aytən Abbasovanın "Çingiz Dağçı yaradıcılığında tarixi-siyasi proseslərin təcəssümü" – (Bakı, 2016), Vüqar Teymurxanlının "Cəlaləddin Rumi və Azərbaycan ədəbiyyatı" (Bakı, 2016), Ümit Pektaşın "XX əsrin əvvəlləri Türkiyə və Azərbaycan uşaq ədəbiyyatındakı bədii nümunələrin ideya-mövzu rəngarəngliyi" (Bakı, 2016) və s. kimi araşdırmaların rolu qeyd olunmalıdır.
Azərbaycan – Türkiyə türklərinin ədəbi əlaqələri Eşqanə Babayevanın "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin 2-ci cildinin VIII fəslində "Müasir Azərbaycan ədəbiyyatının dünya konteksti" başlığı altındakı "Azərbaycan-Türkiyə ədəbi əlaqələri" bölməsində nəzərdən keçirilib (səh.1017-1025). Nizami ad. Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsinin əməkdaşları E.Babayevanın "X.Ə.Adıvarın "Sinəkli Baqqal" romanı multikultural dəyərlər müstəvisində", "XX əsrin əvvəlləri türk ədəbiyyatında yeni tendensiyalar", Peyami Səfanın "Fateh-Hərbiyə" romanında mədəniyyətlərarası inteqrasiya" (Beynəlxalq Konfrans, Qafqaz Universiteti) , "Xalidə Ədip Adıvarın "Tatarcıq" romanı multikultural dəyərlər kontekstində" (Gənclik Beynəlxalq Forumu, Gəncə, 10-14 oktyabr 2016); "XX əsrin əvvəlləri türk ədəbiyyatında qərbləşmə" (21-22 noyabr 2016, Şərqşünaslıq İnstitutu. Türkoloji konfrans), Qazi Universitetində Azərbaycan-Türkiyə ədəbi əlaqələri (9 iyun, 2016), Azərbaycan və Türkiyə ədəbiyyatında multikultural dəyərlərə bir nəzər)" kimi çıxış və məqalələri; Fəridə Vəliyevanın "XIII-XV əsr anadilli türk poeziyasında "Gül-Bülbül" əfsanəsi elementləri" (Belçika Xəbər Agentliyi jurnalı, 2 yanvar 2016), "Sultan Vələd yaradıcılığında folklor ənənəsi" (Azərbaycan - Belçika dostluq cəmiyyəti jurnalı, 9 aprel, 2016), XIII-XIV əsr türk şeirində "ruh anlayışı" (Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyi jurnalı, 11 yanvar, 2016), "Yunus Əmrə yaradıcılı¬ğında yuxu arxetipi" (II Beynəlxalq Simpozium. Türkiyə, Manisa, 10-16 oktyabr 2016), "Türksoylu xalqların musiqi mədəniyyəti" (Beynəlxalq Konfrans, Türkiyə, Adana, 9-12 aprel 2016), "Yunus Əmrə yaradıcılğında folklor ənənəsi (VIII Beynəlxalq Sosial və Humanitar Elmlər Konqressi, Vyana, 2 avqust 2016); Xuraman Hümmətovanın "Hacı Bayram Vəlinin şeirlərində Haqqa doğru seyri – sülukunun ilahi-estetik harmoniyası". (Uluslararası Hacı Bayram Vəli Simpoziu¬mu. Ankara, 25-26 may 2016), "Yunus Əmrənin nisbəsi orta çağ qaynaqları və çağdaş araşdırmalar", Türkiyə, Aksaray, 2016) mövzularında etdikləri çıxış, məruzə və məqalələri qeyd olunmalıdır.
14-15 noyabr 2016-cı ildə "Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar" mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransda (Türkoloji Qurultayın 90 illiyi) Bədirxan Əhmədlinin "Türkoloji Qurultayda ədəbiyyat məsələləri", Aygün Orucovanın "Qərbin iki dastanında türk", Sevil Mehdiyevanın "Azərbaycan – türk şairlərinin "Sultanüşşüəra"sı Məhəmməd Füzulinin dili", Ülviyyə Məmmədovanın "Əhməd Nədimin, Məhdimqulu Fəraqinin, Molla Pənah Vaqifin dilində türk-oğuz dillərində diferensiasiya dövrü xüsusiyyətlərinin əksi", Nurtac Ərgün Atbaşının "Azərbaycan ədəbiyyatından türk sinemasına bir uyarlama: "Mahmud və Məryəm", Aytək Məmmədovanın "Türkiyəli mütəfəkkir Hilmi Ziya Ülkən - Birinci Türkoloji Qurultay haqqında" və başqa bu kimi məruzələrdə Azərbaycan - Türkiyə türklərinin ədəbi əlaqələri qarşılıqlı şəkildə təhlil obyekti kimi çıxış edib.
Nizami adına Ədəbiyyat İnstitutu Türk Xalqları Ədəbiyyatı şöbəsinin əməkdaşları tərəfindən "Türkiyə ədəbiyyatı antologiyası. Poeziya" bəhsi hazırlanıb nəşr olunmaq üçün aidi bölməyə təhvil verilib. Şöbənin aparıcı elmi işçisi Eşqanə Babayeva Elmin İnkişaf Fondunun dəstəyi və xətti ilə "XX əsrin əvvəllərində türk romanlarında multikulturalizm" layihəsi üzrə işləyib, layihə ilə əlaqədar 2016-cı ildə iki həftəlik Ankara və Qazi Universitetlərində ədəbi əlaqələrlə bağlı seminarlara qatılmış, adı çəkilən təhsil ocaqlarında özü ayrıca seminar mövzusu ilə çıxış edib. Qeyd olunanlardan başqa Azər Turanın "Sən dəniz qoxuyursan - Çingiz Dağçı" adlı məqaləsi "Ədəbiyyat qəzeti"nin 2016-cı il 24 dekabr sayında işıq üzü görüb.

Nizami Tağısoy
professor