Qulam Yəhyanın xatirələri… Mədəniyyət

Qulam Yəhyanın xatirələri…

8-ci yazı

Mən bunları nəzərə alaraq təklif etdim ki, biz hələlik işə başlayaq və biz işə başlayan kimi fırqə puştibanlıq etməsin və hətta bizdən bir növ üz "döndərdiyini" bildirsin. Çünki vəziyyətin necə və nə ilə qurtaracağını qabaqcadan demək çətindir. Ona görə də biz kəndli üsyançıları kimi çıxış edərik. Əgər lazımi müvəffəqiyyət əldə edə bilsək, daha doğrusu, qabaqcadan nəzərdə tutulmuş həssas məntəqələri tuta bilsək, bir sözlə, istədiyimizə nail ola bilsək, o zaman kəndli fədai dəstələri kimi firqənin Mərkəzi Komitəsi bizdən tərəfdarlıq edər, əgər əksinə olsa o zaman bizi özbaşına firqənin xəbəri olmadan çıxış edən anarxistlər adlandırıb, bizim əməllərimizi "qeyri-təşkilati", "qeyri-milli", "qeyri-vətənpərvər" və s. hərəkət adlandırıb, bizləri ciddi pislərsiz. Qalanını həyat göstərər. Belə də razılaşdıq. Biz mərkəzə toxunmadan məhəllələrdə əməliyyata başlamalı idik. Lazımi hazırlıq işlər gördükdən sonra 1945-ci ilin noyabr ayının 15-də Sarab və Miyanada silahlı jandarm postlarına həmlə edib, onları tərksilah etdik. Bu hadisədən 10 gün sonra, yəni noyabr ayının 25-də Miyana şəhərini mühasirə etdik. Miyanada jandarm və polis idarələrindən başqa bir qədər sərbaz da var idi. Qəhrəman fədailərimiz düşmənin qüvvələrini elə sıxışdırdılar ki, onlar müqavimət göstərməyin yersiz olmasını görüb, təslim olmaq qərarına gəldilər. Onlar təslim olduqdan sonra qabaqki təklfimizi bir də təkrar edib, onlara dedik ki, kim qalıb öz Vətəninin xeyrinə xidmət etmək istəyirsə qalıb, xalqına, vətəninə xidmət etsin, kim istəmirsə, istədiyi yerə gedə bilər. Biz onların hamısının bir aylıq donluqlarım da pərdaxt edib, qalıb xidmət etmək və ya çıxıb istədikləri yerə getmələrini onların öz ixtiyarlarına verdik. Onlardan qalanlar da oldu, gedənlər də, hər halda biz sözümüzə dediyimiz kimi də əməl etdik.
Biz hələ Miyana şəhərini almadan əvvəl bir neçə mürtəce və faşist tipli şəxslərin aradan aparılması qərara alınmışdı. Bu iş müəyyən kiçik dəstəyə həvalə edildi və onlar öz işlərinin öhdəsindən şərəflə gəldilər. Bu zaman İşlə kəndinin ərbabı Ənsari Tehrana qaçarkən fədailər tərəfindən dəstgir olmuşdu. Yəgin ki, bilirsiz bu həmin Ənsari idi ki, Seyid Ziyaəddinin "xeyriyyə" təşkilatının Işlə kəndində yığıncağını təşkil etmək məqsədilə hizbin klubunu zorla işqal etmiş, hizbin tablosunu yerindən çıxarmış, Pənbəyi və məni diri-diri torpağa basdırmağı əmr etmişdi. Ənsari və onunla birlikdə qaçmaq istəyən başqa birisinin keçmiş əməllərinin hesabı fədailərimiz tərəfindən çürüdüldü.
Mənim yadımda qalan müsbət hadisələrdən biri də istər Miyana və istərsə Sarab jandarm postlar ının alınmasında heç bir xoşagəlməz hadisənin baş verməməsidir. Heç kəsin bir kibriti belə nə qarət edilmədi və nə də, necə deyərlər, itmədi. Bununla xalq, birinci növbədə kargər və kəndli paltarında çıxış edən fədailərimiz əməldə hamıya xüsusilə düşmənlərimizə sübut etdilər ki, onlar qarətgər və çapovulçu yox, öz vətəni və xalqının yolunda qanından keçən, həqiqi fədailərdir. Onlar ana, bacı və ailələrinin namusunu qorumaqdan ötrü silaha sarılmağa məcbur olublar. Onların Vətəni və xalqı azad etməkdən başqa ayrı bir məqsədləri yoxdur.
Yeri gəlmişkən, bir cəhəti də qeyd edim ki, Miyana ilə Sarab eyni istiqamətdə hərəkət edirdilər. Hər halda Sarabın özü Miyanadan bir neçə gün tez oldu. Bunun da səbəbi ondan ibarət idi ki, hər iş qabaqcadan müəyyən edilmiş planla gedirdi. Bunu burada yadəvərlik etməkdən məqsədim ondan ibarətdir ki, Miyana ilə Sarabın arasındakı yolun külli miqdarda qar yağması nəticəsində kəsilməsinə baxmayaraq, mənim Sarabdakı hadisələrin necə cərəyan etməsindən ardıcıl xəbərim olurdu. Eləcə də onları müəyyən işlərin gedişindən xəbərdar edirdik.
Miyana alınandan sonra ilk növbədə tacirləri toplayıb, onlarla söhbət etdik və hamısını xətircəm etdik ki, heç kəsin onlarla heç bir işi olmayacaq, bizim də xahiş və tələbimiz ondan ibarətdir ki, mümkün qədər tez öz işlərinə başlayıb, alverlərini etsinlər. Bu, razılaşdığımız kimi də oldu. Razılaşmanın ikinci və üçüncü günü həyat öz qaydasında cərəyan etməyə başladı. Bu zaman xəbər gəldi ki, Tehranda olan İngiltərə səfiri Miyanaya gəlmək istəyir. O keçmişlərdə də Miyanaya tez-tez gəlib, Miyanada olan benzin-neft satış məntəqəsini "yoxlayıb", yenidən Tehrana qayıdırdı.
Mən səfirin Miyanaya gəlməsinə söz yox ki, "hazırlıq" görməli idim. Yeri gəlmişkən, bir cəhəti də qeyd edim ki, keçmişdən bəxşdarın müavini olan şəxs, fədailər Miyananı tutduqdan sonra bəxşdar olmuşdu. Bundan əlavə keçmiş polis (nəzmiyyə) idarəsinədə işləyənlərdən yuxarıda qeyd etdiyimiz kimi nəzmiyyə idarəsində qalıb, xidmət edənlər də az deyildi. Onların keçmiş libasları da qalırdı. Göstəriş verdik ki, onlar keçmiş paltarlarını da geyib, fərmandarlıq və fərmandarlığa gedən yolda öz xidmətlərində olsunlar. Mən orasını da bilirdim ki, səfir bəxşdarlıqla hələ keçmişdən yaxşı tanış idi. Səfir Miyanaya gəlib, benzin-neft satış məntəqəsini yoxlayarkən həmişə fərmandarlığa baş çəkməyi də "yaddan çıxarmırdı". Nəhayət, İngiltərə səfiri gəlib çıxdı. O, yolda ona tanış olan polislərdən başqa bəxşdara gələrkən özünün "köhnə dostunun" orada bəxşdar olmasından yəgin ki, "xoşhal" olmuşdu.
Səfir Miyanada polis və bəxşdardan əlavə özünə "yaxın" olanlar sırasında bazara baxıb, tacirləri də görmək arzusunda olmasını bildirmiş və maneəsiz ona bazara baxmaq imkanı yaradıldıqdan sonra çox təəccüblənmişdi. Çünki Azərbaycandan gələn və İranın başqa yerlərində olan düşmənlərimiz belə şayiə yaymışdılar ki, güya biz bütün Sarab və Miyana şəhərini dağıdıb, od vurub, yandırmışıq, bazar-dükan dağılıb, və bir çoxları öldürülüb. Bu vəziyyəti öz gözləri ilə görən səfir bir daha yəqin etdi ki, bu şayiələr yalan və iftiradan başqa bir şey deyilmiş, hər halda o, özü Tehrana qayıdandan sonra gördüklərini necə nəql edəcəyini demək çətindir.
Səfir bəxşdarda olarkən, bəxşdardan təqaza etmişdi ki, mənimlə onun görüşünü təşkil etsin. Bəxşdar mənə belə bir təklif etdikdə, mən razı olmadım. Mən fikirləşdim ki, mənim onunla nə kimi görüşüm ola bilər və bu görüş nəyə lazımdır? Bəxşdar israr edib, xahiş etdi ki, hər halda necə olsa "qonaqdır". Görüşməyim yaxşı olar. Mən bu "qonağın" mənsub olduğu hakim təbəqənin İranın və İranlıların başına nə müsübətlər, nə bəlalar gətirdiyini azdan-çoxdan bilirdim. Həmvətənlərimizin təkyeyi kəlamı ki, hər bir dolaşıq işdə "İngilis barmağı var" misalı yadımda idi. Hər halda görüşməyə razılıq verdim və bəxşdarlığa getdim. Otaqda səfirdən başqa onun mütərcimi, bəxşdar və sovet ordusu komendantı Məhərrəmov orada idilər.
Görüşüb əyləşdim. Çay içərkən içəri girəndən daim məni öz ingilis nəzərləri ilə təqib edən səfir gözlənilmədən məndən soruşdu ki, siz silahı kimdən almısınız? Mən söz yox ki, səfirin sual edəcəyini bilsəm də nə soruşacağını bilmirdim. Mənə onun sualları qabaqcadan aydın olmasa da hər halda onun niyyəti, ümumi məqsədi mənə aydın idi. Mən bilirdim ki, o mənim cavablarımdan ADF və Sovet dövləti əleyhinə istifadə etməyə çalışacaq. Deməli, təkcə bunu yox, bir də onu bilirdim ki, səfir mənimlə xoş niyyətlə yox, bəlkə pis niyyətlə görüşmək istəyib. Ona görə də mən belə qərara gəlmişdim ki, səfirin suallarına ləngimədən "fikirləşmədən" cavab verim və cavablarım da imkan dairəsində tutarlı olsun. Xülasə, səfirin silahı kimdən aldığımız sualına fovri cavab verdim ki, Türkiyədən. O, bir də sual etdi ki, türklər nə üçün sizə silah verdilər? Mən səfirin sualına sualla cavab vermək fikrində olduğumu bildirib icazə istədim ki, səfirə bir sual vermək istəyirəm. İcazə alandan sonra bilavasitə soruşdum: "Siz İranın cənubi tayfalarını nə üçün silahlandırırsız? Bu sualla sanki səfirin bütün suallarının cavabı verilmiş oldu və bununla da söhbət kəsildi. O, bizimlə çox "mehribanlıqla" ayrılmaq fikrində olduğunu izhar etməklə Tehrana getməli olduğunu bildirdi. Səfirlə görüşümüz başa çatdığı üçün, görüşüb ayrıldıq.
Miyana hadisələrindən 10 gün sonra Zəncan mürtəcelərin Miyanadakı tədbirlərdən qorxub, qaçmalarından istifadə edərək fəhlələr Zəncanı öz əllərinə almışdılar. Zəncan fəhlələri şəhəri əllərinə keçirdikdən sonra bizə müraciət edib, onlarla birləşməyi təklif etdilər. Daha doğrusu, onlara hərtərəfli kömək etməyi bizdən təqazə etdilər. Biz bu xahişi məmnuniyyətlə yerinə yetirməyə başladıq.
Qeyd edilməsini lazım bildiyim hadisələrdən biri də Pişəvərinin məni Təbrizə istəməsi hadisəsidir. Azər ayının 16-da xəbər gətirdilər ki, Pişəvəri məni Təbrizə istəyir. Mənim Təbrizə getməyimin nə qədər məsləhət olub-olmamasını götür-qoy etməyə vaxt olmaması üzündən, yoldaşlarla məsləhətləşdim ki, gedəndən sonra yoldaşlar hansı tədbirləri yerinə yetisinlər, bir sözlə, nə edəcəkləri barədə məsləhətləşdik. Yoldaşlar mənim Təbrizə tək getməyimə etiraz etdilər və belə qərara gəldilər ki, mən bir neçə silahlı yoldaşla birlikdə gedim. Çünki Təbriz hələ İran qoşunlarının ixtiyarında idi. Sonradan mən yoldaşları qane etdim ki, mənim tək getməyim daha məsləhətdir. Ona görə də Təbrizə nə qədər silahlı yoldaş getsə də hər halda münəzzəm İran qoşunu polis və jandarm qüvvələri müqabilində bir iş görə bilməz. Bəlkə əksinə, mənim Təbrizə gəlməyim düşmənin xəbər tutmasına səbəb ola bilər.
Nəhayət, mən tək Təbrizə gedib, Pişəvəri ilə görüşdüm. Onunla xeyli söhbət etdik. Onu bizim vəziyyətimiz hərtərəfı maraqlandırırdı. Çoxlu suallar verildi və cavablar verildikdən sonra yəqin ki, mənim nə qədər yorğun olduğumu hiss etmişdi. Odur ki, son sözü bu oldu ki, bu günlük gedim dincəlim. Ona görə ki, sabahdan işimiz xeyli çox olacaq. Mən Pişəvəri ilə xudafizləşib, evə getdim.
Mən sabahısı günü tezdən gəlib, Pişəvəri ilə görüşdüm. O qısa söhbətdən sonra şəhərin əmin-amanlığının mənim öhdəmə qoyulduğunu bildirdi. Mən ondan xahiş etdim ki, bu vəzifə çox məsuliyyətli işdir. Mən onun öhdəsindən gələ bilmərəm. Bu iş başqasının öhdəsinə qoyulsa daha yaxşı olar. Mənim bu işi boynuma götürməməyimə əsas dəlillərimdən biri də bundan ibarət idi ki, məni Təbrizdə az tanıyırlar. Mən bildirdim ki, bu məsul iş kimə həvalə edilsə mən bütün qüvvə və bacarığımla ona kömək edərəm. Pişəvəri mənim dəlillərimi nəzərə almadan bildirdi ki, işin nə qədər məsuliyyətli olmasını olduğu kimi hiss edirik və bu işi sizin öhdənizə qoymaq qərarına gəlmişik.
Mən artıq danışmağın yersiz olduğunu yəqin etdiyim üçün işə başladım. Hər şeydən əvvəl şəhərin vəziyyətilə tanış oldum və hiss etdim ki, vaxtdan istifadə edib, özbaşına polis və jandarm postlarına hücum etmək, bəzi xoşagəlməz özbaşınalıqlarla məşqul olmağa hazırlaşanlar var. Bu yaramaz, özbaşına və anarxist hərəkətlərin qarşısını almaq məqsədilə məhəllələrdə yığıncaqlar keçirməyə başladıq. Belə xoşagəlməz və hərəkatımıza ləkə vura biləcək işlərin qarşısını almaqda firqə aktivindən kömək etməyi xahiş etdik. Açıq ürəklə demək lazımdır ki, yoldaşlar əllərindən gələni edib, yaramaz və xoşagəlməz hərəkətlərin qarşısını layiqincə ala bildilər.