Sektor müdiri: Müəllimin elektron jurnalda qiyməti heç cür dəyişmək imkanı yoxdur - MÜSAHİBƏ Müsahibə

Sektor müdiri: Müəllimin elektron jurnalda qiyməti heç cür dəyişmək imkanı yoxdur  - MÜSAHİBƏ

Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfovanın APA-ya müsahibəsi

Bu platformaya qoşulacaq müəssisələrin sayının artırılması nəzərdə tutulur

- Bakıda 353 məktəbdə kağız jurnallar ləğv olunaraq rəqəmsal sistemə keçid edilib. Digər məktəblərdə elektron jurnala tam keçid nə zaman tətbiq ediləcək?

- “Rəqəmsal məktəb” platformasına tam keçiddən əvvəl 3-4 ay ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrində layihə pilot qaydada icra edildi. Bu ilin aprel-may aylarında paytaxt məktəblərində kağız jurnal ləğv edilməmiş platforma pilot qaydada istifadə edilirdi. Məqsəd müəllimləri praktiki cəhətdən layihənin tətbiqinə hazırlamaq, platformadakı iş yüklərini tənzimləmək, müxtəlif təlimlər təşkil etmək, müəllimlərin və direktorların platformada qeydiyyatdan keçmə faizini artırmaq idi. Bununla da biz bu dövrdə yaşana biləcək potensial texniki problemləri də araşdıra bildik. Adıçəkilən platforma kağız jurnalla eyni funksiyaya malik olmalı idi. Kağız jurnalda şagirdlərin siyahısı, valideynlərin məlumatları, dərs cədvəlləri necə formalaşıbsa, elektron versiyada da eyni qaydada formalaşmalı idi. Bu baxımdan pilot dövr çox əhəmiyyətlidir. May ayının sonlarında aparılan təhlillər onu göstərdi ki, Bakıdakı təhsil müəssisələri buna hazırdır. Kağız jurnallardan rəqəmsal platformaya tam keçid üçün müəllimlərin hazırlığı ilə yanaşı təhsil müəssisələrinin infrastrukturu da önəmlidir. Məsələn, sinif otaqlarında müəllimlər üçün komputerlər və internetə çıxış imkanları olmalıdır ki, platformaların daim işlək vəziyyətdə olması təmin edilsin. Hazırda regionlarda 120 məktəbdə “Rəqəmsal məktəb” platformasının pilot dövrü həyata keçirilir. Həmin təhsil müəssisələrində elektron jurnal kağız jurnalla paralel istifadə olunur. Növbəti tədris ilindən bu platformaya qoşulacaq müəssisələrin sayının artırılması nəzərdə tutulur. Bu məqsədlə təhlillər aparılacaq. Bütün məktəblərdə ilk növbədə lazımi infrastruktur təşkil edilməlidir, pedaqoji heyət platformada qeydiyyatdan keçməlidir, müvafiq olaraq təlimlər təşkil edilməlidir. Sözügedən təhsil müəssisələri Abşeron rayonu, eləcə də Gəncə, Sumqayıt və s. şəhərlərin böyük kontingentinə malik məktəbləri sırasından seçilib. Mərhələli şəkildə digər regionlarda da bu prosesin icrasını nəzərdə tutmuşuq.

Texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var

- Elektron jurnalların tətbiqi yaşlı müəllimlər üçün hər hansı problem yaradır?

- Təbii ki, texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var. Amma hər bir müəssisədə platformadan tam istifadə edə bilən İnformasiya Kommunikasiya Texnologiyaları üzrə laborant, yaxud da informatika müəllimləri var. İlkin mərhələdə bir neçə ay onlar platformadan istifadədə çətinlik çəkənlərə dəstək göstərəcəklər. Qeyd etməliyəm ki, hazırda platformadan istifadə zamanı müəllimlərdən tələb edilən funksiyalar geniş deyil. Başqa sözlə desək, müəllimlər hazırkı mərhələdə özlərinin dərs dedikləri şagirdləri sistemdə aktivləşdirir, davamiyyət və qiymətləndirmə ilə bağlı qeydlərini aparır. Tədris ili başlayanadək müəllimlər üçün bir ay müddətində intensiv təlimlər təşkil etmişdik. Yekunda müəllimlərə tapşırıldı ki, onlar da çalışdıqları təhsil müəssisələrində eyni formatda təlimlər təşkil etsinlər və həmkarlarına platformadan istifadə üçün dəstək olsunlar.

- Növbəti tədris ilində də pedaqoji heyət üçün bu cür təlimlər təşkil ediləcək?

- Bu təlimləri biz ilboyu təşkil etməyi düşünürük. Hazırda da təlimlər davam edir. Əməkdaşlarımız da məktəblərə gedərək belə təlimlər təşkil edirlər. Təlimlər Elm və Təhsil Nazirliyi hesabına maliyyələşdirilir.

Sistemdən kənar şəxs platformaya heç bir formada daxil ola bilmir

Elektron jurnalların təhlükəsizliyi tam qorunur? Məsələn, kiminsə sistemə girib məlumatlarda və ya qiymətlərdə dəyişiklik etməsinin qarşısının alınması üçün hansı tədbirlər görülüb?

- Platformada ümumtəhsil sistemində olmayan şəxs qeydiyyatdan keçə bilmir. Direktorlar da, valideynlər də qeydiyyatdan keçərkən fin kod daxil edirlər. Bu zaman sistem avtomatik yoxlama aparır. Valideynin uşaqları informasiya sistemində tapılır və qeydiyyat tamamlanır. Sistemdən kənar şəxs platformaya heç bir formada daxil ola bilmir. Bütün platformalar Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən müvafiq serverlərdə yerləşdirilib. Bu vaxta qədər edu.az domenində olan digər informasiya sistemlərimiz necə qorunubsa “Rəqəmsal məktəb” platforması üzrə də data təhlükəsizliyi eyni səviyyədə təmin olunur. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edilir.

Müəllimin yazdığı qiyməti heç bir halda dəyişmək imkanı yoxdur

- Bəs, müəllim elektron jurnalda apardığı qeydləri, qiymətləndirməni daha sonra dəyişə bilir?

- Müəllimin yazdığı qiyməti heç bir halda dəyişmək imkanı yoxdur. Müəllim etdiyi heç bir qeydi “göndər” düyməsini sıxdıqdan sonra dəyişdirə bilmir. Ümumiyyətlə, indi gündəlik qiymətləndirmə yox, formativ qiymətləndirmə var. Formativ qiymətləndirmə də müəllimin rəyidir. Biz 5 şkalada hər bir uşağın formativ qiymətləndirilməsini təşkil etmişik. Bununla da uşağın hazırlıq səviyyəsi ilə bağlı fənn müəllimi öz rəyini valideynə çatdırır. 5 şkalalıq qiymətləndirmə sistemi hesabatlılıq və təhlil imkanlarını təmin edir. Şagirdin illik və yarımillik göstəriciləri kiçik və böyük summativ qiymətləndirmələr əsasında formalaşır. Kiçik summativ qiymətləndirmələr oktyabrın sonundan başlayır. İldə iki dəfə isə böyük summativ qiymətləndirmə aparılır. Hazırda platformada fənn müəllimlərinə qeyd aparması üçün üç gün vaxt verilir. İndi müəllimlərin yeni sistemə adaptasiya dövrüdür. Bu ayın sonlarında kiçik summativ qiymətləndirmələr başlayanda bu möhlət dolacaq. Müəllimlər günün qeydini növbəti günə saxlaya bilməyəcəklər.

Valideyn direktorun qəbuluna elektron qaydada yazıla biləcək

- Gələcəkdə elektron jurnalların tərkibində valideyn daha hansı məlumatları əldə edə biləcək?

- Bunun üçün müəyyən zaman tələb edilir ki, uşaqların qiymətləri arasında müəyyən əlaqə qurulsun. Məsələn, hazırda sadəcə şagirdin 1-2 formativ qeydləri aparılır. Ayın sonlarında KSQ-lər, yanvarda isə BSQ-lər əlavə olunacaq. İl sonunda illik qiymətlər və monitorinq nəticələri əlavə olunacaq. Bu datalar toplandıqca valideyn övladının fənn üzrə inkişafını izləmək üçün gözəl imkan əldə edəcək. Orada müxtəlif “dəşbord”ların, vizual qrafiklərin da istifadəyə verilməsi nəzərdə tutulub. Bu isə son nəticədə valideynlərə vizual şəkildə övladının texniki və humanitar fənlər üzrə inkişafını izləmək imkanı yaradacaq. Bununla yanaşı, platformada direktorların qəbuluna yazılmaq üçün şərait yaradılacaq. Nəticədə valideyn direktorun qəbuluna elektron qaydada yazıla biləcək. Proses artıq yekunlaşmaq üzrədir. Qəbul üçün gün və saat aralığı təyin ediləcək və həmin məlumatlar sistemdə yerləşdiriləcək. Valideyn sistemdə qeyd edilən vaxt aralıqlarından birini seçə biləcək. Amma bu funksionallığın əlavə edilməsi valideyni məktəbdən uzaqlaşdırmaq məqsədini daşımır. İstənilən valideyn istədiyi vaxt təhsil müəssisəsinin direktoru və pedaqoji kollektivlə görüşə bilər. Onu da qeyd edim ki, valideynlərin platformada funksionallığı minimuma salınıb. Çalışmışıq ki, onlar sadəcə övladlarının akademik fəaliyyəti ilə bağlı məlumat əldə etsinlər. Bununla paralel, direktorla birbaşa “chat” funksiyası da var. Bu funksiya vasitəsilə direktora müraciət edə, problem, şikayətlər bildirilə bilər. Onu da qeyd edim ki, cari yarımillliyin sonunda platformaya məktəb üçün sorğunun yerləşdirilməsini də nəzərdə tutmuşuq. Valideynlər bu sorğu ilə təhsil müəssisəsini dəyərləndirə biləcəklər. Onların köməkliyi ilə məktəblərin idarəedici, pedaqoji, sosial mühitdəki aktivliyini dəyərləndirəcək sorğu formalaşdırmaq istəyirik. Sorğu ilin sonunda platformada yerləşdirilərək və qeydiyyatdan keçmiş valideynlərin istifadəsinə veriləcək.

- Elektron jurnallarda qaib limiti necə hesablanacaq? Limit nə qədər olacaq?

- “Elektron jurnal”da bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmur. Əvvəl hansı limitlər var idisə, indi də həmin qayda tətbiq ediləcək. Həmçinin yarımillik və illik qiymətləndirilmə elektron jurnalda avtomatik hesablanacaq.

Valideyn həmin ev tapşırığını görə bilir

- Elektron jurnallarda ev tapşırıqları da qeyd ediləcək?

- Valideyn qeydiyyatdan keçəndə elektron gündəlik platformasına düşür. Burada müəllimin verdiyi ev tapşırığı şagirdə yönəlir. Valideyn həmin ev tapşırığını görə bilir. Həmin hissədə müəllim ev tapşırığını qeyd edə də bilər, etməyə də. Bu müəllim üçün öhdəlik deyil. Öhdəlik əsas mövzunun qeyd edilməsi, şagirdlərin davamiyyəti və formativ qiymətləndirilməsidir. Müəllim orada ev tapşırığını qeyd edərsə, valideynlərin həmin tapşırığı görmək imkanları yaranır.

Günay Elşən

Dərslikdə olan bütün mövzular sistem tərəfindən tanınır

- İlk olaraq ibtidai sinif şagirdləri və dərsi çətin mənimsəyən şagirdlər üçün elektron resurslar və “Chatbot” imkanlarının yaradılacağını demişdiniz. Bəs bütün fənlər və bütün sinif şagirdləri üçün materialların yerləşdirilməsi nəzərdə tutulub? Həmçinin ”Chatbot”, eləcə də internetə çıxış Azərbaycanın bütün məktəblərində tətbiq ediləcək?

- Biz həm elektron resurslar, həm də “Chatbot” imkanları yaratmağı nəzərdə tuturuq. Elektron resurslar əsasən ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub, yuxarı sinif şagirdləri üçün isə yalnız mənimsənilməsi çətin olan mövzuları əhatə edəcək. “Chatbot” isə hazırda sadəcə iki fənn- Azərbaycan dili və Azərbaycan tarixi fənləri üzrə nəzərdə tutulub. Daha çox milli mənəviyyatı təmsil edən fənlər olduğu üçün ilkin mərhələdə adıçəkilən fənlərin dərsliklərini sistemə daxil edirik. Dərslikdə olan bütün mövzular sistem tərəfindən tanınır. Şagirdin həmin dərslərlə bağlı hər hansı sualı olarsa, “Chatbot”a ünvanlayıb cavab alacaq. Şagirdin dərsi yaxşı mənimsəməsi üçün bir qədər individuallaşmış tədris metodu tətbiq olunacaq. Hər istiqamətdə suala cavab verən ”Chatbot” nəzərdə tutulmur. “Chatbot” tərəfindən yalnız yaddaşında olan mövzularla bağlı suallar cavablandırılacaq. Sadəcə Bakıdakı məktəblərin şagirdləri deyil, ölkə üzrə bütün şagirdlər qeydiyyatdan keçərək “Chatbot”dan istifadə edə biləcəklər.

- Elektron resurslara yuxarı siniflər üçün hansı fənlər əlavə edilib? Elektron resursların hansı üstünlükləri var?

- Elektron resurslar yuxarı siniflər üçün biologiya, kimya, fizika, riyaziyyat, Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin daha çox çətin mənimsənilən mövzuları əhatə edəcək. Təbii ki, növbəti mərhələlərdə fənn və mövzuların əhatə dairəsinin genişləndirilməsi hədəflənir. Pandemiya dövründə teledərs resursları formalaşdırılmışdı. Həmin resurslar vasitəsilə müəllimlər şagirdlərə dərsləri izah edirlər. Bunun sayəsində məktəbli mövzunun izahlı videosuna baxa bilir. Fərq ondadır ki, videoresursların sonunda test tapşırıqları da var. Tədris ilinin sonunadək bu resursların digər fənləri də əhatə etməsi nəzərdə tutulur.

- Bəs “Chatbot”a hansı fənlərin əlavə edilməsi nəzərdə tutulub?

- Hazırda iki fənnə fokuslandığımıza görə növbəti mərhələnin fənləri seçilməyib. Bu proses yəqin ki, bir neçə aya yekunlaşacaq. Biz əmin olmalıyıq ki, həmin “Chatbot” mövzudan kənar suallara cavab verməyəcək. Hazırda texniki heyət bunun “Rəqəmsal məktəb”ə inteqrasiyası ilə məşğul olur, növbəti tədris ilindən digər fənlərə keçid ediləcək.

- Müəllimlər davamiyyət nizam-intizam və formativ qiymətləndirmə ilə bağlı qeyd aparırlar. Bu qeydlər mənfi olarsa, agentlik tərəfindən şagirdlə bağlı hər hansı tədbir görüləcək? Yoxsa qeyd yalnız valideynin övladı haqda məlumat alması üçün aparılır?

- Bütün hesabatlar birbaşa MÜTDA və Elm və Təhsil Nazirliyinə ötürülür. İstədiyimiz məktəbdə hansı dərs cədvəlinin formalaşdığını və şagirdlərin necə qiymətləndirdiyini görə bilirik. Məsələn, hansısa məktəbdən müntəzəm şikayətlər gəlirsə, orada hansısa müəllimin dərs üzrə qeydlərini izləyə bilirik. Şagirdlərin keyfiyyət göstəriciləri necədir? Davamiyyət necədir? Sistem imkan verir ki, ayın tamamında və ya 2 aydan sonra davamiyyət göstəriciləri aşağı olan məktəblər, siniflər bizə qırmızı işarə ilə, “SOS” şəklində daxil olsun. Bu zaman müəssisə rəhbəri ilə əlaqə yaradıb problemin səbəbini araşdırırıq. Amma müəssisə daxilində müəllim və ya şagirdlərlə işi müəssisə rəhbərliyi icra edir.

Demək olar ki, mobil tətbiqi yekunlaşdırmışıq

- Rəqəmsal məktəblərlə bağlı mobil tətbiq nə zaman yaradılacaq?

- Demək olar ki, mobil tətbiqi yekunlaşdırmışıq. Yəqin, yaxın müddətdə istifadəyə veriləcək. Tətbiq ilkin mərhələdə müəllimlər üçün istifadəyə veriləcək. Çünki bəzən müəllimlər 45 dəqiqəyə qeydləri yerləşdirməyi çatdırmır. Sonrakı mərhələdə isə valideynlər üçün də mobil tətbiq istifadəyə veriləcək.

- Elektron jurnallara nəzarət mexanizmi necə tətbiq edilir?

- Direktor tabeliyində olan müəllimlərin fəaliyyətini görə bilir. Fənn müəllimlərinin heç bir hesabatlılığı yoxdur. Sadəcə sistemə öz şagirdlərinin qiymətlərini əlavə edəcəklər. Agentlik və nazirlik isə bütün məktəblərin dərs cədvəllərini və davamiyyət nəticələrini görə bilir. Hazırda hesabatlılıq çıxarmaq kimi fuksionallıq yalnız agentlik və nazirlikdə formalaşdırılıb. Biz müəllimin sertifikasiya balından tutmuş sinfinin müvəffəqiyyət nəticəsinədək müxtəlif hesabatlar hazırlayırıq ki, prosesi izləyə bilək. KSQ-yə qədər bu hesabatlar tam yekunlaşmalıdır. Əvvəllər biz gözləyirdik ki, yarımillik qiymətlər formalaşdırılsın sonra məlumatlar arxivlənsin, monitorinqlər keçirilsin ki, biz uşaqların inkişaf səviyyəsini izləyə bilək. Hazırda isə “Rəqəmsal məktəb” platforması aylıq hesabatlar vasitəsilə həmin ayın məlumatlarını izləməyə imkan verir. Bununla da “SOS” siqnalı görünən məktəblərə tədris ili bitməmiş müdaxilə edə biləcəyik.