“Böyük ehtimalla ya pulunu kəsiblər, ya da sifariş alıb” - Qüdrət Həsənquliyev Siyasət

“Böyük ehtimalla ya pulunu kəsiblər, ya da sifariş alıb” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Teleqrafa müsahibəsi:

- Ramiz Mehdiyev barədə ev həbsi qətimkan tədbiri seçilib. O, dövlətə qarşı cinayətlər törətməkdə ittiham olunur. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Ramiz Mehdiyevə hansı maddələrlə ittiham elan olunduğunu bilsək də, istintaq orqanı tərəfindən onun kimlərlə və hansı dövlətlə, yaxud dövlətlərlə, kimlərin vasitəsilə cinayət əlaqəsi yaratması barədə məlumatlar verilməyib. Adnan Əhmədzadə işində olduğu kimi, hamı ehtimallar üzərində danışır. Onu da bilmirik ki, bu iki cinayət işi arasında əlaqə varmı. Bir onu deyə bilərəm ki, kifayət qədər əsaslar olmasa, dövlətdə uzun illər çox yüksək vəzifə tutmuş, dövlətin ali ordeni ilə təltif olunmuş bir şəxs barəsində cinayət işi başlanılmaz və məhkəmə ev dustaqlığı barədə qərar qəbul etməzdi. Ahıl yaşında olmasaydı, yəqin ki,həbs qətimkan tədbiri seçilərdi. İstintaq təcrübəsi göstərir ki, ibtidai araşdırmalar zamanı hansısa maddələr götürülə bilər, yaxud əlavə ittihamlar irəli sürülə bilər. İbtidai istintaqın sonunu və məhkəmə qərarlarını gözləməliyik.

- 87 yaşında və səhhətində ciddi problemlərin olduğu açıq-aydın sezilən bir şəxsin antikonstitusion yolla hakimiyyəti ələ keçirmək cəhdi bəzi adamlarda müəyyən şübhələr yaradır. Siz nə düşünürsünüz?

- İtalyan yazıçı Primo Levinin "Batanlar və xilas olanlar" əsərində aforizmə çevrilmiş belə bir ifadə var. "Hakimiyyət uyuşdurucu kimidir, onu sınamayan bilməz. O asılılıq yaradır və hər dəfə daha yüksək doza tələb edir". Ona görə onun hakimiyyətə gəlmək istəyib- istəməməsi barədə qəti fikir söyləmək olmaz. O qisas almaq motivi ilə hakimiyyətə can atan başqa birisinə kömək məqsədilə də bunu edə bilər və s. Cinayətin motivini istintaq orqanı müəyyənləşdirməlidir.

- Ramiz Mehdiyev çoxdan vəzifəsindən uzaqlaşdırılıb, niyə indi belə bir fikrə düşsün?

- İstintaq orqanının irəli sürdüyü ittihamlar məhkəmədə öz təsdiqini taparsa, bu Rusiya ilə aramızda yaranmış gərginlikdən qaynaqlana bilər. Kimlərsə düşünə bilərdi ki, hakimiyyət dəyişikliyi üçün əlverişli məqam yaranıb. Hər halda, ağla gələn ilk fərziyyə budur. Xatırlayırsınızsa, 2013-cü ilin prezident seçkilərindən öncə Rüstəm İbrahimbəyov Moskvadan Bakıya göndərildi. Onun liderliyi ilə Ziyalılar İttifaqı, Milli Şura yaradıldı. Mili Şura Putinə müraciət etdi ki, böyük demokrat və hüquqi dövlət quran şəxs kimi Azərbaycanda da hüquqi dövlət quruculuğuna yardımçı olsun, İbrahimbəyovu Rusiya vətəndaşlığından azad etsin ki, o Azərbaycanda prezidentliyə namizəd ola bilsin. Sonralar İbrahimbəyov ondan Azərbaycana təzyiq kimi istifadə olunduğunu başa düşdü və yəqin ki, xəcalətindən, başqa bir şeydən yox, bir neçə il sonra dünyasını dəyişdi, sirləri də özü ilə apardı.Tarix göstərir ki, o heç nə öyrətmir. Ona görə hadisələr təkrarlana bilər. Amma bütün bunlar ehtimallardı, son sözü istintaq orqanı deyəcək.

- Sərdar Cəlaloğlunun İsa Qəmbər və Pənah Hüseynlə görüşü bir xeyli müzakirə mövzusu oldu. Bu barədə fikir bildirmək istəyirsinizmi?

- Böyük ehtimalla ya pulunu kəsiblər, ya da sifariş alıb...