ATƏT sədri Gürcüstan Baş nazirinin ittihamlarına cavab verib Dünya

ATƏT sədri Gürcüstan Baş nazirinin ittihamlarına cavab verib

ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

APA-nın yerli bürosu xəbər verir ki, o, “X” hesabında hökümət başçısını Finlandiyaya dəvət edib.

Valtonen Kobaxidzeni Finlandiyada azad mətbuat nümayəndələri ilə görüşməyi və istədiyi istənilən nümayişə baş çəkməyi təklif edib.

ATƏT sədri Kobaxidze ilə görüşünü qrafikinə görə ləğv etməli olduğuna görə üzr istəyib.

O qeyd edib ki, Gürcüstanın gələcəyini yalnız gürcü xalqı müəyyən edir:

“Bu, ATƏT-in hər bir iştirakçı dövlətinə aiddir. İnsanların bu hüquqdan istifadə edə bilməsi üçün onlara söz azadlığı, siyasi alternativləri seçməyə imkan verən azad və ədalətli seçkilər lazımdır”, - Valtonen yazıb.

Qeyd edək ki, ötən gün İKobaxidze ATƏT sədrini Gürcüstanda inqilabi prosesi dəstəkləməklə bağlı tapşırıq almaqda ittiham edib.

O, Valtonenlə planlaşdırılmış görüşünü ləğv edib. Gürcüstan hökumətinin məlumatına əsasən, buna səbəb ATƏT sədrinin Tbilisidə keçirilmiş qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar verməsi olub. Finlandiya tərəfi isə görüşün onların təşəbbüsü əsasında ləğv edildiyini bildirib.