Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq Mədəniyyət

Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq

Şumerlərin inamına görə, dünyanın yaranmasının ilkin və əsas ünsürləri torpaq və səma (yer və göy) idi


2-ci yazı

"Bilqamıs" dastanı 12 lövhədən ibarətdir. Bu 12 lövhəyə də təsadüfi bir rəqəm kimi baxmaq olmaz. Çox maraqlıdır ki, 12 sayı "Bilqamıs"ın mənəvi varisi olan "Dədə-Qorqud" dastanında da davam etdirilib. "Kitabi-Dədə Qorqud" dastanı da 12 boydan ibarətdir. Böyük ehtimalla demək olar ki, bu 12 rəqəmi ilin aylarına işarədir. Ancaq onu birmənalı demək olar ki, kosmik zaman dəyişilməzdir. Qədim şumerlər zamanı nominallaşdırmışdılar. "Bilqamıs" dastanının Babil versiyasının 3-cü lövhəsi "Yel lövhəsi" adlanır. Şumerlər indi Novruz adlandırdığımız dünyanı dərk sisteminin ilkin qanunauyğunluqlarını yaradıblar. Kainatın harmoniyasını yaradanın Anu (Göy Tanrısı), Planetin qurucusu Enlil (külək və yer Tanrısı) olduqlarını qəbul ediblər. Şumerlər dialektikcəsinə qəbul ediblər ki, bu harmoniya həyatın, cəmiyyətin inkişafını tənzimləyir. Əksinə, disharmoniya fəlakətlərə səbəb ola bilərdi. "Bilqamıs" dastanında həyat ağacının yaşamağı və əbədi olmasının düsturu göstərilib. Bu da dualizmin yaratdığı əbədi və əzəli mübarizədir. İnsan həyatı yalnız ondan - hərəkətdən, mübarizədən asılıdır. Şumerlər insanın bioloji və əbədi yaşayışının kodlarını özləri üçün müəyyənləşdirmişdilər. Dastanda bu belə açıqlanır: "Çörəkdən ye, Enkidu, bu, həyat nemətidir, sikera içkinən sən, o, dünya qismətidir. Enkidu doyanacan, o ki var, çörək yedi. Üstündən yeddi küyüm sikera gillətdi. Onun ruhu oynadı, beyni tamam açıldı, qəlbinə sevinc doldu, çöhrəsini nur aldı".
Şumerlər həyatlarının torpaqdan, sudan asılı olduğunu, həyatlarında əksliklərin vəhdətini, Günəş, Ay və Ulduzların ömür-günlərinə birbaşa təsir etdiklərini incəliklə duyublar. Onlar həyatlarında əksliklərin vəhdətini əyani şəkildə hiss etdiklərindən, təkamülə təkan verəcək dualizmə meyilli olublar. Bilqamıs dostu Enkidu ilə birlikdə Sidr meşəsində məskunlaşmış, ağzından alov çıxan, nəfəsi qan qoxuyan Humbabanı məhv edirlər. Humbabanın ölümünə bais olmuş Enkidu da Tanrılar tərəfindən ölümə məhkum edilir. Enkidu dostu Bilqamısın gözləri önündə işıqlı dünya ilə vidalaşır. Bilqamısın gözləri qaralır, gen dünya başına dar olur. Bilqamıs insan ölümünü qəbul etmək istəmir: "Ölüm məni qorxudur, qoymur dayanım rahat, Tapa bilərəmmi mən, görən, əbədi həyat?
Bilqamıs ölümə qalib gəlmək, insanları onun məşum əlindən qurtarmaq üçün çətin və məşəqqətli bir səfərə çıxır. Həyatın çıxılmazlıqlarına baş vurur, əzab-əziyyətlərə düçar olur. Ancaq min bir əzab-əziyyətdən sonra əldə etdiyi dirilik çiçəyi ona nəsib olmur. Ömür-gününü mübarizələrdə keçirmiş Bilqamıs həyatın əbədi olmadığını dərk edir.
"Bilqamıs" dastanının ideya-mənəvi qaynaqlarını Novruz dəyərləri təşkil edir. E.ə. IV-III əsrlərdə şumerlər kosmoloji müşahidələr əsasında belə qənaətə gəlmişlər ki, səmada bürclərin harmonik hərəkətləri nəticəsində Planetdə (Yerdə) ciddi dəyişikliklər baş verir, fəsillər yaranır. Şumerlər dəqiqləşdirmişdilər ki, yeddi qardaş bürcü (şumerlər bu bürcə keçi bürcü deyirdilər), Şir bürcü (şumercə Çar bürcü) və Dolça bürcü (şumerlər Keçi bürcü deyirdilər) səmada yerlərini dəyişməklə fəsillər bir-birini əvəzləyir. Fevral ayının 10-da Şir bürcü Zenitdə olan vaxt Öküz bürcü göy üzündən çəkilir. Və 40 gün səmada görünmür. Göy üzündə bürclərin əsaslı formada yerlərini dəyişmələri Şirlə Öküzün "vuruşması", Şirin Öküzü didib-yeməsi" kimi qiymətləndirilir.
Bu astronomik kəşf, yenilik şumerlərin ən böyük kəşfi sayılmalıdır. Şumer təfəkkürünün məhsulu olan bu kosmoloji kəşfin sayəsində Yaxın Şərqdə ilk dəfə baharın gəlişi, təbiətin dirçəlişi bayram edilib. Şumer astronomları fəsillərlə bağlı təqvimlər tərtib edib, ulduzlarda baş verən yeniliklərə diqqət yetirib, kainat və təbiət proseslərində bunlardan şüurlu şəkildə istifadə ediblər. Onlar əyani şəkildə müəyyən etmişdilər ki, yaz girən gündə (martın 22-də) səmada Şir deyilən ulduzlar topası göy üzünün ən uca nöqtəsində yerləşir. Şumerlərin bu astral elmi düşüncəsi bir çox tarixi mənbələrdə simvolik motivlər ilə rəsmlərdə təsvir edilmiş formada qorunub saxlanılıb. Həmin vaxt Yaxın Şərqdə Şirin (sonralar qanadlı şirin-qrifonun) Öküz və ya Maral üzərində qələbəsi təsvir edilib. Azərbaycan ərazisində şir və maralla bağlı kompazisiyalı təsvirləri özündə qoruyub saxlamış xeyli sayda maddi mədəniyyət abidələri tapılıb. Qax rayonunun Qarabulaq kəndi yaxınlığında tapılmış, 3-cü əsrə aid edilən gümüş qabda Novruz bayramının simvolik süjet-kompozisiyası - maralı parçalayan qanadlı şir (qrifon) təsvir olunub.
Hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılan, e.ə. birinci minilliyə aid edilən ikibaşlı tunc maral fiquru və Mingəçevirdə tapılmış, yenə həmin tarixi dövrə aid olan keramik riton (su qabı) və ona bitişik maral başı da Novruzla bağlı maddi mədəniyyət nümunələridir. Qədim şumerlərdə yazın gəlməsi təzə məhsul ilinin başlanması və təbiətin dirçəlməsi ilə əlaqədar yaranmış İnanna-İştar ilahəsi və bitki tanrısı Tammuza (Dumuzu) barədə əsatirlər mövcuddur. Mifdə göstərilir ki, Ay tanrısı Sinin qızı məhsuldarlıq, artım ilahəsi, göy hakimi İnanna-İştar, bitki tanrısı Tammuzaya aşiq olub. Qızmar və bürkülü yay Tammuzaya əzab-əziyyət verir. Hər il yayın istisinə dözə bilməyən Tammuza ölür. Ölmüş Tammuza müharibə və ölüm tanrısı Nerqalanın yeraltı dünyasına gedir. Heç kəs, hətta tanrılar belə yeraltı dünyaya risk edib girə bilmir. Oraya yolu düşənlərin heç biri geri dönməyib. İlk dəfə bu qadağanı məhsuldarlıq ilahəsi olan İnanna-İştar pozur. O, yeraltı dünyaya təşrif buyurur. Ancaq o, məşəqqətlərə düçar olur. Erişqalın əmri ilə onu qaranlıq zindana atırlar. Ölüm tanrısı onu 60 cür xəstəliklə məhv etmək istəyir. İnanna-İştar zindanda olduğu müddətdə təbiət qış yuxusunda olur, həyatdan, inkişafdan əsər-əlamət hiss olunmur. Tanrılar çıxış yolu arayıb-axtarırlar. Onlar Eaya üz tuturlar. Tanrıların təkidli müraciətindən sonra Ereşqal İnanna-İştarı və Tammuzanı azad edirlər. Tammuza dirilir və sevgilisinə qovuşur. Təbiət dirçəlir, canlılara can bəxş edilir. Mif, dirilmiş bitki və su tanrısı Tammuzanın şərəfinə bayram şənliklərinə çağrışla tamamlanır.
Qədim şumerlər yeni il bayramını mart ayında l-11 nisanda (aprel) keçirirdilər. Həmin vaxt artıq qış ömrünü başa vurmuş olur. Bayram mərasimləri Marduk-Esagil məbədi və Etemananki qalasında baş tuturdu. Hər ilin sonunda keçirilən bayram tədbirləri şumerlərdə artıq ənənə halını almışdır. Bayram mərasimlərində Mardukun heykəlinə daha çox diqqət yetirilirdi. Heykəl dəbdəbəli və bahalı paltarlarla bəzədilirdi. Mərasimlərin ikinci günü baş kahin diqqətçəkən uzun çıxışı ilə tanrılara müraciət edirdi. Onun ardınca digər kahinlər çıxış edərək, Marduka nəzir kimi yemək gətirirdilər. Bu mərasim 3 nisanda (apreldə) davam etdirilirdi.
Allahların ağacdan heykəlləri qoyulur, qırmızı paltarlar geyindirilir, qızıl və digər qiymətli daş-qaşlarla bəzədilirdi. Bayramın dördüncü günü dualar oxunur, Marduka və arvadı Tsarpanitə qur-banlar verilirdi. Baş kahin ulduzlara diqqət etməli və müşahidələr aparmalı, onların yerdəyişmələrini müəyyənləşdirməli və məxsusi ovsunlar oxumalı idi. Axşam Mardukun heykəli qarşısında dünyanın yaranması barədə miflər oxunur, bu mövzuda süjetli səhnələr nümayiş etdirilir. Bayramın beşinci günü ovsunçu kahin müqəddəslərin təmizlənməsi mərasimini icra edirdi. Qoyun kəsilir, ovsunçu kahin həmin heyvanın qanından məbədin divarlarına səpirdi. Belə bir inam hakim idi ki, bütün günahlar və təmiz olmayan nə varsa heyvana keçirdi. Bundan sonra həmin heyvanı günahların bağışlanması qurbanı kimi çaya atırdılar. Bayramın sonrakı mərasimlərində aparıcı rol hökmdara məxsus idi. Hökmdarı məbədə gətirirdilər. Hökmdar Allahın heykəli qarşısında bütün hakimiyyət nişanlarını qoyurdu. Bundan sonra padşah keçmiş ildə gördüyü işlər barədə hesabat verir, yol verdiyi səhvləri səmimi etiraf edirdi. O, səhv və günahlarını sadaladıqca baş kahin padşahın üzünə vurur, qulağını çəkir və dini qayda və göstərişlərə əməl etməsini xatırladırdı. Bu proseduradan sonra padşah hakimiyyət rəmzlərini yenidən taxmaq səlahiyyəti qazanırdı. Elə həmin axşam padşah və baş kahin birlikdə məbədin həyətində qurban vermək naminə ağ öküz gətirirdilər. Yeni ilin 10-cu günü daha təntənəli keçirilirdi. Bu gün daha çox kütləviliyi ilə seçilirdi. Padşah Mardukun əlinə toxunub, ondan ayağa qalxmasına icazə istəməklə, öz taxt-tacına yenidən yiyələnir. Camaat Marduku ətrafı ilə birlikdə gəmilərə əyləşdirib, Fərat çayı ilə üzüyuxarı aparıb, şəhərdən kənara çıxarırdılar. Əhali Babil şəhərindən kənarda, Yeni il bayramı evində bayram mərasimini davam etdirirdi. Yeni il bayramı evində müxtəlif süjetli miflər səhnələşdirilir, dramatik tamaşalar oynanılırdı. Marduk özü baş rolu ifa edirdi. Süjetə uyğun olaraq, hər il Allahı bir cinayətkarla dağlara aparır və orada cinayətkarı öldürürdülər. Marduku orada sual yağışına tutur və döyürdülər. Bu ərəfədə Allahın yoxa çıxması barədə şəhərdə yeni bir səhnə oynanılırdı. Allahın yoxa çıxması səbəbindən Ay və Günəş də yox olurdular. Sonradan Ay və Günəş də Allahın qayıtması ilə geri dönürdülər.
Şumerlərin ümumi dünyabaxışı, o cümlədən kosmoloji dünyagörüşləri ilə türk xalqlarının təfəkkür tərzi arasında ciddi eynilik və paralellər mövcuddur. Şumerlərin inamına görə, dünyanın yaranmasının ilkin və əsas ünsürləri torpaq və səma (yer və göy) idi. Elə bu dünyagörüşün nəticəsidir ki, şumerlər kainatı An-Ki (yer-göy) adlandırırdılar. Şumerlərin inamına görə, yer yastı disk, göy isə boş məkan olmaqla, aşağıdan və yuxarıdan möhkəm səthə söykənib. Yerlə göy arasında üçüncü material - lil, külək, hava və ruh yerləşirdi. Onlar bununla atmosferi nəzərdə tuturmuşlar. Ay, Günəş, planet və ulduzlar atmosferin yaratdıqlarıdır - göy-yer aşağıdan, yuxarıdan, hər iki tərəfdən intəhasız okeanlarla əhatə olunub. Şumerlərin kosmoloji bilikləri kifayət qədər zəngin olub. Onların düşüncələrinə görə, birinci okean yaranıb. İlkin hərəkətverici okean olub. Sonra atmosfer yaranıb ki, ondan da işıq mənbəyi olan Günəş, Ay, planet və ulduzlar yaranıblar. Göyün yerdən ayrılması ilə bitkilər, heyvanlar və insanlar yaranıblar.

X.Göyyallı