Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq Mədəniyyət

Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq

3-cü yazı

Şumerlərin hansı xalqın əcdadları olması bəzi tarixi mübahisəyə səbəb olsa da, ancaq bəşəriyyətin ilkin övladları, özü də ağıllı, təfəkkürlü olmaları bütün dünya tədqiqatçıları tərəfindən mübahisəsiz qəbul edilib. Şumerlər harmonik, biçimlənib, gerçək və dinamik təfəkkür sahibi olublar. Sivilizasiyanın bugünkü kosmik inkişafı prizmasından da baxsaq görərik ki, şumerlər arxaik və primitiv təfəkkür tərzinə malik olmayıblar. Onların tarixi hərəkət trayektoriyası da zamanın qaçılmaz gerçəkliyidir. Şumerşünasların əksəriyyəti onların Babilistana Mərkəzi Asiyadan gəldiklərini, akkad və semitlərlə vuruşdan sonra doğma yurdlarına - Mərkəzi Asiyaya və Orxon-Yeniseyə qayıtdıqlarını təsdiqləyirlər.
"Zəngin mədəniyyətə, dil və ədəbiyyata, elmə və sənətə malik olan şumerlər Babilistandan "silinib", o torpaqdan çıxsalar da, yer üzündən silinə, tarix səhnəsindən çıxa bilməzdilər. Şumerlər məğlubiyyətdən sonra semitlərlə barışa, Dəclə-Fərat çayları arasına sığınıb qala bilməyiblər".
Qədim Yunanıstanın filosof tarixçisi Aristotel və ondan sonra gələnlər şumerlərin dünya mədəniyyətinin ilkin yaradıcıları olduqlarını qəbul ediblər. Tarixi həqiqəti olduğu kimi qəbul etmiş bir çox tarixçilər şumerlərin qədim türklərin əcdadı olduqlarını birmənalı təsdiqləyiblər. E.Əlibəyzadə "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi" əsərində 1861-ci ildə Sankt-Peterburqda nəşr edilmiş "Çetıre stati iz Zendavesta" kitabından belə bir nümunə gətirir: "Maqlar mənşə və soykökü etibarı ilə şumerlərlə qohum idilər".
İngilis alimləri S.Leoyd və Q.Çayld bu qənaətə gəlmişdirlər: "Turanlılar təxminən 10-12 min il bundan əvvəl səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı.
Fransız alimi E.Rekli də bu fikirdədir ki, şumerlərin dilində İran və semit dillərinə xas olan cizgilər yoxdur, əksinə Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.
Türk alimi Ahmet Cavat isə birmənalı şəkildə yazır: "Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilib. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vooley şumerlərin morfoloji cəhətdən "əski türkcəyə bənzər" bir dildə danışdığını qəbul edir. "Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var. Bizi bu qənaətə gətirən iki ən güclü sübut vardır: 1) dil sübutu, 2) geoloji və arxeoloji sübut".
Tanınmış şumerşünasların bir çoxu şumerlərin iskit-türk mənşəli xalq olduğunu təsdiqləyirlər. Məşhur şumerşünas alimlər M.Belitski, D.Reder, E.Reklü, F.Qommel, Vooley və b. şumerlərin türklərlə genetik qohum olduqlarını qeyd ediblər. Dmitri Reder yazır: "Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum dil ailələri ilə onu bağlamaq, hələlik əsaslı və mübahisəsiz nəticələr verməyib. Yalnız onu qəti demək olar, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər".
Polyak alimi Marian Belitskiyə görə, Babilistana gələn şumerlər özləri ilə yüksək mədəniyyət gətirmişlər. Onlar soykökü, dil və mədəniyyətinə görə semit tayfalarına yaddırlar. E.Əlibəyzadə "Qədim dünyanın ulu kitabı" monoqrafiyasında tanınmış şumerşünas Elize Reklüdən maraqı bir iqtibas gətirir: "Qədim yazıların şəhadətinə görə, Babil sivilizasiyasını inkişaf etdirənlər Hind - Avropa dillərində danışıb, özlərini dil və mənşəcə Avropanın həqiqi və yalançı ari xalqlarının qohumu sayan qəbilələr olmayıblar. Arilərin bütün sahələrdə tam üstünlüyünün təsiri altında olan assirioloqlar özlərinin bu kəşfindən xeyli heyrətə gəldilər, onlar heyrət içində gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və semit dillərinə xas olan cizgilər qətiyyən yoxdur. Əksinə, Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dillər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına görə tamamilə başqa bir dildir, Babilistanın digər müxtəlif sakinlərinin danışığına heç cür uyğun gəlmir".
Bu səpkili nümunələr onlarcadır. Şumerşünasların bir çoxu şumer abidələrində işlənmiş sözlərin bu gün də dəyişilmədən türk dillərində işlənildiyini qeyd edirlər. Məşhur şumerşünas S.N.Kra- mer "Tarix şumerdə başlayır" (Moskva, 1965) kitabında "Əkinçinin təqvimi" adlı şumer mətninin tərcüməsində torpaq ölçü vahidi olan qaruş-qarış sözünü olduğu kimi saxlayıb, tərcümə etməyib. S.N.Kramer yazır: "Əkinçiyə hər qaruş torpağı, səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün".
Məlumdur ki, qaruş-qarış sözü bu günün özündə əski mənasını qoruyub saxlamaqdadır. Bu günün özündə belə dilimizdə "bir qarış torpaq" ifadəsi işlənir. Müasir Azərbaycan türkcəsində şumerlərə aid olan bir sıra sözlər mövcuddur. Məsələn, arpa, saman, su, qanun, un, gülab, min, əl, tanrı və s. Ümumən, türk dillərində qədim şumer dilinə xas olan yüzlərlə söz var. Bəzi təqiqatçıların şumerləri eyniləşdirdikləri semit dillərində belə nümunələrə rast gəlmək mümkün deyil. Bu dəyişilməmiş dil faktları da bir daha şumerlərin türklərin sələfləri olduğunu təsdiqləyir.
Türk etnosunun zəngin həyat tərzi, mükəmməl bir mədəniyyət sisteminin yaradıcısı olması, dünya sivilizasiyasında əlahiddə payı olduğu artıq dünya etnokulturologiyası tərəfindən etiraf olunub. Etnosun adını ifadə edən türk sözünün özünün etimoloji açımı "törətmək", "yaratmaq", "qayda-qanun yaradan", "güclü, qüvvətli" mənalarını verir.
Qədim türklər bu gün dünyanın siyasi xəritəsinin böyük bir hissəsini tutan Türküstan adlanan ərazinin sakinləri və sahibləri olublar. Şimalda Köqmən (Sayan) dağlarına, Sibir meşələrinə, Cənubda Tibetə, Şərqdə Sakit okeana, Sarı dənizə, Qərbdə isə Aral gölünə, Xəzər dənizinə, sonralardan isə Qərbi Avropaya uzanmış böyük ərazinı əhatə ediblər. Bu danılmaz faktı tarixin özü təsdiqləyir. Dəfələrlə aparılmış arxeoloji araşdırmalar nəticəsində də sübut edilib ki, qədim Turan (Türküstan) adlanan coğrafi məkanda türklərdən əvvəl hansısa bir etnosun yaşadığını təsdiqləyəcək heç bir maddi mədəniyyət nişanəsi yoxdur. Bu danılmaz faktdan cəsarət və inamla çıxış etmək olar ki, tarixin qədim və ulu xalqlarından olan türklər tarixə yoldaşlıq ediblər. Turan Avrasiyanın mərkəzində yerləşdiyindən Şərqlə Qərb arasında ciddi maddi-mənəvi-siyasi balans və inteqrasiya yaradıb.
Qədim türklər bənzərsiz və dəyərli həyat tərzi yaşayıblar. Türklər köçəri həyat tərzinə üstünlük veriblər. Türklər heyvan sürülərini Böyük Çölün-Turanın dörd tərəfində otarırdılar. Həmin dövrü özündə qoruyub-saxlayan Çin mənbələrində yazılıb: "Həmişə durduqları yer yoxdur, amma hər kəsin özünün torpaq sahəsi var". Çin mənbələrinin məlumatı da təsdiqləyir ki, türklərin hərəkəti, köçü öz torpaqlarının sərhədləri daxilində olub. Yayın istisində dağlara üz tutmuş türklər dağlara qar düşəndə öz sürülərini aşağılara-düzənliyə qaytarırdı. Qədim türklər Turan adlanan öz Böyük Vətənlərinin şərqindən qərbinə, şimalından cənubuna, yaylaqdan arana, istidən soyuğa və əksinə, könüllü köç edirdilər. Dünya sivilizasiyasının inkişafında türklərin mədəni yeniliklərinin böyük rolu olub. Qədim türklər bəşər tarixində ilk dəfə olaraq atı əhilləşdirib, döyüş paltarı və bir çox silah-sursatın yaradıcılarıdır. Türklər heyvandarlıq məhsullarından özləri üçün zəruri olan geyim, məişət və qida ehtiyaclarını ödəyirdilər. Həyat və məişətini öz əlləri ilə quran türklər yemək, geyim, ümumən, həyat və məişətdə istifadə edilən predmet üçün qonşularına möhtac olmayıblar. Mənbələrdə göstərilir ki, Çindən gələn Yuye adlı xacənin hökmdar, Laoşan Şanyuya (Metenin oğlu) verdiyi məsləhət məsələnin əsl mahiyyətini birbaşa açıqlayır: "Sayca hunlar Çinin bir vilayətinin əhalisi ilə müqayisə oluna bilməz, ancaq onlar (hunlar) ona görə güclüdür ki, çinlilərdən fərqli geyimləri və yeməkləri var. Bu məsələdə Çindən asılı deyillər.
Qədim türklərin ilk inamlarından biri şamançılıq olub. Şamanizm Sibir türkləri arasında xristianlıq təşəkkül tapmayana qədər (XVI-XVIII əsrlərə qədər) geniş yayılıb. Şamançılıq da digər inam, inanc formaları kimi, insanların dünyadərkinə, həyat və taleyinin mükəmməl yardımçısı olub. Şamanizmin mayasında təbiəti duymaq, onu hiss etmək, onunla birlikdə olmaq, bir sözlə, təbiətə qovuşmaq dururdu. İnsanoğlu həyatının bilavasitə təbiətdən asılı olduğunu ilkin dövrlərdən açıq-aydın dərk edib. Olumunun və ölümünün yalnız təbiətlə bağlı olduğunu intuisiyası ilə duyan insan onunla birlikdə olmaqdan ötrü təbiətin mübhəmliklərinə əl aparıb. Qədim türklər səhv etməyib. Dünyanıdərk, elə təbiəti duymaqdan başlayıb. Bir daha vurğulayırıq ki, bugünkü təfəkkürə əsaslanıb şamanizmi tədqiq edəndə qədim türklərin dünyaya ilkin baxışının heç də primitiv olmadığını görürük. Əksinə, bəşərin ibtidai inkişaf dövrü üçün şamanizm son dərəcə yüksək dünyagörüşü özündə cəmləyir. İlkin dövrlərdən türklər dünyanın inkişafını əksiliklərin vəhdətində axtarıb, dualist baxışa yiyələniblər. Elə bu dualist baxışın əyani nəticəsidir ki, hər şeyə əksliklərin vəhdətində baxan qədim türklər şamanları da iki qrupa bölüblər: ağ və qara şamanlar. Əski türk soyu yerüstü tanrısı Ülgenin rəngini "ağ" qəbul edib. Türk xalqları olan buryatlarda, yakut və altaylarda ağ və qara şamanlıq geniş yayılıb. Qara şamanlıq adi idi. Ağ şamanlıq birbaşa xeyirxah ilahələrə xidmət edirdi. Ağ şamanlığın mahiyyətində birbaşa xeyrə, işığa qovuşmaq dururdu. Buryat və yakutlarda dəmirçi ilə şamanı eyni mövqedə təsəvvür edirdilər. Onlarda belə bir düşüncə hakim idi ki, dəmirçi şamana bərabərdir və hətta ondan güclüdür. Elə bu inamın nəticəsi idi ki, yakutlar deyirdilər: "Dəmirçi ilə şaman bir yuvadandır".
Buryatların inamınca isə dəmirçi şamanı qeyri-adi şəkildə öldürə bilər, şaman isə dəmirçini öldürə bilməz. Buryatlar şamanları oldugu kimi, dəmirçiləri də ağ və qara adı ilə iki yerə bölürdülər. Onlar qara dəmirçilərdən qorxardılar. Belə bir inam var idi ki, qara dəmirçilər insan ruhunu yeyə bilərdilər.

X.Göyyallı