Xalq artisti Ramiz Quliyev vəfat edib Mədəniyyət

Xalq artisti Ramiz Quliyev vəfat edib

Xalq artisti Ramiz Quliyev vəfat edib.

Bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Əyyub Quliyev atasının müalicə olunduğu xəstəxanada səhər saatlarında vəfat etdiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Ramiz Quliyev 1947-ci ildə Ağdam rayonunda anadan olub. 1960-cı ildə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

1974–1992-ci illər ərzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. ölkələrdə konsertlər verib.

"İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şərəf” , “Şöhrət”, ordenləri, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.