Xalq teatrları üçün seminar Mədəniyyət

Xalq teatrları üçün seminar

Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma" mövzusunda seminar keçirilib.
Seminarın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatların müəyyənləşdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsidir.
Gəncə, Bərdə, Kürdəmir, Ağdaş Regional Mədəniyyət idarələrinin nəzdindəki Mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Mərkəzin əməkdaşları Elnarə Hacıyeva, Hikmət Nəbili və digərləri çıxış ediblər. Tədbir çərçivəsində Mərkəz tərəfindən hazırlanmış ssenari əsasında Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrının aktyorları Elnurə Babayeva, Rüfət Quliyev və Qədir Abbasov yeni formatda interaktiv səhnəsiz tamaşa nümayiş etdiriblər.
Asif Usubəliyev yüksək texnologiyalar zamanında ənənəvi teatrı ancaq müasir yanaşmasının yaşadacağını vurğulayıb.
Qeyd olunub ki, xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, istedadlı aktyorların üzə çıxarılmasına kömək edir. Xalq teatrları gənclər üçün çox lazımlıdır. İstər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində xalq teatrları fəallıq göstərməli, eksperimental tamaşalar qurulmalı, gənc istedadlı və cəsarətli rejissorlardan istifadə edilməlidir.
Sonda mövzu ətrafında geniş diskussiya aparılıb və xalq teatrının üzvlərinə sertifikat təqdim edilib.