Aşıq Mirzə Bilal: ulusal ruhun ərdəmli ötürücülərindən biri Mədəniyyət

Aşıq Mirzə Bilal: ulusal ruhun ərdəmli ötürücülərindən biri

Aşıq sənəti xalqımızın möhtəşəm döyüşkənlik ruhunu ifadə edir, xalq ruhunu tam mənasıyla anlamağa imkan verir. XX yüzildə Şirvan aşıq mühitindən danışarkən yadımıza ilk növbədə XIX əsrin sonu, XX əsrin 30-cu illərində yaşamış məşhur sənətkar, ustad Aşıq Mirzə Bilal düşür.
Onun aşıq sənətində etdiyi yeniliklər, yaratdığı saz havaları, bağladığı dastanlar, ümumiyyətlə, zəngin repertuarı haqqında danışmaq, bu barədə bilgiləri sabaha çatdırmaq, başlıcası, faciəli taleyinin qatlarını araşdırmaq qarşımızda insani borc olaraq durur.
Az vaxtda Mirzə Bilal təkcə Şirvanda deyil, Azərbaycanın bir çox bölgələri, eləcə də İran, Dağıstan, Orta Asiya, Gürcüstan və İrəvanda məşhur olub. Azərbaycan xalq dastanları ilə yanaşı, Şirvanın klassik — "Aşıq Saleh və Maral", "Koroğlunun Şirvan səfəri", "Şirvanlı Qəhrəman şah", "Şahzadə Qasım", "Miskin Baba və Nigar xanım", "Aşıq Ağaməmməd və Məryəm", "Küçə Rza", "Mustafa və Sənəm xanım", "Adgözəl və Aslan şah", "Zəncanlı Qurban", "Kərəmin Beşdaş səfəri" dastanlarını dəqiq bildiyi kimi, ustalıqla da ifa edib. "Səfiyyə və Ziyad", "Aşıq Bilal və Soltan xanım", "Yetim Soltan", "Mustafa xan", "Aşıq İbrahim və Pəri", "Aşıq Bilal və Sənəm", "Həzrət Baba" adlı dastanlar bağlayan Aşıq Bilal 60-dan artıq klassik saz havalarını bacarıqla ifa edib, 15-dən artıq saz havası bəstələyib.
Aşıq Mirzə Bilal haqqında bu gün biz daha çox onun bilginliyi sarıdan, yəni dastançılığı, şairliyi, yaratdığı havacatlar əsasında danışırıq. Hayıf ki, Mirzə Bilalın ustad səsi bizə gəlib çatmayıb, haqqında uzun müddət danışmaq yasaq olub. Ancaq xalqın yaddaşında Aşıq Bilalla bağlı yaşayan xatirələr, ürəklərdə və ağıllarda qalan əməlləri ölməzliyinin sübutu olub.
Prof. Azad Nəbiyev yazır ki, Aşıq Mirzə Bilal klassik aşıq yaradıcılığı ənənələrinin davam etdirilmə¬sində kifayət qədər xidmətlər göstərmişdi. Mirzə Bilal aşıq yaradıcılı¬ğının klassik ənənələrini ardıcıllıqla davam etdirdi¬yinə, yaydığına görə repressiya qurbanı olmuşdu. Cinayət işinə iki imzasız məktub, Məsud adlı bir "aşıqla" üzləşmə aktı, Mirzə Bilalın Molla Qasıma iki nəzirəsi – "Gözlər", "Yol dərgah yoludur" qoşmaları, "Sirat körpüsü", "Olmaz-olmaz", "Oktyabr işıqları" gəraylılarının əlyazmaları əlavə edilmişdi.
Seyfəddin Qəniyevin Mirzə Bilalla bağlı qənaətləri maraqlıdır: "Seyid Əzimin məktəbini uğurla başa vuran Bilal dostları arasında Mirzə Bilal adı ilə tanınır, sevilir. O, ustadı Seyid Əzimdən ərəb və fars dillərini, Mirzə Məhəmmədhəsəndən muğam sənətinin sirlərini öyrənir. El məclislərinə həm aşıq, həm də xanəndə kimi getməyə başlayır".
Mirzə Bilal həm də Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı bəzi məsələlərə şeirlərinin dili ilə münasibətini ifadə edə bilib. Erməni hücumu zamanı əhalinin faciəyə düçar olmaması üçün əlindən gələni əsirgəməyib, kəndin könülləri ilə birgə çoxunu qırğından xilas edib. Kənd ermənilər tərəfindən yandırılıb, əhalinin bir hissəsi isə öldürülüb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı İcraiyyə Komitəsinə üzv seçilib, bir neçə kəndə nümayəndə təyin edilib.
1937-ci il iyul ayının 15-də aşığı həbs edirlər, əmlakını müsadirə edirlər, illərlə ustadlardan topladığı Şirvan aşıqlarının şeirlərini, dastanları, özünün yazdığı yüzlərlə şeir olan dəftərləri, hətta cürə sazını da aparırlar.
Haqqında tərtib edilmiş protokolda qeyd edilir: "Şamaxı rayonunun Qəşəd kənd sakini, 1872-ci ildə anadan olmuş… az savadlı, sənəti aşıq (həbs olunana qədər həmin sənəti işlədib). Təqsirli bilinir ona görə ki, İ.İbrahimovun başçılığı altında sovet hökumətinə qarşı əks-təbliğat aparıb, həmin şəxsin əksinqilabi tapşırıqlarını yerinə yetirilməsi, Qəşəd kəndində əksinqilabçı qrupun yaradılmasında, millətlərarası şaiyələr yayılmasında, sovet hökumətinə qarşı silahlı üsyan hazırlanmasında fəal iştirakına görə… ciddi rejimdə saxlanılsın".
13773 saylı cinayət işinin 4 cilddə cəmləşmiş 18735 saylı protokolu: Dindirilmə protokolundan bəlli olur ki, aşıq həbs ediləndən - 15 iyun 1937-ci il tarixdən həmin ilin noyabrına kimi 5 dəfə dindirilib.
Aşıq Bilal kimlərlə "əlbir olub": Şamaxı rayon partiya komitəsinin katibi Xəlfə Hüseynov, rayon İcraiyyə Komitəsinin sədri İsrafil İbrahimov, eləcə də Həmid Sultanov, rayon prokuroru Əmirov, rayon torpaq şöbəsinin başçısı H.Yurxanov, rayon təhsil şöbəsinin müdiri Süleymanov, rayon partiya komitəsinin instruktoru M.Mehdiyev, rayon hərbi komissarı Paşayev və başqaları ilə antisovet təbliğatı apardığı, Ləngəbiz-Qəşəd kəndlərində silahlı üsyan hazırlanmasına başçılıq etdiyi üçün" həbs edilib.
"Şamaxı rayonunda Sovet hakimiyyətinə qarşı fəal iştirakçılardan biri", Guya "Qəşəd kəndində Sovet hökumətinə qarşı aparılan təbliğatın rəhbəri", "üsyana hazırlıqla bağlı silah almış" aşıq ilk dindirmədə günahı olmadığını cəsarətlə bildirir, sonrakı dindirmələrdə (5 avqust, 8 noyabr) əzablardan sonra deyilənləri təsdiq etməli olur.
İstintaq materiallarından:
"Sual: Siz nəyə görə səsvermə hüququndan məhrum olmusunuz?
Cavab: Guya mən 1922-cii ldə muzdur saxlamışam. Ona görə 1922-ci ildə səsvermə hüququndan məhrum edilmiş, 1934-cü ildə bəraət almışam.
Sual: Siz kulak olmusunuzmu və muzdur saxlamısınızmı?
Cavab: Mən kulak olmamışam. Heç kimin əməyini istismar etməmişəm. Ancaq 1924-26-cı illərdə hər il yay mövsümü ilə əlaqədar şəxsi adamlar təsərrüfat işlərində mənə kömək edirdilər.
Sual: Bəs siz 1927-ci ildə muzdur saxlamısınızmı?
Cavab: Xeyr, mən nə 1927-ci ldə, nə də sonrakı illərdə muzdur saxlamamışam və başqalarının əməyini istismar etməmişəm.
Sual: Müsavat hakimiyyəti zamanı yüzbaşı olmusunuzmu?
Cavab: Bəli, mən 1918-ci il sentyabrın 21-dən noyabrın 30-na kimi, yəni 40 gün Ləngəbiz kənd sahəsi üzrə seçki yolu ilə yüzbaşı seçilmişəm.
Sual: İstintaq zamanı aydınlaşdırılıb ki, siz yüzbaşı işlədiyiniz zaman bir muzduru öldürmüsünüz. Bunu boynunuza alırsınızmı?
Cavab: Dediyim kimi heç zaman muzdur işlətməmişəm. Və heç bir muzduru öldürməmişəm.
Sual: Siz Sovet hakimiyyətinə qarşı əks təbliğat aparanda kimlərlə əlaqəli olmusunuz?
Cavab: Mən heç vaxt Sovet hakimiyyətinə qarşı əks təbliğat aparmamışam və heç kimlə əlaqədar olmamışam.
Sual: İstintaq məlum edir ki, siz kəndlilərin arasında dövlətə qarşı fəal təbliğatçı olmusunuz, düzdürmü?
Cavab: İnkar edirəm, mən heç bir zaman antisovet təbliğatı aparmamışam.
Sual: Siz düz danışmırsınız! Siz vaxtaşırı Sovet hökumətinə qarşı fəal əks təbliğatçı olmusunuz. Təklif edirik ki, dediklərimizi təsdiq edəsiniz.
Cavab: Mən isə bir daha deyilənlərin hamısını təsdiq edirəm. Heç vaxt Sovet dövlətinə qarşı əks təbliğat aparmamışam.
Dindirdi: Dövlət Təhlükəsizlik Komitəsi, 4-cü şöbə, leytenant Q.B.Martirosov".
Həbsxanada uzunmüddətli işgəncələrdən sonra saxta ittihamlara məcburiyyət qarşısında imza atan aşıq həmin il noyabrın 26-dan 27-nə keçən gecə erməni Q.B.Martirosovun qərarı və Sumbatovun göstərişi ilə 65 yaşında güllələnir. Həmin gecə onunla birlikdə 50 nəfər öldürülür.
Prof. Məhərrəm Qasımlının fikrincə, aşıqlara bolşevizmin təbliği kimi boğazdan yuxarı missiyanın yüklənməsi öz işini gördü. Bu tipli mövzulara etiraz edən Mirzə Bilal, Borsunlu Məzahir, Mikayıl Azaflı, Kəmsavad kimi saz-söz sənətkarları repressiya, həbs və mənəvi təzyiqlərə məruz qaldılar.
Akademik Rafael Hüseynov Mirzə Bilalla bağlı yazır: "Əslində Mirzə Bilal çoxdan qara siyahıda idi. Onun söz deyən dili vardı".
Araşdırmaçı Qalib Soltanoğlu məşhur balabançı haqqında olan "Kalvalı Əli Dədə" kitabında Aşıq Mirzə Bilalla ustad Əli Kərimovun dostluğunu örnək kimi təqdim edir. Hər iki sənətkar ilqarlı olduqlarından oğlanlarının adlarını Ağalar qoyurlar. Bilal oğlu Ağalar (1913-1988) aşıq, Əli oğlu Ağalar (1906-1976) isə müəllim olur. Adaşların dünyaya gəlişlərinə diqqət yetirsək, Əli oğlu Ağaların yeddi yaş Aşıq Ağalardan öncə doğulduğunu görərik. Belə nəticə çıxarmaq olar ki, Aşıq Bilal öz dostu Əlinin oğlunun adını dostluqlarını yaşatmaq üçün oğluna da qoyub".
Aşıq Şamilin xatirəsi: "1930-cu illərdə Sovet dövlətini, ölkəni "əksinqilabi qüvvələrdən" təmizləmək üçün Şamaxıda da həbslər artırdı. Nəhayət, ustadımız Aşıq Bilala növbə çatdı. Xəbər tez bir zamanda Şamaxını başına götürdü. Bazara gəlib-gedənlər bu qəmli xəbəri bütün kənd və obalara çatdırdı. Qorxunuzdan danışa bilməsək də, dərd bizim idi. Toy sezonu olmasına baxmayaraq həmin ilin yayında mən, Aşıq Abbas, Kalvalı Əli, Aşıq Qurbanxan toya getmədik. Gedənlərimiz də qorxumuzdan dilimizin əzbəri olan Aşıq Bilal repertuarına müraciət edə bilmirdi. Onun düzdüyü dastanları oxumadıq, havaları çalmadıq".
Kalvalı Əli Dədənin nəvəsi Ağasəf Seyidovun dediyinə görə, ustad heyfsilənərək hey deyirdi: ""Şirvan aşıq sənətinin bel sütunu idi Mirzə Bilal. Yazığı günahsız tutdular". Onun bir şəklini qoruyub saxlamışdı. Ömrünün son günlərinə kimi hər gün o şəklə baxardı".
Əli Dədənin vaxtilə söylədiyinə görə, onu Mirzə Bilalla dostluq etdiyinə görə keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin İsmayıllı rayon şöbəsində o ki var incidiblər. 1937-ci ildə İsmayıllıda müstəntiq biləndə ki, Əli kişi musiqiçidir, ondan tələb edib ki, balabanda bir hava çalsın. Ustadın dediyinə görə, bir tərəfdən oğlunun suçsuz tutulması, başqa yandan dostu Mirzə Bilalın uğursuz taleyini düşünüb yastı balabana güc verir. Ustad həmişə balabanını üstündə gəzdirərmiş. Əski bir el havasını səsləndirir. Bir də onu görür ki, müstəntiqin gözləri çox uzaqlara dikilib. Sonda Əli kişiyə deyir ki, gedə bilərsən. Əli kişini ölməz sənəti çətin anda belə qurtarır…
Qalib Sayılovun Mirzə Bilala həsr etdiyi monoqrafiyada da onun həyatı ilə yanaşı yaradıcılığı, sənətkarlıq keyfiyyətləri araşdırılır. Müəllif bu qənaətə gəlir ki, Mirzə Bilalın şeirləri özüylə birgə repressiya olundu. XX əsrin əvvəllərində, yəni 37-ci ilə qədər Azərbaycanda ən çox çap olunan Aşıq Mirzə Bilal olub. O, Azərbaycan aşıqlarının I qurultayında aşıqlar adından çıxış edib. Sənət¬karlığı ilə yanaşı elmi səviyyəsi də çoxlarına xoş gəlməmişdi. Sovet imperiya xofu, qorxusu Bilal haqqında çalıb-çağırmağı yasaq etdi.
Bu gün Aşıq Mirzə Bilalın faciəli həyatının bizə məlum olan səhifələrini vərəqlədikcə onun xalqa gərəkli olan ömrünün yarıda qırılmasına heyfsilənirik. Hər şeydən öncə ona görə ki, bu kimi yaradıcı insanların məhv edilməsi xalqımızın ruh yaddaşının qoruyucularının azalmasına səbəb oldu. Düzdür, nəinki Şirvan, ümumiyyətlə, Azərbaycan aşıq sənətinin ənənəsi bu gün də yaşamaqda, inkişaf etməkdədir. Deməli, bu və başqa yaradıcı sahələrdə tarix boyunca itkilərimiz olsa da, ulusal ruhumuz ölməyib, itməyib. Ulusal ruhun yaşadıcıları, qoruyucuları isə ulus (xalq) ruhuna yetkin şəkildə yiyələnən insanlardır. Aşıq Mirzə Bilal hər şeydən öncə ulusal ruhun ərdəmli ötürücülərindən biridir.

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Elçin Qaliboğlu