Dərələyəzli Aşıq Cəlil Mədəniyyət

Dərələyəzli Aşıq Cəlil

Dərələyəzli Aşıq Cəlil Dərələyəz aşıq mühitinin ustad aşığıdır, bu mahalın Sallı kəndindəndir. Bu böyük aşığın indiyə qədər cəmi beş şeiri,yəni üç qoşması və iki təcnisi dövrümüzə qədər gəlib çatıb. Aşıq Cəlil həm də Dərələyəz aşıq mühitində bəstəçi aşıq kimi də tanınmışdır. Onun on iki aşıq havası məlumdur. Bu ustad aşığın on beş şəyirdi olmuş,onların arasında el sənətkarının üç oğlu da bu sənətə könül verib. Aşıq Cəlil haqqında xüsusi araşdırma, tədqiqat aparılmayıb. Gələcəkdə belə araşdırmaların aparılması Aşıq Cəlilin ədəbi irsinin ətraflı işıqlandırılmasına imkan yaradacaq.
Dərələyəz mahalı da Göyçə mahalı kimi sazın-sözün məskənidir. Daha doğrusu,bu ərazi Göyçə ilə qonşuluqda yerləşir. Bu mahalları bir-birindən Səlim gədiyi ayırır. Dərələyəzin Sallı, Hors, Qabaqlı,Qaraqaya kəndləri aşıqlar yurdu sayılıb. Bu kəndlər arasında Sallı kəndi xüsusilə seçilirdi. Dərələyəz aşıq mühitinin formalaşması və inkişafı təbii ki, Göyçə aşıq mühiti ilə qarşılıqlı təmas və mədəni münsibətlərlə bağlıdır. Göyçə aşıqlarının Dərələyəz mahalına toy-düyünə çağrılması inkşaf ahənginin eyni axarla getməsinə geniş imkan və şərait yaradıb. Bunlardan əlavə, gah Göyçə aşıqlarının Dərələyəz aşıqlarını,gah da əksinə - Dərələyəz aşıqlarının Göyçə aşıqlarının saz-söz meydanına çağırması və sənət imtahanına çəkməsi də inkişafda az iş görməyib.
Dərələyəz aşıqları haqqında Qulu Kazımov maraqlı məlumatlar verir. O,tanınmış el sənətkarı Aşıq Cəlil haqqında,Sallı kəndinin aşıqlar beşiyi olması barəsində mülahizələr irəli sürür,Aşıq Cəlilin on iki saz havası yaratmasını nəzərə çatdırır. Bu qeydlərdən məlum olur ki,Aşıq Cəlilin üç oğlu və iki nəvəsi aşıq kimi fəaliyyət göstəriblər. Aşıq Cəlil haqqında məlumatlar kifayət qədər çox deyil, üstəlik onun ədəbi risi də az öyrənilib. Bu böyük aşıq haqqında Ə.Şamilovun və N.Əhmədlinin mülahizələri diqqətəlayiqdir.
Aşıq Cəlil 1868-ci ildə (el sənətkarının doğum ili tədqiqatçı N.Əhmədlinin araşdırması nəticəsində dəqiqləşdirilib) Dərələyəz mahalının Sallı kəndində anadan olub. Sallı kəndi aşıq və şairlər məskəni kimi tanınır. Burada Aşıq Cəlil, Şair Təhməz,Dəllək Xələf, Aşıq Əsəd, Şair Alhüseyn, Şair Ağamurad, Şair Rzaqulu, Aşıq Qulu,Aşıq Bəhman, Aşıq Mirzalı, Şair Rəhman kimi saz-söz xridarları yetişiblər. Aşıq Cəlilin ustadı Aşıq Abbas olub. Professor H. Mirzəyev bu aşığın Cənubi Azərbaycandan olduğunu yazır.O,göstərir ki,daha sonralar Aşıq Alı və Aşıq Ələsgərlə də təmasda sənətin sirlərinə vaqif olub. Aşıq ömrünün son illərini Naxçıvanın Dizə kəndində keçirib, burda da həyatdan gedib. Maraqlıdır, bu günə qədər Dərələyəzli Aşıq Cəlil haqqında ətraflı araşdırma, tədqiqat yoxdur, aparılmayıb. Ayrı-ayrı alimlər,elm xadimləri bu tanınmış el sənətkarından söz açsalar da, aşığın yaradığılığı kifayət qədər vaxtında toplanıb yazıya alınmadığından onun ədəbi irsi araşdırılmayıb, aşığın istər Dərələyəz aşıq mühitində, istərsə də Azərbaycan aşıq sənətində yeri, mövqeyi öz əksini tapmayıb. Məlumat üçün deyim ki, mən Aşıq Cəlilin on beş şəyirdindən birinin-Aşıq Bəhmanın nəvəsiyəm. Aşıq Bəhman mənim ata babamdır. Buna görə də Aşıq Cəlil haqqında söz deməyə, mülahizə söyləməyə mənəvi haqqım var. Həm də mənsub olduğum Mustafayevlər soy-kök şəcərəsi də Sallı kəndindəndir. Buna görə də bu iş mənim borcumdur.
Aşıq Cəlilin dövrümüzə cəmi beş şeiri gəlib çatıb. Bunlardan üçü qoşma, ikisi təcnisdir. Bu qoşmalardan ən çox diqqət çəkəni "Hardasan" qoşmasıdır. Bu şeir olduqca əhəmiyyət daşıdığından mən onun əksər hissəsini olduğu kimi verməyi məqsədə uyğun hesab etdim. Aşıq Cəlil deyir:

Soruşmursan dost-tanışdan hardasan?
Sağım yağı,solum düşmən,dardayam.
Dörd bir yanım dəmir qəfəs tordayam,
Yetiş dada,canım-gözüm,hardasan?

Yapon bu yerlərdə meydan sulayır,
Nijde belimizdə ocaq qalayır.
Yurdumuzda-yuvamızda bayquş ulayır,
Sönür od-ocağım,gözüm hardasan?

Şeirdən də göründüyü kimi, əvvəlki bənddə müəllif özünün çətinlikdə, darda olduğunu "sağım yağı", "solum düşmən", "dörd bir yanım dəmir qəfəs" ifadələri ilə bildirir. Bunun nə ilə bağlı olduğu isə növbəti bənddə tam aydınlığı ilə təsvir edilib. Yapon adlı qəddar erməni komandirinin meydan sulamasını, Nijde kimi cəlladın adamların belində od qaladığını deyir,buna görə də yurd-yuvada bayquşların ulaması göstərilir. Burada Arpa qayası, Civə, Sallı,Ərgəz, Leyliqaçan, Bülbülölən kimi toponimlər sadalanır,bu yerlərdə yaşayanların müsibətdə qaldığını göstərir. Bu şeir Aşıq Qərib Hasanın aşağıdakı şeiri ilə səsləşir. Aşıq deyir:

Harda qalıb türkün əri, igidi,
Yandırıblar qocaları, seyidi.
Aman Allah, itlər yeyir meyidi,
Basdırmağa yoxdu xəlvət guşə bax.
Evlər uçub, oba tüstü-dumandı,
Yanan insan, demə otdu-samandı.
Müsəlmanın halı necə yamandı,
Ayıqlığı edəcəkmi peşə, bax.

Professor A.Ağbaba haqlı olaraq yazır: "Ümumuyyətlə, Ağbaba-Çıldır aşıqlarının poesiyasında deportasiya və soyqırımın bədii inikasının geniş bir çevrəni əhatə edib. Azərbaycan aşıq yaradıcılığının özünəməxsus bir cəhəti kimi səciyyələndirmək, fikrimcə,daha doğru olardı. Çünki adı çəkilən bölgələr qeyd etdiyimiz kimi,digər aşıq mühitlərindən fərqli olaraq daha çox rus və erməni təcavüzünə məruz qalıb. Həm də bu təcavüzün ən çirkin,ən qeyri-humanist bir çevrədə həyata keçirilir, xalqın dini-mənəvi dəyərləri də təhqir olunurdu".
Müəllifin digər qoşması ("Olar") həm məcazlarına görə,həm də didaktik ruhda yazıldığına görə xüsusilə cəlbedicidir. Aşıq Cəlil yazır:

Xəstə sağalarmı ağı olmasa,
İgid seçilərmi yağı olmasa.
Sinədə qohumun dağı olmasa,
Qaçarda ceyrannan ötüşmək olar.

Cəlilin dilində, qəlbində Allah,
Keçər günahından, keçər şahənşah.
Böyük ustadlardan dərs alıb, vallah,
Ustadlıq adına yetişmək olar.

Aşıq Cəlilin üçüncü qoşması ("Bilmərəm") "dedim,dedi" formasındadır, sadəcə burada müəllif bunu "dedilər,dedim" kimi verib. O deyir:

Dedilər: Çatginən şana-şöhrətə,
Dedim: Çatmamışam, çata bilmərəm.
Dedilər: Ləzzət var arsız ömürdə,
Dedim: Görməmişəm, görə bilmərəm.

Dedilər: Sağlam gör görsən hər kəsi,
Dedim: Təbiblərə etmərəm bəhsi.
Dedilər: Cənnətdi namərd kölgəsi,
Dedim: Yatmamışam, yata bilmərəm.

Dedilər: Ay Cəlil, gəl eyləmə naz,
Dedim: Rüzgara ərkim var bir az.
Dedilər: Mənliyin satmasan olmaz,
Dedim: Satmamışam, sata bilmərəm.

Şeirdə sadalanan ifadələr ("Şana-şöhrətə çatmaq", "ləzzət var arsız ömürdə", "cənnətdi namərd kölgəsi","mənliyini satmasan olmaz") ancaq alçaq xislətli, bimürvət, naxələf insanlara məxsus sifətlərdir. Əslində böyük aşıq bununla insanın müsbət xasiyyətli olduğunu yada salır, yaxşını qoyub pisə meyl etməni təqdir etmir. Bunu da ustadlar sayağı sözündə-şeirində göstərir, xalq müdrikliyini yaşadır. Əslində bu,ustad aşığın el arasındakı vəzifəsi, ağsaqqallıq borcudur. O.Əfəndiyev yazır: "El gözündə aşıq məclislər yaraşığı,el ağsaqqalı kimi qiymətləndirilir. Elin belə yüksək qiymətini doğrultmaq üçün aşıqlar el gözündə uca olmağa, öz sənəti,mərifəti,biliyi ilə xalqa xidmət etməyə çalışıblar".
Müəllifin şeirlərinin birində dualizm daha qabarıq verilir. Bunu aşığın aşağıdakı misrasında aydın görmək olar:

Astar kimi doğulanlar qoy bilsin,
Gözləməsin gəlib ondan üz ola.

Buradan da göründüyü kimi, astar üz ola bilməz,bu tərslə ovand kimidir. Müəllifin burada "üzündə də üz ola" ifadəsi ilə üzdə abır-həyanın olmasını xatırladır. Aşıq Cəlilin ədəbi irsi təbii ki,elə bu bəhs olunan beş şeirdən ibarət deyil. Bəs nəyə görə bu görkəmli aşığın yaradıcılığı kifayət qədər vaxtında toplanıb yazıya alınmayıb? Bunun əsas səbəblərindən biri Qərbi Azərbaycanda erməni zülmü və vəhşətidir.Digər tərəfdən Aşıq Cəlil 1905-1907, 1915-1920-ci illərdə baş verən erməni vəhşətlərini, dəhşətli 37-ni, repressiyaları, 1948-1953-cü illərdəki deportasiyanı görmüş adamdı. Eyni zamanda Sovet İttifaqı dövründə siyasi motivli şeirlərə qadağa qoyulmuş,həm də namərd ermənilər hökumət tərəfindən himayə olunurdular.Yeri gəlmişkən qeyd edim ki, babam Aşıq Bəhman Azərbaycana deportasiya olunundan sonra on bir yerdə ev tikməli olsa da,buralarda binə bərkidə bilməmiş,axırda Xaçmazın Arzu qəsəbəsində bənd alıb qalmışdı. Bəli, repressiyalar, soyqırım, deportasiyalar Qərbi Azərbaycandan olan sənət adamlarına, el sənətkarlarına da amansız zərbə vurdu, onların yaradıcılığının vaxtında-vədəsində toplanıb yazıya alınmasına imkan vermədi. Didərginlik, köçkünlük, yurdsuzluq bu həssas qəlbli adamlara dərd və bəla gətirdi. Bu deyilənlərdən aşağıdakı nəticələrə gəlmək olar:
1. Aşıq Cəlil Dərələyəz aşıq mühitinin ən görkəmli nümayəndəsidir, yəni Göyçədə Aşıq Ələsgərin məqamı necədirsə, Dərələyəzdə də Aşıq Cəlilin belə məqamı var.
2. Aşıq Cəlil Dərələyəz aşıq mühitinin yeni aşıq havalarının yaradıcısıdır. Regionun on iki saz havasının müəllifidir.
3. Aşıq Cəlil həm də Sallıdakı Cəlil ocağının yaradıcısıdır. Aşığın qardası Aşıq Məhəmməd,aşığın üç oğlu və iki nəvəsi el sənətkarları kimi tanınıblar. Təbii ki, onların bədii yaradıcılıqları da olub. Cəlil ocağı da Ələsgər ocağı kimi ətrafına aşıqları və el şairlərini toplayıb, Dərələyəz aşıq mühitinin formalaşmasına və inkişafına imkan yaradıb. Aşıq Cəlillə,Cəlil ocağı ilə bağlı tədqiqatların bundan sonra da aparılacağına, mühitə məxsus regional saz havalarının musiqi yönümündən də araşdırılmasına inanıram.

Afaq Mustafayeva